Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin həyat yoldaşı Sandra Rulofs bu ölkədə qalır. Sandra Rulofs, Tiflisdə yaşamaqda və işləməkdə davam etmək niyyətindədir.
Keçmiş birinci ledi bunu Acarıstanda olarkən bəyan edib. O, jurnalistlərə deyib ki, Tiflisdə başladığı layihələri başa çatdırmaq niyyətindədir.
“Gürcüstanda işləməkdə davam etsəm də buradakı fəaliyyətimin gələcəyinin sual altında olması məni çox narahat edir. Bu, elə də sadə məsələ deyil. Gürcüstan məndən ötrü birinci yerdə olmaqda davam edir. Ona görə də bu çətinliyi də dəf edəcəyəm. Bizim balaca uşağımıza sakitlik və sabitlik lazımdır. O, Gürcüstanda təhsil almalıdır. Mən istəyirəm ki, körpəmiz əsl gürcü kimi böyüsün və atası kimi mübariz olsun” - deyə Saakaşvilinin xanımı bəyan edib.
Qeyd edək ki, Tiflis Şəhər Məhkəməsi Mixail Saakaşvilinin yerli bank hesablarına həbs qoyub. Bundan sonra onun və ailə üzvlərinin (anasının, nənəsinin və həyat yoldaşının) daşınmaz əmlakına da həbs qoyulub.
M.Saakaşvilinin özü isə hazırda ABŞ-da yaşayır və orada iş vizası alacağı günü gözləyir. Sabiq prezidentin böyük oğlu da ABŞ-da universitet tələbəsidir.
ANS PRESS