“Savaş başlasa, İrandakı, Gürcüstandakı soydaşlarımız seyrçi qalmayacaq”

17:34 | 05.08.2014
“Savaş başlasa, İrandakı, Gürcüstandakı soydaşlarımız seyrçi qalmayacaq”

“Savaş başlasa, İrandakı, Gürcüstandakı soydaşlarımız seyrçi qalmayacaq”

Elxan Şahinoğlu: “Kremlin quyruğu qapı arxasında qalıb”

Ermənistan-Azərbaycan cəbhəsində hərbi əməliyyatların genişlənməsi siyasi gündəmin əsas müzakirə mövzusudur. Azərbaycan cəmiyyəti 20 ildən artıqdır davam edən işğalın sona çatması üçün səfərbər olmağa hazır kimi görünür. “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu ilə cəbhə xəttində baş verən olayların həm ölkədaxili, həm də regional siyasətə təsir imkanlarını aydınlaşdırmağa çalışdıq.

- Elxan bəy, bu gün ən çox səslənən sual cəbhə bölgəsindəki intensiv hərbi əməliyyatları hansı tərəfin başlaması ilə bağlıdır. Sizcə, təmas xəttindəki gərginliyi hansı tərəf yaratdı? 

- Versiyalardan biri budur ki, hücum təşəbbüsü Azərbaycandan olduğu üçün itkilərimiz çox olub. Bu versiyanı o qədər də inandırıcı saymıram. Çünki işğalçının hansısa postunu ələ keçirmək və ya düşmənin arxa xəttinə keçib kəşfiyyat əməliyyatı həyata keçirmək planına müdafiə naziri özü birbaşa rəhbərlik etməli idi. Azərbaycan 10-dan çox şəhid verdiyi günlədə müdafiə naziri xaricdə istirahətdə idi. Məncə, həmin günlər düşmənin diversiya əməliyyatı keçirmişdi. 

- Hərbi əməliyyatları bərpa etmək Ermənistana gərəkdirmi?

- Səfər Əbiyevdən fərqli olaraq Zakir Həsənov çevik nazirdir. Onun orduya baxışı Əbiyevin baxışından fərqlidir. Əbiyev bu illərdə lətifəyə çevrilən “lazım gələrsə” deyib tənbəlləşmişdi. Həsənov isə cəbhə bölgəsindəki durumu dəyişmək və işğalçının nəbzini yoxlamaq üçün fəaliyyətə keçməyə üstünlük verir. Qısa müddətdə işğalçı kifayət qədər itki verib. Cəbhə bölgəsindəki bu dəyişiklik təbii, Ermənistan hakimiyyətini narahat edir. Ona görə də, onlar Azərbaycan ordusunun fəallığına qarşılıq vermək üçün münasib vaxt seçdilər, müdafiə naziri tətildə olarkən, diversiya həyata keçirdilər. Məqsədləri Bakıya cəbhə bölgəsində balansın Azərbaycanın xeyrinə pozulmasına imkan verməyəcəklərini göstərmək olub. Ancaq onlar bu diversiyalarının gələcək nəticəsini hesablamayıblar. İrəvan ehtimal edib ki, diversiya əməliyyatı keçirib əsgərləri qətlə yetirməklə Azərbaycanın gözünü qorxudacaq, Bakını yeni həmlələr haqqında düşünməkdən çəkindirəcək. Ancaq tam tərsi baş verdi. Son hadisə Azərbaycan ordusunu, eləcə də cəmiyyəti silkələdi. Bu gün cəmiyyət savaş tələb edir. Əhali işğalçını cəzalandırmaq və torpaqları azad etmək üçün ali baş komandanın əmrini gözləyir. 

- Aşağıların tələbinə hökumətin reaksiyasını necə dəyərləndirirsiz? Savaş başlayacaq? 

- Bu istisna deyil. Hətta bugünkü toqquşmalar genişmiqyaslı müharibəyə gətirib çıxarmasa belə düşmən və beynəlxalq aləm anlamalıdır ki, Azərbaycan hazırkı status-kvo ilə barışmayacaq. Bəzən rəsmilərimiz və generallarımız atəşkəsin pozulması hallarına görə müdafiə mövqeyində dayanır, qarşı tərəfi ittiham edirlər. Ancaq əslində hamı anlamalıdır ki, bu atəşkəs bizim maraqlara cavab vermir,  ermənilər ilkin olaraq Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmasalar Demokl qılıncı hər zaman onların başı üzərində olacaq. Dağlıq Qarabağın erməni əhalisi anlamalıdır ki, nə vaxta qədər ki Azərbaycan torpaqları işğal altındadır onların sakit yaşaması mümkün deyil.  

- Mümkün müharibənin geosiyasi nəticələri nə ola bilər?  

- Türkiyə birmənalı şəkildə Azərbaycanı müdafiə edəcək. Tehran və Moskva isə Azərbaycanın hərbi qələbəsində maraqlı deyillər. Ona görə də onlar erməni separatçılarına dəstəklərini əsirgəməyəcəklər. Bunu biz bəri başdan nəzərə almalıyıq. O ki qaldı, ABŞ və Avropa Birliyinə onlar növbətçi bəyanatlarla kifayətlənəcəklər. Bu bəyanatların real nəticələr verməsi isə ciddi sual altındadır. Ukrayna Qərbə Azərbaycandan da yaxındır. Ancaq Vaşinqton və Brüssel Ukraynanın parçalanmasına, separatçıların Rusiya tərəfindən dəstəyinə mane ola bilirlərmi? Aydındır ki,  Qərb Azərbaycanın enerji resurslarının dünya bazarlarına çatdırılmasında, ölkənin Rusiyanın təsiri altına düşməməsində maraqlıdır. Ancaq Qərb eyni zamanda, Azərbaycanın ərazi bütövlüyünü təmini üçün də əlini ağdan qaraya vurmur. Odur ki, təşəbbüsü özümüz ələ almalıyıq ki, nəticədə Qərb və Rusiya məhz Ermənistana təzyiq etsinlər.  

- Avqustun 8-də dövlət başçılarının Soçi görüşündən nə  gözləyirsiniz? 

- Rusiya yenə zorla bizə vasitəçiliyini sırımaq istəyir. Vladimir Putin prezident seçiləndən bu yana bir dəfə də Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyib. İndi isə Kremlin quyruğu qapı arxasında qalıb deyə, təcili prezidentləri Soçiyə yığmağa çalışırlar. Həmin görüşə bir neçə gün qalıb. Soçi görüşündə Dağlıq Qarabağ probleminin həlli ilə bağlı yalnız bir halda hansısa irəliləyişə ümid etmək olar: bu az müddətdə separatçılar bizdən daha güclü zərbələr almalıdırlar ki, masa arxasında mövqeyimiz güclü olsun, əks halda Soçi görüşü nəticəsiz qalacaq. Rusiya status-kvonun dəyişməsini istəmir. Eyni zamanda Ukraynada böhran yaradan Putin Qərbin sanksiyalarından da qurtulmaq istəyir. Bunun üçün isə o Azərbaycanla Ermənistan arasında özünü “barışdırıcı” fiqur kimi sırıya bilər. Ancaq Putindən Ermənistana təzyiq gözləmirəm. Baxın, rəsmi Bakı Vaşinqtonun siyasətini bəyənmir, ancaq məhz amerikalı rəsmilər və diplomatlar son zamanlar intensiv şəkildə deyirlər ki, Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmalıdırlar. Oxşar açıqlamaları rus rəsmilərindən və diplomatlarından eşitmişikmi? Yox, çünki bu onların maraqlarına cavab vermir. Yenə də təkrar edirəm, təşəbbüsü biz öz əlimizə almalı və ətraf aləmi bu təşəbbüslə hesablaşmağa vadar etməliyik. 

- Bu gün dünyadakı bir çox savaşların kökündə din faktoru dayanır. Qarabağ savaşında din faktoru önə keçə bilərmi?  

- 1990-cı illərin müharibəsində fərqli olaraq budəfəki ehtimal edilən müharibə dini amil mahiyyəti daşıya bilər. Ermənistana qarşı cihad elanı Azərbaycan uğrunda savaş istəyən insanları ölkəmizə toplaya bilər. Elə öz azərbaycanlılarımız da Suriya və İraqın hədəfi bəlli olmayan müharibəsi uğrunda ölməkdənsə, öz torpaqlarının azadlığı uğrunda savaşıb şəhid olarlar. Təsəvvür edin, Suriya və İraqda ölən azərbaycanlıların sayı yüzlərlədir. Həmin insanlar Qarabağın neçə kəndini düşməndən azad edə bilərdilər. Müharibənin dini rəng alması Kremli də qorxudur. Çünki, belə bir müharibə Şimali Qafqaza da təlatüm gətirər. İranda yaşayan azərbaycanlılar da Dağlıq Qarabağ uğrundakı savaşa seyrçi qalmazlar. Müharibə Gürcüstandan da yan keçməyəcək. Bu ölkədə həm boru kəmərlərinə qarşı diversiyalar arta bilər, həm də azərbaycanlılarla ermənilər arasında toqquşmalar istisna deyil. Bir sözlə, ABŞ, Avropa Birliyi, Rusiya, İran və Gürcüstan bölgədə müharibə istəmirlərsə, Ermənistanı yola gətirməlidirlər.

Aygün Muradxanlı

Musavat.com

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti