Azərbaycanın ÜDM-in həcminin 2014-cü ildə 5%, qeyri-neft sektorunun isə 10% artacağı proqnozlaşdırılır.«APA-Economics»in məlumatına görə, bunu Milli Məclisin lenar iclasında «Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında» qanun layihəsi ilə bağlı aparılan müzakirələr zamanı çıxış edən maliyyə naziri Samir Şərifov bildirib.Onun sözlərinə görə, Azərbaycanın 2014-cü il üçün dövlət büdcəsinin gəlirləri 18,384 mlrd. manat, xərcləri isə 20,063 mlrd. manat həcmində nəzərdə tutulub: «Büdcə gəlirlərinin strukturunda 9,337 mlrd. manat Dövlət Neft Fondundan transfert, 7,102 mlrd. manat Vergilər Nazirliyi, 1,510 mlrd. manat Dövlət Gömrük Komitəsinin xətti ilə, 0,4 mlrd. manat büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, qalanı isə sair daxilolmaların payına düşür».Nazir qeyd edib ki, büdcə xərclərinin tərkibində isə əsas yeri sənaye və tikinti xərcləri (6,282 mlrd. manat), dövlət əsaslı vəsait qoyuluşları (6,260 mlrd. manat) tutacaq: «Sosial müdafiə və sosial təminat xərcləri 2,072 mlrd. manat, ümumi dövlət xidmətlərinə 1,997 mlrd. manat, təhsilə 1,653 mlrd. manat, müdafiəyə 1,637 mlrd. manat, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanları üzrə xərclər isə 1,240 mlrd. manat təşkil edəcək». S.Şərifov vurğulayıb, bunun nəticəsində, gələn ilki büdcədə 1,679 mlrd. manat həcmində kəsir nəzərdə tutulub: «Bu ilin proqnoz göstəricilərinə nisbətən büdcə gəlirlərinin 4,0% azalacağı, xərclərin 1,1%, kəsirin isə 2,4 dəfə artacağı gözlənilir».Çıxışının sonunda maliyyə naziri millət vəkillərini dövlət büdcəsi haqqında qanun layihəsini qəbul etməyə çağırıb.ANN.Az