"Boomerang Label” şirkətinin rəhbəri Nigar Məmmədovanın təşəbbüsü, Orxan Məmmədlinin ideya müəllifiliyi və rejissorluğu ilə "Sarı gəlin” mahnısına yeni nəfəs verilib.
"Sarı gəlin”in klipi Bənövşə Allahverdiyavanın ifasında qrafika əsasında özünəməxsus tərzdə hazırlanıb. Layihənin ideyası beş il əvvəl yaransa da, reallaşması zəfər tariximizin yaşandığı ilə təsadüf edib.
"Boomerang Label” şirkətinin reallaşdırdığı "Sarı gəlin” layihəsinin rəhbəri, baş prodüser və montaj rejissoru Nigar Məmmədova bu təşəbbüslə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə müraciət edib və birgə əməkdaşlıq nəticəsində "Sarı gəlin”in yeni tərzdə təqdimatı reallaşıb.
Klipdə şərqdə qadının gücü tərənnüm olunur. Göstərilir ki, türk soylarında savaşın ortasına atılan qadın örpəyi qanlı müharibəni dayandırır. Üz-üzə döyüşə girən əsgərlər örpəyini açıb ayaq altına atan qadına baxmamaq üçün üzlərini geri çevirir və beləliklə, savaş dayanır.
Məzmunda Şirvanşahlar, Ağqoyunlu, Atropatena, Səfəvilər dövlətinin güc simvolları, tarixi bayraqları yer alıb. Klipdə bütün Yaxın Şərqdə qüdrətli hərbi-siyasi amilə çevrilən Azərbaycan dövlətçiliyinin ənənələri, vətən- torpaq bağlılığı əks olunur.
Vizuallığı ilə də fərqli tərz sərgiləyən "Sarı gəlin” klipində müğənni Bənövşə Allahverdiyevanın geyimini Bakı Milli Geyim Evi təqdim edib. Klipdə rol alan aktyorların geyimi rəssam Rüfət Balakişiyevə, qrimi Aytən Hüseynzadəyə aiddir. Klipin VFX-i isə İlkin Eminova məxsusdur.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !