Bu gün Qəbələdə İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan prezidentinin 3 mart 2014-cü il tarixli “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” fərmanından irəli gələn vəzifələr, aparılacaq islahatlar, eləcə də sahibkarların bu barədə məlumatlandırılması məqsədilə tədbir keçirilib.
Qurumdan verilən məlumata görə, tədbirdə İqtisadiyyat və Sənaye, Ədliyyə nazirliklərinin, Dövlət Sosial Müdafiə Fondunun, Azərbaycan Sahibkarlar Konfederasiyasının, Şəki-Zaqatala iqtisadi rayonuna daxil olan şəhər və rayonların icra hakimiyyətlərinin nümayəndələri, həmçinin 100-dən çox sahibkar iştirak edib.
İqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov qeyd edib ki, ölkəmizdə sahibkarlığın inkişafına xüsusi diqqət göstərilir, bu istiqamətdə kompleks dövlət dəstəyi tədbirləri davam etdirilir. S.Məmmədov əlavə edib ki, ölkə başçısının “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına uyğun olaraq, ölkədə biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması üçün müvafiq araşdırmalar aparılıb və hər bir istiqamət üzrə nümunəvi modellər təhlil olunub: “Artıq Nazirlik Fərmanda verilmiş tapşırıqların icrası ilə bağlı təkliflər paketini hazırlamış və aidiyyəti dövlət qurumlarına təqdim edib. Fərmana uyğun olaraq aparılacaq islahatlar çərçivəsində altı qanunun qəbul olunması nəzərdə tutulur. İki qanun tamamilə yeni olacaq, bunlar “Özəl kredit büroları haqqında” və “Təminatlı əqdlər haqqında” qanun layihələridir. Bu qanunların qəbul olunması bank xidmətləri sferasının genişlənməsinə, eləcə də sahibkarların maliyyə xidmətlərinə çıxış imkanlarının daha da artırılmasına imkan yaradacaq”.
Nazirliyin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov dövlət başçısının müvafiq Fərmanının Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması, onun ən qabaqcıl təcrübə əsasında təkmilləşdirilməsi istiqamətində əsas yol xəritəsi olmaqla, qarşıdakı illərdə sahibkarlığın inkişafı üçün geniş imkanlar açdığını qeyd edib.
ANN.Az