Rusiyadan üz döndərmək prestijdir - KÖŞƏ

14:31 | 31.10.2013
Rusiyadan üz döndərmək prestijdir - KÖŞƏ

Rusiyadan üz döndərmək prestijdir - KÖŞƏ

Cavid Ramazanlı  Moskvada metro stansiyalarından birində bir yığın rus gənci toplaşıb şüarlar qışqırır. Qatar gəlir və şüar qışqıran gənclər vaqonlara daxil olaraq, "Qafqazlı”, "asiyalı” sifət cizgiləri olanları axtarırlar ki, tutub döysünlər. Bu dəfə əllərinə orta asiyalılar keçir, bu miskin, yazıq insanlar onları vəhşicəsinə döyənlərə əl-qol ataraq, guya müdafiə olunurlar. Vaqonlara girə bilməyən rus gənclər isə bir ağızdan qışqırırlar: "Öldür, öldür, öldür!!!” Polis isə kənarda durub baxır...İnternetdə axtarış versəniz, çox sayda belə videolarla qarşılaşa bilərsiniz. Saysız-hesabsız millətlərin, etnik qrupların yaşadığı Rusiya Federasiyasında ruslar "qeyri-rus”lara qəzəblidirlər..."Orxan Zeynalov” həngaməsi ortaya çıxandan bəri, bu ölkədə baş verənləri diqqətlə izləməyə çalışıram. Barmaqla sayılacaq qədər intellektualdan başqa, bu barədə normal danışan, tolerant fikir bildirən adama hələ ki, rast gəlməmişəm. Beş-altı xırda-xuruş istisna, insani, sağlam mövqe, vəssalam, o boyda Rusiyadan tək-tük normal rəy gəldi. Bir xeyli adam isterika qaldırıb miqrantlara, qafqazlılara, orta asiyalılara qarşı kin püskürür, qalanlar isə sakitcə durublar. İndilərdə Rusiyada ən çox təqibə, təzyiqə, təhqirə məruz qalanlar qafqazlılar, əsasən azərbaycanlılar və ermənilər, bir də orta asiyalılardır. Şərqi Avropanın özünə hörmət edən xalqları Rusiyadan çoxdan üz döndəriblər. Gürcüstan isə Rusiyadan imtina edəndən sonra, özünü xilas etdi. Rüşvət problemi həll edildi, şəffaf seçkilər keçirildi, demokratik dəyərlərin formalaşması üçün ciddi addımlar atıldı.Gürcüstanı misal çəkirəm, çünki bu ölkə də Qafqazda qonşuluğumuzda yerləşir, bu ölkə də bir vaxtlar rüşvət bataqlığında boğulurdu. İndi isə belə deyil. Ümid edək ki, şən, azadlıqsevər, məğrur gürcü xalqı bu yolda daha da ciddi nailiyyətlərə imza atacaq. Əgər o, xilas ola bilsə, digər Qafqaz ölkələrini də arxasınca apara biləcək. Mixail Saakaşvilinin BMT tribunasından Rusiya haqqındakı tarixi çıxışını isə, məncə, hər bir qafqazlı dinləməlidir... (https://www.youtube.com/watch?v=q7a-OBqbdUM) "Orxan Zeynalov” şousundan bir müddət əvvəl, ermənilər də Rusiyanın əlindən yanıqlıydılar. Orxan Zeynalov kimi cinayət törətməkdə şübhəli bilinən bir erməni məhkəmə zalına qadın paltarında gətirilmiş, nümayişkaranə şəkildə təhqir edilmiş, bu da Ermənistanda etirazlara səbəb olmuşdu. Bundan sonra Rusiya Ermənistanı dartıb "Gömrük ittifaqı”na saldı, məsələ həll olundu. Sonra da "Orxan Zeynalov” isterikası ortaya çıxdı, növbə Azərbaycana çatdı. O qədər bəsit, kobud ssenari idi ki, dünyaya ağalıq etmək istəyində olan ölkənin burnufırtıqlı baxça uşaqlarının da anlayacağı siyasi təzyiq vasitələrinə əl atdığını görəndə,  heyrətlənməmək mümkün olmurdu. Bu, Rusiyanın adına, misli görünməmiş biabırçılıq, elə ruslar demiş "pazor” idi.  Rusiyada təqibə məruz qalan azərbaycanlılar, ermənilər, orta asiyalılar o ölkələrin nümayəndələridir ki, orada hələ də Rusiyaya böyük bir heyranlıq var, bu ölkələrdə çox sayda rus dilinin, rus mədəniyyətinin daşıyıcısı olan insan yaşayır. Elə öz ölkəmizdən danışaq. Azərbaycanda böyük rus icması yoxdur, ancaq çox sayda rus dilində məktəb var. Hər bir dövlət universitetində rus dili fakültələri mövcuddur. Azərbaycanda hələ də insanları işə götürərkən onlardan rus dilini bilmək tələb olunur. Azərbaycanın burjuaziyası, elitası rus dillidir. Onlar nə qədər "Biz xamımız azərbaycanlıyıq” desələr də, belə deyil. İnsan hansı dili daha yaxşı bilirsə, hansı dildə düşünürsə, o dilə, o mədəniyyətə mənsubdur. Rus dilli azərbaycanlı nə rus kimi rus, nə də azərbaycanlı kimi azərbaycanlıdır, o, ortada qalıb. Rusiyada onu "Azer” adlandırırlar, Azərbaycanda isə ünsiyyətə açıq deyil, nə qədər bəlli etməməyə çalışsa da, xalqa yuxarıdan aşağı baxır, hərdən bir də ağzını büzür ki, Azərbaycan dili zəngin dil deyil. Tipik rus dilli azərbaycanlı ayda 1000-1500 manat əməkhaqqı almaqla, gözlərini rahat şəkildə bağlayır, ona verilən imtiyazlardan istifadə edərək, şad-xürrəm həyatını yaşayır. Fəxr edir ki, Dostoyevskini, Tolstoyu orijinaldan oxuyur, amma yaşadığı cəmiyyətin, mənsub olduğu xalqın problemlərini, ağrı-acılarını hiss etmir, duymur. Rus dilli azərbaycanlı da rüşvət verir, rüşvət alır, yeri gələndə yaltaqlanır, saxtakarlıq edir. Yəni aralarında elə də ciddi fərq yoxdur. Böyük əksəriyyət belədir, istisnalar isə qaydanı pozmur... O haqqında çox bəhs edilən ictimai davranış qaydalarına riayət etmək, mədəni şəkildə ünsiyyət qurmaq kimi məsələrin isə, insanın hansı dilin, hansı xalqın mədəniyyətinin daşıyıcısı olmasına heç bir dəxli yoxdur. Bu, hər bir mədəni, müasir insanın boynunun borcudur. Və yaddan çıxarmaq lazım deyil ki, Azərbaycanın bir nömrəli problemi- Qarabağ dilemmasının baiskarı Rusiyadır. Azərbaycan torpaqlarını "çerez-çerez” Rusiya işğal edib. Azərbaycanda və Ermənistanda faşizm, nifrət, qarşılıqlı düşmənçilik hissini körükləyən Rusiyadır, həmişə də belə olub. Qarabağ kartından istifadə etməklə, Rusiya daim Azərbaycana və Ermənistana təzyiq edir, yəni, parçala və hökm sür siyasəti. Bütün bunlar hamının bildiyi həqiqətlərdir, təkrarlamaqdan ziyan gəlməz. Qısası, nə qədər ki, Azərbaycanda Rus dili, rus mədəniyyəti baş tacı edilib, nə qədər ki, Azərbaycanda Rusiyaya heyranlıq var, o zamana qədər də azərbaycanlılar tam olaraq, xalq kimi formalaşa bilməyəcəklər, heç vaxt vahid, yetəri qədər müstəqil olmayacaqlar. Etiraf edim ki, mənim də bir vaxtlar Rusiyaya qarşı böyük heyranlığım olub, Rus mədəniyyətinin Azərbaycana verdiyi töhfələri də qiymətləndirirəm. Amma artıq bu dövr geridə qalıb. Müasir dünyada Rusiyadan üz döndərmək prestijdir. Azərbaycan artıq müstəqil dövlətdir, onu gah Rusiyaya, gah Türkiyəyə, gah da İslam dünyasına calamağa ehtiyac yoxdur, bu, "böyük qardaş”sız mövcud olmağı ağlına sığışdırmayan əyalət təfəkkürüdür. Nicat insanlara demokratik dəyərləri, insan hüquqlarını, daha dərin mədəniyyəti təklif edən Avropadadır, biz təkcə coğrafi baxımdan deyil, mədəni, siyasi, təfəkkür baxımından da Avropanın bir hissəsi olmalıyıq, başqa çıxış yolu yoxdur, bunu adi məntiq deyir. Bizim Avropa, bəşəri dəyərlərə yiyələnməyimiz üçün nə Rusiyanın, nə Türkiyənin, nə də digər ölkərin vasitəçiliyinə ehtiyacımız var. Sadəcə ingilis dilini bilməklə, çox şeyə nail olmaq olar. Azərbaycan rus dilindəki məktəblərinin yarısının yarısı qədər ingilis dili məktəbləri olsaydı, indi ölkəmizdə tamam başqa vəziyyət olardı. Rus xalqı böyük xalqdır, bəşəriyyət tarixində böyük nailiyyətlərə, uğurlara imza atmış millətdir. Ancaq təəssüf ki, Rusiya artıq keçmiş dünyanın qalığıdır, o, müasir dünyanın standartlarına cavab vermir. Batan gəmini tərk edərlər, yoxsa batan gəmi ilə birlikdə qeyb olmaq təhlükəsi labüddür...ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb