Ukraynanın İvano-Frankovski vilayətinin prokuroru İqor Nastasyak istefaya göndərilib.
Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Feysbuk səhifəsində Baş prokurorun müavini David Sakvarelidze yazıb.
"İvano-Frankovsk bu gün prokuror-mütəfəkkirsiz qaldı. Əvəzsiz itki...:)”, - Sakvarelidze qeyd edib.
İqor Nastasyakın istefaya göndərilməsinin Odessa vilayətinin qubernatoru, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ilə bağlılığının olduğu ehtimal edilir. Keçmiş prokuror daha əvvəl Saakaşvilini tənqid edib. "Qubernator özü ilə vilayətə milis rəisi gətirir. O, Ukrayna dilində heç bir söz, ümumiyyətlə qanunvericiliyin heç bir normasını bilmir. Bilmirəm, o, necə işləyəcək”, - Nastasyak bildirib.
O, həmçinin lovğalanıb ki, İvano-Frankovski vilayətinin qubernatoru önəmli bir addım atmadan əvvəl ona zəng edir və məsləhətləşir.
Saakaşvili isə ona cavab verib ki, post-maydan Ukraynada yaşayırlar və qubernatorlar prokurorla deyil, xalqla məsləhətləşməlidir.
Qeyd edək ki, David Sakvarelidze daha əvvəllər Gürcüstan baş prokurorunun birinci müavini postunu tutub. Onun Saakaşvili ilə birlikdə İqor Nastasyakın istefaya göndərilməsində xüsusi rolunun olduğu təxmin edilir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !