Növbəti mövsümdən etibarən Topaz Premyer Liqasında gözlənildiyinin əksinə olaraq 12 deyil, indi olduğu kimi, 10 komanda mübarizə aparacaq. Qol.Az-ın xəbərinə görə, bu haqda AFFA prezidenti Rövnəq Abdullayev qurumun saytına müsahibəsində bildirib.O qeyd edib ki, AFFA İcraiyyə Komitəsinin bu il martın 7-də keçirilmiş iclasında lisenziya tələblərinə uyğun olacağı təqdirdə 2014-15-ci il mövsümündən Topaz Premyer Liqasının 12 komandanın iştirakı ilə keçirilməsinin müzakirə olunması barədə qərar qəbul edilsə də, hazırkı durumda çempionatda 12 komandanın iştirakı alınmır."Mövsüm sona yaxınlaşdıqca mübarizə daha da gərginləşir. İstər çempionat oyunlarında, istərsə də kubok uğrunda qarşılaşmalarda maraqlı və gərgin rəqabətin şahidi oluruq. Cari mövsümü mükafatçılar sırasında hansı komandaların başa vuracağı ilə yanaşı, futbol ictimaiyyətini və azarkeşləri növbəti çempionatda Premyer Liqada neçə klubun çıxış edəcəyi də ciddi maraqlandırır. İcraiyyə Komitəsinin bu il martın 7-də keçirilmiş son iclasında növbəti mövsüm Topaz Premyer Liqasında 12 komandanın iştirak edə biləcəyi ilə bağlı qərar qəbul olunub. Lakin həmin qərarda çox vacib bir məqam da xüsusi vurğulanıb ki, elitada komandaların sayının artırılması I diviziondan yüksək liqaya çıxmaq istəyən hər hansı klubun lisenziyalaşdırma ilə bağlı bütün tələblərə cavab verə biləcəyi halda mümkün olacaq.Əlbəttə, AFFA rəhbərliyi ölkə çempionatının yüksək liqasında komandaların sayının daha çox olmasını arzulayır. Amma bu arzunun gerçəkləşməsi üçün klublarda mövcud qaydalara, xüsusilə lisenziya tələblərinə uyğun müvafiq işlər görülməlidir. Təəssüf ki, bu sahədə vəziyyət arzuladığımız səviyyədə deyil. 2014-2015-ci ildə Topaz Premyer Liqasında çıxış etmək istəyən klublar üçün lisenziyalaşdırma prosesi bu il aprelin 30-da başa çatacaq. AFFA-nın baş katibliyinin verdiyi məlumata görə, bu günə qədər I divizion klublarından yalnız "Araz-Naxçıvan" lisenziya tələblərinin böyük əksəriyyətini yerinə yetirib və elitada çıxış edə bilmək üçün maliyyə zəmanətini də təqdim edəcəyi halda, Premyer liqada çıxışına lisenziyalaşma baxımından hər hansı problem olmayacaq.Baş katibliyin lisenziyalaşdırma ilə bağlı proqnozuna görə, digər I divizion klublarının bu sahədə müxtəlif meyarlarla bağlı çatışmazlıqları çoxdur və qalan qısa müddət ərzində onların aradan qaldırılması o qədər də inandırıcı görünmür. Belə olacağı təqdirdə, İcraiyyə Komitəsinin 14 avqust 2013-cü il tarixli iclasında qəbul olunmuş qərara uyğun olaraq, 2014-2015-ci il mövsümündə I diviziondan Topaz Premyer Liqasına 1 komanda yüksələcək və müvafiq olaraq, cari mövsümün yekunlarına əsasən, yüksək liqada turnir cədvəlinin sonuncu pilləsini tutan klub I diviziona düşəcək”.R.Abdullayev bildirib ki, Topaz Premyer Liqasında çıxış edən klubların sayı cari mövsümlə müqayisədə dəyişməyəcək: “Təbii ki, klubların sayının artmasını istəyirik, ancaq kəmiyyəti artırmaqla keyfiyyəti azaltmaq olmaz. Premyer Liqada çıxış edən bütün klublar ölkədaxili, eləcə avrokubok oyunları üçün lisenziyalaşdırma tələblərini yerinə yetirməyi bacarmalıdır. Bu, UEFA klub yarışlarında çıxış edən klublarımızın hər hansı problemlə üzləşməməsi üçün çox vacib məsələlərdən biri, hətta birincisidir".
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !