Ruslan Əliyev: "Bəzən qaz almayan abonent də sayğacın çox yazmasından şikayətlənir" - MÜSAHİBƏ

13:12 | 26.04.2021
 Ruslan Əliyev:

Ruslan Əliyev: "Bəzən qaz almayan abonent də sayğacın çox yazmasından şikayətlənir" - MÜSAHİBƏ

"Azəriqaz" İB 2021-ci ilin birinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 195.5 milyon kub metr artıq qaz satıb. Bunu anews.az-a müsahibəsində "Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bildirib:

- 2021-ci ilin birinci rübündə "Azəriqaz" İB nə qədər qaz satıb və bu 2020-ci ilin uyğun dövrü ilə  müqayisədə necədir? Bu rəqəmin neçə faizi əhaliyə və nə qədəri qeyri əhalinin payına düşür?

- 2021-ci ilin I rübündə "Azəriqaz” İB qaz istehlakçılarına 2731.7 milyon kub metr həcmində qaz satıb. Bunun 68.5 %-i əhali sektoruna, 31.5 %-i qeyri-əhali sektoruna aiddir. Qazın satışı keçən ilin müvafiq dövründən 195.5 milyon kub metr artıqdır. 2021-ci ilin 1-ci rübü ərzində 2 387 671 abonent təbii qazla təmin olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə təbii qazla təmin olunan abonentlərin sayı 83 min artıb. 


- "Azəriqaz" İB-a hansı dövlət qurumlarının borcu var və nə qədərdir?


- İlin əvvəlində müəyyən dövlət qurumlarının bizə borcu yaranır. İlin sonunda isə büdcə məsələləri müzakirə olunduğu üçün bu problem demək olar ki, həll olunur. Büdcə təşkilatları arasında "Azəriqaz” İB-yə böyük həcmdə borclu olan yoxdur. 


- Azərbaycan ərazisinin neçə faizi qazlaşdırılıb? Hansı rayon və şəhərlərin ərazisinə təbii qaz verilmir?


- Hazırda azad olunmuş torpaqlar istisna olmaqla Azərbaycanın bütün rayon və şəhərlərində qazlaşma var. 18 rayon və şəhərdə isə qazlaşma 100 faizdir. Dünyanın elə bir ölkəsi yoxdur ki, orada 100% qazlaşma olsun. Bəzən deyirlər ki, biz neft – qaz ölkəsiyik və bizdə mütləq hər yerdə qaz olmalıdır. Qaz potensialı bizdən dəfələrlə çox olan ölkələrdə qazlaşma prosesi 96% deyil. Hədəfimiz 100%-dir. Amma bu proses mərhələli şəkildə həyata keçirilir. Son 10 ildə Respublikamızda 1554 kənd və qəsəbə  təbii qazla təmin olunub. Bu layihələr çərçivəsində cəmi 50 min kilometrə yaxın müxtəlif diametrli yeni qaz xətləri çəkilib. Hazırda qazlaşmayan müəyyən sayda kənd və qazlaşmadan sonra salınmış yeni yaşayış massivləri mövcuddur ki, onların da mərhələli şəkildə qazlaşdırılması əsas hədəflərimizdən biridir. Qazlaşdırılmamış kəndlərin müəyyən hissəsinin qaz təchizatı mənbələrindən uzaq məsafədə yerləşməsi, yaşayış evlərinin sayının çox az olması, mürəkkəb coğrafi şəraitdə yerləşməsi səbəbindən həmin ərazilərdə qaz şəbəkəsinin qurulması texniki və iqtisadi cəhətdən səmərəsiz olur. Odur ki, onların qazlaşdırılması məsələsinə sonrakı mərhələlərdə baxılaca. 


- Qazlaşdırılmayan hansı ərazilərin bu il qazlaşdırılacağı nəzərdə tutulub?


- Qazlaşdırılma tədbirləri Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramları çərçivəsində mərhələli şəkildə həyata keçirilir.  Hal-hazırda Salyan, Sabirabad, Yardımlı, Neftçala, Beyləqan, Füzuli və Ağcabədi rayonlarında qazlaşma işləri aparılır. 2021-ci ildə digər əraziləri əhatə edən kəndlərin və yeni yaşayış massivlərinin qazlaşdırılması üzrə təkliflər hazırlanıb ki, bu təkliflərin reallaşması maliyyə vəsaitinin ayrılmasından asılı olacaq
.


 
- "Azəriqaz" keçən il bir sıra abonentlərin smart sayğaclarını mexaniki sayğaclarla əvəzlədi. Əksəriyyət mexaniki sayğacların çox pul yazmasından narahatlığını bildirdi. Bu kimi şikayətlər araşdırıldımı? Araşdırmaların nəticəsi necə olub?
 
 
"Azəriqaz"a mexaniki sayğacların çox yazması ilə bağlı 200 yaxın müraciət daxil olmub. Maraqlıdır ki, şikayətlər ancaq şifahi idi. Biz təklif edəndə ki, gəlin bərabər araşdıraq nədənsə həmin an problemi həll olunmasından yayınırlar. Müzakirəyə gedən yoxdur. Hamı sadəcə danışır. Hətta bir dəfə təsadüfən yaşadığı binada qaz olmayan adam sayğacın çox yazmasından şikayət edib. 
 
"Azəriqaz" bütün şikayətlərə açıq qurumdur. Kimin şikayəti və iradı varsa bizimlə bərabər həmin problemin araşdırmasında iştirak edə bilər.  Qeyd edilən iddialar isə təsdiqini tapmadı. Biz 2021-ci il yanvarın 26-dan etibarən qaz ölçü qurğuları (sayğacların) dövlət yoxlanışı icra edilən Metrologiya Departamentində "Açıq Qapı” günləri elan etdik. Kimin sonradan ödənişli (mexaniki-elektron) sayğacla bağlı şikayəti var idisə, onları proseslə yaxından tanış olmağa dəvət olundular. Şikayətçilərə özlərinin iştirakı ilə sayğacın açılıb, möhürlənmiş qutuya qoyulmaqla gətirilib digər müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə yoxlanışda iştirakına şərait yaratdıq. Birgə yoxlanış zamanı iddialar təsdiqini tapmadı. Bu barədə Energetika Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin açıqlamaları bizim mövqeyimizlə üst-üstə düşdü.  
 
 - Əvvəllər qaz sayğaclarına müdaxilə halları aşkarlanırdı. Belə hallar yenə baş verirmi?


Avropanın ən inkişaf etmiş ölkəsində də qoyulmuş qaydaları pozacaq kimsə tapılır. Əvvəlki qədər deyil, amma sayğaclara kənar müdaxilə halları olur. 
Ciddi nəzarət mexanizmi və buna uyğun daha təsirli tədbirlərin görülməsi səlahiyyətimizə daxil deyildir. Əlacımız qalır fakt aşkarlandıqca onu ləğv edək. Qazdan normal istifadə edən abonentlərdən də xahiş edirik ki, digər qanunsuzluğa yol verənlərin əməllərinin ictimai qınağa çevrilməsində aktiv olsunlar. 


- Qaz itkisi nə qədər olub və keçən ilin uyğun dövrü ilə müqayisədə bu göstərici necədir?  Qaz itikisinin azaldılması məqsədilə bu il nə kimi işlərin görülməsi nəzərdə tutulub?


- 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-ci ildə qaz itkiləri 1 % azalıb. Buna hər il icra edilən tədbirlər proqramı əsasında şəbəkədə aparılan yenilənmə işləri və digər islahatlarla nail olunub. Qeyd edək ki, "Strateji Yol xəritəsi”ndə "Azəriqaz” İB üçün itkilərlə bağlı hədəf 8 %-ə qədər müəyyənləşdirilib ki, cari ildə bu hədəfə çatılması təmin ediləcək. Bu birrəqəmli göstəriciyə 2018-ci ildə nail olundu. Halbuki 2020-ci ildə reallaşdırılması nəzərdə tutulurdu. Digər tərəfdən, itki texnoloji prosesdir. Biz 220-230 nöqtədən qaz qəbul edirik, həmin qazın 2,4 milyonunun yaxın nöqtədə paylanması zamanı hər hansı itkinin yaranması qaçılmazdır. 


- Əhaliyə verilən bir kubmetr qazın maya dəyəi nə qədərdir və bu satış qiymətindən seçilirmi?


- 2019-cu ildə 1000 m3 qazın faktiki istehsal maya dəyəri 61,89 manat təşkil edib. Qazın hasilatına çəkilən xərclərlə yanaşı, Hasilatın Pay Bölgüsü Sazişinin şərtlərinə görə əməliyyat şirkətlərindən alınan qazın dəyəri, qazın emalı, saxlanması və nəqlinə çəkilən xərclər nəzərə alınmaqla 2019-cu ildə Azərbaycanda satılan 1000 m3 qazın faktiki xərci 140,46 manat təşkil edib. Mal-materialların qiyməti təbii inflyasiyaya görə dünyada hər il artdığına, yataqlar tədricən köhnəldiyinə görə qazın satış nöqtəsinə çatdırılmasına sərf edilən xərclər də hər il artır. 2020-ci ildə bu rəqəm bir qədər yüksək ola bilər və bu, SOCAR-ın 2020-ci il üzrə illik hesabatında açıqlanacaq. 


- "Azəriqaz" İB bu il qazın qiymətinin dəyişdirilməsi ilə bağlı Tarif Şurasına müraciət etməyi planlaşdırırmı?


- Biz qazı "Azkontrakt” şirkətindən topdan şəkildə alırıq. Qiymətlər topdan satış qiymətinə uyğun olaraq dəyişir. Bu qiymət aşağı düşə də bilər, əksinə qalxa da bilər. Yəni qazın qalxması ilə bağlı məsələ "Azəriqaz"ın istəyinə bağlı olan məsələ deyil. Belə bir məsələ gündəmdə də yoxdur. Hal-hazırda əhali abonent qrupu üçün aşağı tarifli güzəştli illik 2200 kubmetr həcmində təbii qazın hər kubmetri 10 qəpikdən satılır. Limit həddi keçildikdən sonra hər kubmet təbii qaz 20 qəpiklə hesablanır. Qeyri-əhali abonent qrupunda isə tarif hər kubmetr təbii qaz üçün 20 qəpiyə bərabərdir. Bəzən abonentlər bizdə qazın baha olmasından şikayətlənir. Hətta deyirlər ki,  Gürcüstanda qazın  qiyməti bizdən ucuzdur. Yaxın ölkələr siyahısında qazın ən ucuz qiyməti Azərbaycandadır. 

 -İşğaldan azad edilən zonalara qaz çəkilməsi prosesinə başlanılıbmı? Bu sahədə işlər nə yerdədir?  

- "Azəriqaz" İB Prezident Adminstrasiyasının tapşırığı ilə Energetika Nazirliyinin tərkibindəki yaradılan qrupun üzüdür. Həmin qrupda bizə verilən tapşırıqlar əsasında prosesə başlyacayıq. İşğaldan əvvəlki dövrdə Dağlıq Qarabağ və ətraf rayonların ərazisində yerləşən şəhər, qəsəbə və kəndlərin böyük bir hissəsi Azərbaycan Respublikası tərəfindən təbii qazla təmin olunurdu. Bu məqsədlə magistral və paylayıcı qaz şəbəkəsi də çəkilib. Lakin erməni silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində qeyd olunan ərazilərin həmin vaxt qaz təminatı dayandırılılıb. Əvvəlcə yeni çəkiləcək magistral qaz xətlərinin istiqamətləri və onların keçəcəyi marşrutlarının araşdırılması işləri aparılacaq. Eyni zamanda işğaldan azad olunmuş ərazilərdə vaxtı ilə çəkilmiş qaz xətlərinin bərpasının mümkünlüyü də araşdırılacaq. Qeyd olunmuş istiqamətlər üzrə çəkilməsi planlaşdırılan magistral qaz xətlərinin imkanları mövcud və yeni salınacaq yaşayış məskənlərinin, və sənaye obyektlərinin uzunmüddətli inkişafı nəzərə alınmaqla təbii qazla təmin edilməsinə hesablanacaqdır. 
 
Gülnar Nazimqızı 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti