Rüstəm Qasımov
"Həyat mənimçün yaradıcılıqdır, hər şeydə yaradıcılıq. Bu möcüzə gözləntisi, parlaq təəssüratlar və emosiyalardır; daimi hərəkət, yeni kəşflər yanğısı, bizi əhatə eləyən gözəllikdir”
Bir insanın özünü təsdiq etməsi üçün illər tələb oluna bilər. Özünü müxtəlif sahələrdə sınayanların və çətinliklərlə üzləşənlərin bəxti gətirir. Röya Həsənova da öz üzərində çalışan, daim axtarışda olan yaradıcı adamlardandır. Bizim bugünkü həmsöhbətimiz rəssam Röya Həsənovadır.
- Röya xanım, oxucularımıza özünüz haqqında məlumat verərdiniz...
- Birinci ondan başlayım ki, mən 3 universitet bitirmişəm, bu il isə dördüncü dəfə təhsil almaq istəyirəm, hədəfim Azərbaycan Dövlət Rəssamlıq Akademiyasıdır. Mən dayanmaq istəmirəm, insan oxuyanda inkişaf edir. İndiyə qədər müxtəlif işlərdə və kollektivlərdə özümü sınamışam. İllər keçdikdən sonra isə mən özümü yaradıcılıqda sınamağa başladım. Dizayner-dekorator kimi işə başladım.
- Necə hesab edirsiniz, insanın uğuru nədən asılıdır?
- Məncə, həyatda zəif insanlar olmur. Hər bir insan güclü şəxsiyyətdir. Ancaq insanın özünü reallaşdırmasına imkan verməyən faktorlar və səbəblər olur. Bunlar şübhə, özünəinamsızlıq, tənbəllik və maneələr ola bilər. Yaxın insanların səni dəstəkləməsi də ciddi məsələdir. Düşünürəm ki, bu baxımdan mənim bəxtim gətirib, hər zaman ətrafımda xeyirxah və qayğıkeş insanlar olub. İnsan bir şeyə çatması zəhmətsiz, inkişafsız, disiplinsiz mümkün deyil – ona görə də mən hər gün öz üzərimdə çalışıram, başladığım işi sona çatdırmağa çalışıram. Məncə, insanın ən böyük uğuru zamandan ağıllı formada istifadə etməkdir.
- Çox güman sizin həyatınızda böyük rol oynayan insan var və olublar...
- Əlbəttə! Onlardan birincisi anamdır. Onun sayəsində mən hərtərəfli inkişaf etmişəm. İkincisi sinif rəhbərim Əliyeva Asyadır. Məhz bu ağıllı və təhsilli qadın məndə sənətə sevgi yaradıb, zövqümün formalaşmasına kömək edib, bu da yaradıcı adam üçün olduqca vacib detaldır! Asya müəllimə ilə biz indiyədək dostluq edirik. Ona mənə öyrətdiklərinə görə minnətdaram...
Üçüncüsü, mənim rəfiqəm rəssam Nigar Familsoydur, biz onunla eyni emalatxananı paylaşırıq. Mən onun cəsarətini, məqsədyönlülüyünü, atdığı addımlarda özünə inamını sevirəm. Nigar mənə tez-tez ilham verir, biz zamanı unudub saatlarla yaradıcılıqla məşğul ola bilərik. Bizim onunla gələcəyə dair maraqlı ideyalarımız və layihələrimiz var.
- Sizin yaradıcılıqla məşğuliyyətiniz necə başladı?
- Hələ məktəbdə oxuyarkən rəsm müsabiqəsində birinci yeri tutmuşdum, ondan sonra məni Moskvaya göndərdilər. Bu, mənim yaradıcılığımın başlanğıcı oldu. Rəsm və cizgi mənim sevimli məşğuliyyətlərimə çevrildilər. Özümü tanıdığım gündən nəsə çəkmişəm. Ancaq peşəkar rəssamlıqla məşğul olmurdum, heç özüm də bilmirəm nəyə görə. Ola bilsin, buna səbəb atamın məni İqtisad universitetini bitirməyimi istəməsi idi. Məktəbi bitirdikdən sonra mən Londondakı rəsm məktəbinə daxil olmaq istəyirdim, ancaq atam yeganə qızını o qədər uzağa göndərmək istəmədi. Nəticədə mən İqtisad universitetinə daxil oldum.
- Ancaq rəssamlıq hər zaman özünü sizə xatırladıb...
- Əlbəttə! Özümü tanıdığım qədəriylə hər zaman çəkmişəm. Rəssamlıq hər zaman mənim hobbim olub. Ancaq mənim həyatımda çətin dövrlər də olub, onda mən təslim olmamışam, rəsmlə məşğul olmuşam, buna görə də rəsm bir növ mənim xilaskarım olub. Uğurlu qadın olmaq istəyi və övladıma yaxşı ana olmaq yanğısı mənə enerji, güc və stimul verib. Bu barədə fikir məni dayanmamağa və yaradıcılıqla məşğul olmağa təhrik edir.
- Daha çox hansı rəsmləri çəkməyi sevirsiniz?
- Əsasən sadə karandaş, təbaşir və kömürlə portret çəkməyi sevirəm. Qrafikanı da xoşlayıram. İlk ciddi portretimi mən 10 yaşımda çəkmişəm, bunlar Səməd Vurğun və Nizami Gəncəvinin portretləri idi.
- Sizin formalaşmanızda ananız və müəllimənizin böyük rolu olub. Ola bilərmi ki, sizin yaradıcılığınızda qadın mövzusu buna görə xüsusi yer tutur?
- Şübhəsiz! Məhz buna görə mən güclü, məqsədyönlü, ağıllı qadınları çəkməyi sevirəm, onlar təkcə zahirən deyil, daxilən də gözəldirlər. Mənim qadınları çəkmək arzum həm də onunla bağlıdır ki, mən bir müddət psixoloq kimi də çalışmışam, tez-tez "Qadın Krizis Mərkəzi”nə baş çəkib psixoloqlarla söhbətləşir, qadınların söhbətlərini dinləyirdim. Bununla yanaşı mən həmişə oturur və yaradıcılıqla məşğul olurdum. Beləliklə, ortaya bütöv qadın obrazları seriyası ortaya çıxdı. Məhz onda başa düşdüm ki, rəssamlıq mənimçün özünütəsdiqdir. Bunu başa düşmək üçün mən bir çox sahələrdə özümü sınamalı oldum. Ancaq mən rəssamlığı əvvəllər heç harda öyrənməmişdim, xüsusi məşğul olmamışdım.
- İlk pedaqoqunuz kim olub?
- Müəyyən şərtlərdən dolayı mən bir gün tanınmış azərbaycanlı rəssam Emin Qəhrəmanovun "EmArt studio”sına gəlib düşdüm, onunla biz bugünkü gün belə dostuq. Ən maraqlısı odur ki, mənim həyatımda daim "Röya, sən bunu bacararsan!” deyən insanlar olub. Belə insanlardan biri də Emindir! Mənim şəkillərimə baxdıqdan sonra, o təkid elədi ki, bu işlə ciddi məşğul olum, akrili isə yağlı boyayla dəyişdim. Emin təcrübəli rəssam olduğundan iddia edirdi ki, mənim böyük potensialım var və bunu mütləq açmaq lazımdır. Onun əminliyi mənə də keçdi (gülür). "EmArt studio”nu mən ikinci evim hesab edirəm, buradakı isti mühit, gözəl pedaqoqlar və dost kollektiv mənim ikinci ailəmdir deməyə əsas verir!
- Deməli, siz şəkillərinizi yağlı boyayla çəkməyə başladınız?
- Bəli! Məndə yaradıcı partlayış baş vermişdi, onda mən fasiləsiz sutkalar boyu şəkil çəkirdim. Məndəki enerji və ilham yeni, yeni işlər yaratmağa təhrik edirdi.
- Ancaq bu partlayış bir gün səngidi...
- Bəli! Məni avtoqəzaya düşdüm, sol çiynimi və əlimi qırdım, əlim uzun müddət gipsdə qaldı. Bir neçə əməliyyatdan sonra mən yenə rəsmə qayıda bildim. Ancaq rəsm çəkə bilmədiyim zaman da mənim işimə yaradı. Bu zaman ərzində mən bir çox emalatxanalarda oldum, müxtəlif rəssamların işləmək tərzinə baxdım. Bu təcrübə sonradan mənim çox işimə yaradı. Buna görə rəssam dostlarıma minnətdaram. Əlim fırça turanda mən yenidən "EmArt studio”ya qayıtdım, ilk mərhələdə mənimlə Emin, sonra Zöhrab Cabbarov və Elçin Bünyatov məşğul oldular, buna görə onlara minnətdaram! Bundan sonra mən İtaliyaya, sonra da Britaniyaya getdim, hər iki ölkədə mən art məktəbə yazıldım, bu, sənət dünyasına özünəməxsus səyahət idi, çox xoşbəxt idim. Bu, mənim həyatımda unudulmaz günlər idi.
- Sizin şəkilləriniz parlaqlığı və müxtəlif tonların qarışdığı rənglərin dolğunluğu ilə seçilir. Belə miksə siz necə nail olursunuz?
- Siz bunu deyən ilk adam deyilsiniz (gülür). Mən özümü xoşbəxt insan hesab edirəm, çünki həyatımda bozluq deyil, parlaqlıq, işıq, təmizlik və pozitiv var. Bu təkcə mənim zahiri görkəmimdə deyil, həyat tərzimdə, paltarlarımda da özünü göstərir. Mənə görə də, şəkillərim çox parlaq və dolğundurlar. Mənim şəkillərimdə emosiya və ekspressiya partlayışı var, bu da mənim daxili aləmimlə əlaqədardır.
- Sizin şəkillərinizdə vətənpərvərlik mövzusu varmı?
- Mən vətənpərvərəm, ona görə də hətta səyahətlər zamanı insanlara öz ölkəmiz – mədəniyyətimiz, adət-ənənəmiz barədə, məlumatlar vermək istəyirəm. Bununla mən öz növbəmdə kiçik də olsa, dünyanı öz ölkəmiz barədə məlumatlandırmaq istəyirəm. İstəyirəm insanları öz ölkəmizə cəlb edim və onlar bura gəlib gördüklərindən heyran qalsınlar. Ona görə də vətənpərvərlik mövzusu daim mənim yaradıcılığımda öz əksini tapır. Məsələn, mən "Ümid” adlı şəklimdə Qarabağ müharibəsinə yollanan oğulun şəklini çəkmişəm. Mənim vətənpərvərlik mövzusunda işlədiyim işlərin məxsusiliyi ondadır ki, onlarda ağrı və əzablar olsa da, mən daim bir ümid işığı da verməyə çalışıram. Axı ana bilir ki, övladı geri qayıdacaq, qırmızı işıq isə bizim qələbəmizi göstərir!
- Bir müddət əvvəl siz paytaxtın Art Villa qalereyasındakı Qarabağ mövzusuna həsr olunan plenerə qatıldınız. Açıq hava altındakı plener ürəyinizcə oldumu?
- Mənim çox xoşuma gəldi! Açıq havada yaradıcılıqla məşğul olmaq mənə enerji bəxş etdi. Plenerin vətənpərvərlik mövzusu mənə xüsusi təsir etdi. Nəticədə mən dünyanın ən gözəl çiçəklərindən biri, yalnız Qarabağda bitən Xarı bülbülün şəklini çəkdim. Şəkil çox parlaq, dolğun alınmışdı, o enerjiylə dolub daşırdı.
- Daha çox hansı xoşunuza gəlir – şəkli çəkmə prosesi, yoxsa ən son nəticə?
- Yaradıcı proses məni enerjiylə doldurur və böyük məmnuniyyət bəxş edir. Yaradıcı proses mənimçün yoqayla eynidir, yoqada olduğu kimi yaradıcı prosesdə də rahatlanıram, istirahət edirəm, xüsusi bir dünyayla əhatələnirəm, reallıqdan uzaqlaşıram... Bu eyforiya vəziyyətidir...
- Hansı rəssamların yaradıcılığını bəyənirsiniz?
- Azərbaycanlı rəssamlardan Toğrul Nərimanbəyovun, Cavad Mircavadovun, Rasim Babayevin, Arif Hüseynovun, Altay Sadıqzadənin, Sakit Məmmədovun yaradıcılığını sevirəm. Xarici rəssamlardan isə Qustav Klimtin, Mixail Varubelin, Frida Kahlonun, Van Qoqun yaradıcılığını sevirəm. Onu da qeyd edim ki, hər bir böyük rəssamın yaradıcılığında insanı sarsıdan mütləq çox güclü bir şəkil olur.
- Biz Röya Həsənovanın fərdi sərgisinə nə zaman baş çəkəcəyik?
- Mən bir çox kollektiv sərgilərdə iştirak etmək şansı qazanmışam, ancaq fərdi sərgi üçün hələ inkişaf eləməli və xüsusi hazırlaşmalı olduğumu düşünürəm, bu çox məsuliyyətli addımdır.
- Röya xanım, maraqlı müsahibəyə görə sizə təşəkkür edirik, biz sizə yaradıcılıq uğurları, tükənməz ilham və prestijli qalereyalarda sərgilənməyi arzulayırıq.
- Təşəkkür edirəm!
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !