Rusiyaya qarşı sanksiyaların Azərbaycana üç təsiri

13:25 | 13.09.2014
Rusiyaya qarşı sanksiyaların Azərbaycana üç təsiri

Rusiyaya qarşı sanksiyaların Azərbaycana üç təsiri

Neft Fondunun aktivlərinə, iş adamlarının yatırımlarına zərbə dəyəcək, ölkəyə gələn vəsaitlər azalacaq, soydaşlarımızın kütləvi şəkildə Azərbaycana dönəcəyi istisna olunmur

Avropa Birliyi Rusiyaya qarşı sanksiyaların siyahısını genişləndirib. Qurum bu ölkənin daha 6 şikrət (üçü neft, üçü də müdafiə sənayesi) və beş bankı ilə əməliyyatların aparılmasına qadağa qoyub. Avropa Birliyinin hesabatına görə, siyahıya "Sberbank", VTB, "Qazprombank", VEB və "Rosselxozbank", həmçinin "Rosneft", "Transneft", "Qazpromneft", "Uralvaqonzavod", "Oboronprom" və OAK (Aviatikinti Korporasiyası") daxildir.

Hesabatda deyilir ki, Avropa bankları və investisiya kompaniyaları adıçəkilən Rusiya bankları ilə kredit əməliyyatları keçirə, müxtəlif maliyyə xidmətləri göstərə bilməz. Eyni zamanda avropalılara sanksiyalar tətbiq edilən bankların qiymətli kağızlarının alınması üçün müraciəti 30 günə qədər endirilib. Bundan öncə müraciət müddəti 90 gün idi.

Avropa şirkətləri Rusiyada arktik və dərin özüllərdə qazma xidmətləri həyata keçirə bilməyəcək. Eyni zamanda, bu dövlətin mülki və hərbi sahədə fəaliyyət göstərən 9 şirkətinə də embarqo tətbiq edilib. Həmin şirkətlərin adı isə bu gün açıqlanacaq. Hesabatda göstərilir ki, Ukraynanın ərazi fəaliyyətinə qarşı çıxaraq Krımda çalışan 24 rusiyalı vətəndaşın Avropaya girişi dondurulub. Bunların sırasına Krımda fəaliyyət göstərən dövlət şəxsləri və oliqarxlar daxildir.

Sanksiyalardan dərhal sonra Rusiya bazarında indekslər kəskin şəkildə aşağı düşüb. Xüsusilə, sanksiya ilə üzləşən şirkətlərin səhmləri ucuzlaşıb.

Bu arada Rusiya da Qərbə qarşı öz pəncələrini nümayiş etdirir. İTAR-TASS-ın məlumatına görə, "Qazprom" Polşanın Dövlət Neft-Qaz Şirkətinə satdığı qazın sutkalıq həcmini 45 faizə yaxın azaldıb. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Aleksandr Lukaşeviç isə Qərbin addımlarını Rusiyaya qarşı elan edilən "dünya müharibəsi" adlandırıb. O bildirib, onlar Avropadan avtomobil və yüngül sənaye məhsullarının idxalına məhdudiyyətlər tətbiq edəcəklər. Lukaşeviç dövlətin iqtisadiyyatına ziyan vuran istənilən addımlara cavab veriləcəyini bəyan edib.

Rusiya rəsmiləri qeyd edir ki, Qərbin sanksiyaları onların iqtisadiyyatına zərbə vura bilməz. Onlar üçün alternativ bazarların yetərli olduğu qənaətindədirlər. Əlbəttə, Kreml alternativ bazar dedikdə, Asiya qitəsini nəzərdə tutur. Lakin rusiyalı iqtisadçılar fərqli fikirdədirlər. Analitiklər neftin qiymətinin ucuzlaşması və sanksiyalar fonunda Rusiyada iqtisadi çöküş gözlənildiyini proqnozlaşdırırlar.

Yeri gəlmişkən, bu ölkə ətrafında baş verənlərin artıq ölkəmizə də təsirləri hiss olunmaqdadır. Belə ki, Dövlət Neft Fondu sanksiyaya məruz qalmış VTB Bankın səhmlərinin bir hissəsinə malikdir. Eyni zamanda bu ölkədə daşınmaz əmlaka yatırım qoyub, rezervlərinin kiçik bir qismini rus rublunda yerləşdirib. Fondun hesabatından bildirilir ki, bu istiqamətdə ilin birinci yarısında artıq müəyyən itkilərlə üzləşiblər.

Lakin itkilər təkcə dövlət rezervlərində deyil, iş adamlarının bu ölkədə batırdıqları investisiyalarda da qaçılmazdır. Bir müddət öncə Rusiya Azərbaycan sahibkarlarına dəyəri 7,6 milyard dollar olan 18 investisiya layihəsi təqdim etmişdi.

Azərbaycan biznesmenlərinə Rusiyanın Samara, Rostov, Tomsk, Moskva, Tambov, Kalininqrad, Tula, Novqorod, Volqoqrad vilayətlərində, Qaraçay-Çərkəz, Çuvaşiya, Çeçenistan, Dağıstan respublikalarında, Kamçatka, Krasnodar, Stavropol diyarlarındakı bir sıra layihələr həvalə edilib.

Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev və Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin görüşləri zamanı yaxın 5-6 il ərzində şimal ölkəsinə 18 milyard dollar investisiya yatıracağı barədə fikir səslənmişdi. Ekspertlərin fikrincə, burada iqtisadi amillərdən çox, siyasi səbəblər var. Moskva sadəcə olaraq bəyan etmək istəyir ki, Avropa dövlətləri və ABŞ Rusiyanın şirkətlərinə qarşı sanksiyalar tətbiq etsələr də, onlar əməkdaşlıq üçün yeni dövlətlər tapacaqlar.

Hər bir halda, indiki vəziyyətdə azərbaycanlı iş adamlarının bu ölkəyə yatırdıqları və bundan sonra qoyacağı investisiyaların taleyi sual altındadır.

Sanksiyaların Azərbaycana təsirlərindən biri Rusiyada yaşayan soydaşlarımızın qazanclarının azalması və ölkəmizə daxil olacaq nağd vəsaitlərin aşağı düşməsi ola bilər. Rusiyanın Mərkəzi Bankının məlumatına görə, ötən il buradan Azərbaycana pul köçürmələrin həcmi 900 milyon dollar civarında olub. Əlbəttə, bu vəsaitlər rəsmi qeydiyyata düşən məbləğdir. Qeyri-rəsmi Azərbaycan ailələrinə göndərilən pulun həcmi 2-3 dəfə bundan çoxdur. Təbii ki, bu qədər vəsait Azərbaycan iqtisadiyyatı üçün az məbləğ deyil. Cari ildə köçürmələrdə azalma olacağının şahidi ola bilərik.

Ümumiyyətlə, Rusiya iqtisadiyyatında gözlənilən enişdən itkilərimizin və qazanclarımızın nədən ibarət olacağı sual doğurur.

İqtisadçı-ekspert Akif Nəsirli ciddi narahatlığa əsas görmür: "Azərbaycanın 15-20 il bundan əvvəlki kimi Rusiya ilə iqtisadi əlaqələri yoxdur. Ona görə də Rusiya iqtisadiyyatının aşağı düşməsinin Azərbaycana da ciddi təsir göstərə biləcəyini demək sadəlövhlük olardı. Amma Dövlət Neft Fondu bu ölkənin səhmlərinə, daşınmaz əmlak bazarına investisiya qoyub. Rusiyada daşınmaz əmlakın və səhm bazarında qiymətlərin kəskin şəkildə aşağı düşməsi oradakı investisiyalarımız üçün təhlükəlidir. Azərbaycan iqtisadiyyatında birbaşa itkiləri bu istiqamətdə ola bilər".

İqtisadçı bildirdi ki, tək dövlət deyil, azərbaycanlı iş adamlarının da yatırımlarında təhlükələr gözlənilir: "Elə iş adamlarımız var ki, Rusiyada daşınmaz əmlaka, biznes obyektlərinə, müxtəlif kompaniyaların səhmlərinə sahibdirlər. Onların bizneslərinə zərbələr dəyə bilər. Bundan başqa, bu ölkədə 3 milyona yaxın soydaşımız yaşayır və işləyir. Onların ailələri məhz Rusiyadan göndərilən vəsaitlər hesabına dolanırlar. Şimal qonşumuzun iqtisadiyyatının çöküşü soydaşlarımızın da qazancına təsir göstərəcək. Əlbəttə, bu proses ümumi Azərbaycanın iqtisadiyyatına da zərbələr vura bilər. Çünki hər il xeyli həcmdə pul ölkəyə daxil olur və əhalinin sosial yaşayışının təminatında böyük rola malikdir. Hətta orada yaşayan azərbaycanlıların geriyə qayıtması da mümkündür. Azərbaycan iqtisadiyyatı, bazarı yeni işsizlər ordusuna hazır olmalıdır".

A.Nəsirli əlavə etdi ki, şimal dövlətinin iqtisadi çöküşündən Azərbaycanın müəyyən qazancı da ola bilər: "Embarqolardan sonra Azərbaycandan Rusiyayla kənd təsərrüfatı məhsullarının ixracı artıb. Baxmayaraq ki, meyvə-tərəvəz mövsümüdür, amma bu sahədə qiymətlər kəskin bahalaşıb. Bunun da başlıca səbəbi qonşu dövlətə ixracın artmasıdır. Azərbaycan hökuməti üçün böyük imkanlar açılıb. Artıq aqrar sektora diqqətin artırılmasının vaxtıdır. Kənd təsərrüfatı sahəsinin inkişafı üçün geniş proqram qəbul edilməlidir. Elə sistem qurulmalıdır ki, yerli istehsal öncə daxili bazarı ödəməli, daha sonra xaricə satılmalıdır. Təəssüf ki, aqrar sektorun qurulmasında çox gecikmişik. Bu sahədə emal sənayesi olduqca zəifdir. İndi Azərbaycanın kənd təsərrüfatı məhsullarına böyük bazar və tələbat yaranıb. Bunu ödəmək üçün geniş spektorlu tədbirlər həyata keçirilməlidir. Əgər ağıllı siyasət yürüdüləcəksə, o zaman Azərbaycanın itkiləri ilə yanaşı, qazancı da olacaq. Əks təqdirdə, yalnız itkilərdən danışa bilərik". ("Bizim yol")

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM