Rüstəm Qasımov
ANN.Az-ın istedadlı gənc rəssamı Səbinə Səfərova ilə müsahibəsi
- Səbinə, oxucular üçün sizi necə tanıtsaq, yaxşıdır?
- Məncə, özümü sizin təqdim etdiyinizdən daha yaxşı təqdim edə bilməzdim (gülür). Bir müddət əvvələ qədər mən heç özüm də bilmirdim ki, rəssamam, ya yox. Bu barədəki bütün zarafat və şərhlərə də utanaraq belə cavab verirdim ki, mən hələ özümü sınayıram, özümü rəssam adlandırmaq üçün hələ çox öyrənməliyəm. Bir müddət əvvəl isə bir kompaniyadaydım, ordakı bir nəfərin özünü əminliklə və israrla rəssam adlandırması çox xoşuma gəldi.
- İxtisasınız nədir və nə işlə məşğul olursunuz?
- İxtisasca mən beynəlxalq hüquqşünasam. Avropa hüququyla bağlı magistr dərəcəm var. Mən özümü tapmaq və yaşamağın mənasını tapmaq üçün uzun illər sərf etmişəm. Ona görə də özümü müxtəlif sahələrdə sınamışam, buna görə bir qram da peşman deyiləm, çünki özümüzü sınayanda, özümüzü reallaşdırırıq. Bəlkə də bu qədər axtarmasaydım, özümü tapa bilməzdim... Ömrümün son 4 ilini mən rəsmə həsr etmişəm, belə, mən özümü ifadə edirəm, ilham alıram, yaradıram, çəkirəm. Başa düşdüyüm qədəriylə, mən nəhayət, düzgün yolu tapmışam və onu axıra qədər keçmək üçün güc sərf edirəm. Son isə xoşbxtlik olmalıdır, yoxsa onda o, heç son deyil (gülür).
- Sizdən başqa, ailənizdə yaradıcı adam varmı?
- Təəssüf, ailəmdə, eləcə də nəslimizdə rəsmlə əlaqadar olan bir kimsə yoxdur. Mən ilkəm. Ana tərəfdən ulu babalarımdan biri Azərbaycan tarının yardıcısı, xalq musiqiçisi, novator Sadıxcandır. Kim bilir, bəlkə də ondan mənə hansısa istedad damısı keçib.
- İlk dəfə nə vaxt çəkdiyinizi xatırlayırsınızmı? Təsviri sənətlə ilk tanışlığınız nə zaman olub?
- Yadımdadır, uşaqlıqdan rəssamlığa zəifliyim vardı. Uşaqlıqda çəkdiyim rəsm albomum hələ də qalır. Valideynlərim məni hansısa kursa kursa qoymağı düşünməmişdilər, çünki məni başqa istiqamətdə görürdülər. Uzun illər rəssam olmağı arzulaya-arzulaya böyümüşəm, ancaq bu arzu elə arzu olaraq da qalırdı. Ancaq açıq desəm, bu arzunu gerçəkləşdirmək üçün çalışıb-vuruşurdum demək də yalan olardı.
- Siz istedadlı rəssam Emin Qəhrəmanovun şagirdlərindən birisiniz. Onun "EmArt studio”sına necə daxil ola bildiniz?
- İki dəfə peşəkar rəssamlıqla məşğul olmaq üçün cəhd etmişdim: bir dəfə universitetə daxil olmazdan əvvəl, ikinci dəfə qurtarandan sonra. Hər iki dəfə valideynlərim buna mane olmuşdular. Onlar mənimçün daha yaxşı gələcək qurmaq istəyirdilər, rəssamlıq isə onlara perspektivi məşğuliyyət kimi görünmürdü. Mən fatalistəm. Ancaq eyni zamanda tam əminəm ki, hər kəsin xoşbəxtliyi öz əlindədir. Bizim axırımız tale kitabında əvvəlcədən yazılıb, ancaq ona gedib çıxan bir neçə yol var, yolu isə biz özümüz seçirik. Beləliklə, günlərdən bir gün mən arzumu gerçəkləşdirmək qərarına gəldim. "Facebook”da dostarımdan birinin işlərini gördüm, onlardan əlaqələr istədim və mənə şəhərimizdəki ən yaxşı studiyalardan olan "EmArt studio”nı məsləhət gördülər.
- Məşğələlər nə qədər effektli idi və rəsmin əsas prinsiplərini öyrənmək üçün bu, sənə necə faydalı oldu? Sizə kim dərs keçirdi?
- "EmArt studio”da mən dörd ilimi keçirmişəm. O, mənimçün rəssamlıq məktəbi olub. Orada çoxlu insanlarla tanış olub, dostuq eləmişəm, öyrənmişəm. Emin Qəhrəmanova studiyada yaratdığı şəraitə görə təşəkkür edirəm. Rüfət Əsgərov mənim ilk pedaqoqum olub, onun müşayiətiylə mən ilk dəfə əlimə fırça almışam. Zöhrab Cabbarov idə akvarelin və rəng tonunun allahıdır! Çox şey öyrəndiyim Elçin Bünyatovun adını xüsusilə qeyd etmək sitəyirəm. Onun sayəsində mən özümü ifadə eləməyi öyrənmişəm, onu hər zaman öz müəllimim hesab edəcəm.
- Əgər yanılmıramsa, şəkillərinizi yağlı boyada çəkirsiniz. Boyada siz cəlb edən nədir? Qarışıq texnikada işləməyi sınamısınızmı?
- Bilmirəm, necə alındısa mən yağlı boyada çəkməyə başladım. Planlarda akvareldə çəkmək planı da vardı, ancaq bu cəhd etməkdən daha böyük şeydir. Yağlı boyada çəkmək çox vaxt və enerji, daha köklü yanaşma tələb edir. Ancaq boyanın ətri mənim xoşuma gəlir, onları palitrada ifadə etmək isə ayrıca bir mərasimdir. Bilmirəm fikir vermisiz, ya yox, hər bir rəssam rəngləri özünəməxsus şəkildə palitraya köçürür. Mən isə bunu səliqəylə, ehtiyatla edirəm. Boyaların çəkilməsindən hansı palitranın mənə məxsus olduğunu fərqləndirmək olar.
- Gəlin çəkdiyiniz şəkillərin süjetlərinə keçək. Hansı janrlar favotinizdir?
- Bu suala cavab vermək indi mənimçün çətindir, çünki mən hələ özümü sınayıram. Mənə hamısı maraqlıdır, hamısında özümü sınamaq istəyirəm. Bütün bu janrları qarışdırıb, nəsə özünməxsus bir şey yaratmaq istəyirəm. Rəssam olmaq – daimi axtarış, daim özünü ifadə eləməyə çalışmaq deməkdir. Mən ağır sujetli tutqun, soyuq şəkillər çəkməyi sevmirəm. Dünyada o qədər pis şeylər baş verir ki, sən insanlara xoş gələcək, rahatlıq gətirəcə şeylər yaratmaq istəyirsən. İndi mən daha çox ona fokuslanmağa çalışıram ki, şəkillərim parlaq, isti, gözəl, fakturalı və ideyalı olsun.
- Siz çəkdiyiniz şəkillər arasında populyar yazıçı Natella Osmanlının da portreti var. Bu şəkil necə oldu ki, yarandı?
- Natella Osmanlı ilə (mənimçün o, sadəcə Natadır) biz məktəb illərindən tanışıq, daha da yaxınlaşmız isə Sankt-Peterburqdan olan rəfiqəmizin sayəsində oldu. Mənim ağlımda beə bir ideya yarandı: İsanın doğum günü adlandırılan 33 yaşa dostlarıma ad günündə onların portrelərini bağışlamaq. Amma bu quru bir iş yox, yaradıcı bir şey olmalı idi. Vurğu da onda olmalıydı ki, onları sənin gördüyün xarakterik cizgilər olsun ki, bunlar da onları digərlərindən fərqləndirir. Nata bu siyahıda ilk idi. Yeri gəlmişkən, bu mənim çəkdiyim ilk portretdir. Çətin idi desəm, yalan olmazdı. Bütün proses gizli olmalıydı. Natellanı çəkmək istədiyim pozada onun fotosu mövcud deyildi. İmprovizasiya eləməyə ehtiyac yarandı. Ən əsası, onunçün sürpriz oldu, həmin il onun kitabı çıxmışdı. Mənim şəklimdə də o tülküylə birgə təsvir olunub. Nəyə görə tülküylə, sirr qalsın (gülür).
- Bir çox yaradıcı insanlar kimi yəqin, siz də səyahəti sevirsiniz. Yeni ölkələrdə sizi ən çox cəlb edən nədir və bir rəssam kimi bu, sizə nə verir?
- Səyahət mənimçün dirçəlmədir. Hər bir yeni şəhərdə mən oranın mədəniyyətiylə çulğalaşmağa çalışıram, qısa müddətlik də olsa, bu dünyanın bir parçası olmağa çalışıram. Biz hər səyahətdən yenilənmiş, dirçəlmiş, yeni zirvələr fəth etmək üçün təravətli enerjiylə qayıdırıq. Çoxları bunu gözləsə də, mən demək olar ki, heç vaxt getdiyim ölkələrdə, şəhərlərdə şəkil çəkmirəm.
- Həmin yerlərdəki muzeylərə, qalereyalara, teatrlara, mədəniyyət mərkəzlərinə baş çəkirsinizmi?
- Mütləq! Səyahət edərkən, mən vaxtımın əksəriyyətini belə şeylərə həsr edirəm. Mən Luvr, Prado, Belveder, Uffusi, Vinsent van Qoq, Pikasso, Şaqal muzeylərini, Metropoliteni və Vaşinqtondakı Milli sənət qalereyasını baş çəkməyə fürsət tapmışam. Dünyanın müxtəlif ölkələrində baş çəkdiyim ölkələrin adlarını daha çəkmirəm, siyahı uzun olar. Yaxın planlarda Ermitajı və Neopoldakı "MADRE” müasir incəsənət muzeyini baş çəkmək planım var.
- Bilmək maraqlı olardı, hansı yerli və xarici rəssamların yaradıcılığını daha çox bəyənirsiniz? Rəssamlar arasında kumirləriniz varmı?
- Mənimçün rəsmdə iki Allah var – Van Qoq və Klod Mone. Maraqlı olan odur ki, iki il əvvəl mən heç Van Qoqun adını bilmirdim. Özümdə müşahidə etmişəm ki, bu yaradıcılıq dəryasına nə qədər baş vursam, bir o qədər öyrənirəm, özümçün yeni kəşflər edirəm, bir vaxtlar bilmədiyim şeyləri öyrənirəm. Qarşıdakı illərdə daha da çox şey öyrənəcəm. Azərbaycanlı rəssamlara gəldikdə isə Səttar Bəhlulzadənin işləri ürəyimcədir. O mənimçün azərbaycanlı Van Qoqdur, onların həm dünyagörüşündə, həm də işlərində bənzərlik var. Müasir rəssamlardan isə, pedaqoqlarımdan savayı, Əliyar Əlimirzəyevin işlərini bəyənirəm.
- Siz paytaxtımızda keçirilən qrup sərgilərinin daimi iştirakçısınız. Bakıda fərdi sərginizi keçirməyi planlaşdırırsınızmı?
- Belə bir atalar məsəli var: "Tanrını güldürmək istəyirsənsə, ona öz planlarından danış” (gülür). Amma ciddiyətə qalanda, əlbəttə belə bir plan var. Son vaxtlar Bakıda sərgilər, vernisajlar çox keçirilir. Belə tədbirlərin əksəriyyəti əyləncə xarakteri daşıyır. Şəxsən mən belə sərgilərdə daha çox ciddiyətin olmasını istərdim, rəssamların daha məsuliyyətli olmasını, sərgilənən işlərini daha keyfiyyətli olmasına çalışardım.
- Səbinə Səfərova nə arzulayır?
- Səbinə Səfərovanın rəssam kimi çox ambisiyalı arzuları var: bir gün səhər oyanmaq və indiyə qədər heç kimin düşünmədiyi və eləmədiyi bir şeyi eləmək barədə düşünmək (gülür).
Səbinə Səfərova bir insan kimi sadə şeyləri arzulayır, xoşbəxtlik üçün vacib olan şeyləri: başımızın üstündə sülh dünyası, yolumuzun ayrıcında xeyirxah, qəlbləri sevgiylə dolu insanlar arzulayır, yetər ki, kinsiz küdurətsiz dünya arzulayır.
- Səbinə maraqlı müsahibəyə görə təşəkkür edirik. Biz sizə yaradıcı uğurlar arzulayırıq.
- Təşəkkürlər!
(Fotolar Səbinə Sadıxovanın şəxsi arxivindəndir)
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !