Məşhur "Sovetski" küçəsi (indiki Nərimanov prospekti) Bakının ümumi inkişaf planına uyğun olaraq söküləcək. Bu günlərdə sakinlərdən və bölgədə fəaliyyət göstərən "JEK"dən sənədlərin toplanılmasına başlanılıb.
"Evlərin nə vaxt söküləcəyi, söküntüyə görə bizə ödəniləcək məbləğ barədə heç nə deməyiblər. "JEK"dən isə bildiriblər ki, onlar evlərin sökülməsi və kompensasiyaların verilməsiylə məşğul olmurlar", - sakinlərdən biri ANN.Az-a bildirib.
"Sovetski"də evlərin sökülməsi prosesi başlamayıb. Bir müddət əvvəl mətbuatda belə xəbərlər gedirdi ki, 2013-cü ildə bu küçədə tikinti işlərinə start veriləcək, ancaq sonradan məlum oldu ki, işlər təxirə salınıb, səbəb isə məlum deyil.
Bakıda adətən sökülən mənzillərin hər kvadrat metrinə görə 1500 manat kompensasiya verilir. Kompensasiya dövlət qeydiyyatında olan mənzillərə verilir, rəsmi dövlət qeydiyyatı olmayanlara ("kupça"sı olmayanlara) isə verilmir. Əksər hallarda sakinlər tələb etdikləri kompensasiyaları əldə edir və mənzilləri könüllü tərk edirlər.
Kamal Əli
ANN.Az