Həbsdə olan iş adamı Rza Zərrab xərçəng xəstəliyi ilə bağlı yoxlanış üçün xəstəxanaya aparılıb.
İş adamı həbs edildikdən sonra istintaqa verdiyi ilkin ifadəsində böyrəküstü vəzin bir santimetr böyüdüyünü və təcili kimyaterapiya müalicəsinə ehtiyacı olduğunu deyib. Şişli Etfal Elm Araşdırma Xəstəxanasında onun böyrəküstü vəzindən kütlə götürülərək analiz edilib. Müayinə bitdikdən sonra Rza Zərrab yenidən Metris həbsxanasına qaytarılıb. Xəstəxanada olduğu müddətdə onun həyat yoldaşı Ebri Gündəş ona bir neçə dəfə baş çəkib.
APA TV xəbər verir ki, bu arada Türkiyədə səfərdə olan İran-Türkiyə Parlamentlərarası dostluq qrupunun rəhbəri Muayyid Hüseyni Sədr iş adamı Rza Zərrabın İranla qeyri-qanuni ticarət əməliyyatı aparmasına dair sualları cavablandırıb. O bildirib ki, Rza Zərrab iş adamı olaraq İranla bəzi fəaliyyətlər həyata keçirib, amma bu fəaliyyətlərin rəsmi Tehranla heç bir əlaqəsi yoxdur.
ANN.Az