Şübhəli pul köçürmələrini kimlər həyata keçirib? - ŞOK RƏQƏMLƏR

01:02 | 02.10.2014
Şübhəli pul köçürmələrini kimlər həyata keçirib? - ŞOK RƏQƏMLƏR

Şübhəli pul köçürmələrini kimlər həyata keçirib? - ŞOK RƏQƏMLƏR

Maliyyə Monitorinq Xidməti milyonlarla dövriyyəsi olan əməliyyatlarla bağlı MTN-ə müraciət edib.
Ötən il 344 milyon manatlıq pul vəsaiti ilə bağlı əməliyyatlar yüksək riskli və şübhəli sayılıb
Kommersiya bankları tərəfindən cinayətkarlıq yolu ilə əldə edilməkdə şübhəli bilinən pulların həcmi və ya keçirilən əməliyyatların sayı kəskin artıb. Mərkəzi Bank yanında Maliyyə Monitorinq Xidmətinin (MMX) 2013-cü ilə dair hesabatından belə məlum olur. Monitorinq zamanı ümumi 344 milyon manatlıq vəsaitdən söhbət gedir ki, onun 230,1 milyonu yüksək riskli əməliyyatlar, 113,9 milyon manatı isə şübhəli əməliyyatlar hesab olunur. 

Halbuki, 2012-ci ilə dair hesabatda bu rəqəmlər ümumi olaraq 30 milyon manat, o cümlədən 2010-2012-ci illər ərzində isə cəmi 60 milyon manata yaxın olub. Belə aydın olur ki, bir il ərzində yüksək riskli və şübhəli əməliyyatların həcmi on dəfədən çox artıb.

MMX artımın səbəbini monitorinq subyektlərinin maarifləndirilməsi işlərinin mütəmadi qaydada aparılmasının nəticəsi kimi izah edir. 

Xidmətə göndərilən məlumatların həcmi əvvəlki illə müqayisədə 23,4 faiz artaraq 328853-ə çatıb. Hesabat dövründə monitorinq subyektlərindən bir iş günündə orta hesabla 1364 məlumat daxil olub. Ümumilikdə, 2011-2013-cü illər ərzində çirkli pulların yuyulmasında şübhəli bilinən 838005 əməliyyat barədə məlumat daxil olub ki, onun da 92,7 faizi cari, 7,2 faizi yüksək riskli, 0,2 faizini isə şübhəli əməliyyatlar təşkil edib.

Eyni zamanda məlumatların 52 faizini fiziki şəxslər, 48 faizini isə hüquqi şəxslər tərəfindən aparılmış əməliyyatlar təşkil edib.
Qeyd edək ki:

- Cari əməliyyatlar dedikdə- 20 000 AZN və daha artıq məbləğdə nağd şəkildə həyata keçirilən əməliyyatlar.

- Yüksək riskli əməliyyatlar - əməkdaşlıq etməyən ölkələr və ölkə vətəndaşları ilə həyata keçirilən əməliyyatlar, xarici dövlətlərin siyasi xadimləri ilə həyata keçirilən əməliyyatlar, 
Müştərinin öz adından fəaliyyət göstərməməsi və ya üçüncü şəxsin adından çıxış etməsi barədə şübhəli olan əməliyyatlar, BMT-nin TŞ-nin siyahısına daxil edilmiş şəxslərlə həyata 
keçirilən əməliyyatlar, müştəri və benefisarla bağlı əvvəllər təqdim edilmiş eyniləşdirmə məlumatlarının doğru olmamasının aşkarlandığı əməliyyatlar.

- Şübhəli əməliyyatlar isə - pul vəsaitlərinin və ya digər əmlakın cinayət yolu ilə əldə edilməsi və ya terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı olmasına şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan halların olduğu əməliyyatlar nəzərdə tutulur.

Hesabatdan məlum olur ki, 2013-cü ildə MMX-ya daxil olmuş məlumatların əsas hissəsini 20 min manat və daha artıq məbləğdə nağd şəkildə həyata keçirilən əməliyyatlar təşkil edib.
2012-ci ilə nisbətən 2013-cü ildə cari əməliyyatlar 25 faiz, şübhəli əməliyyatlar 19 faiz, yüksək riskli əməliyyatlar isə 4 faiz artıb.

İntervallar- manat

Cari əməliyyatlar

Yüksək riskli əməliyyatlar

Şübhəli əməliyyatlar

Bütün əməliyyatlar

0-5000

0 %

86,5 %

42,8 %

14,3 %

50001-10000

0 %

4,2 %

6,8 %

1,2 %

10001-20000

6,1 %

2,9 %

13,9 %

4,8%

20001-100  min

74,7 %

5,9 %

10,7 %

63,2 %

100  min- 1 milyon

17,4 %

1,3 %

 19,3 %

14,9 %

milyon

1,9 %

0,1 %

6,6 %

1,6 %


Hesabat dövründə MMX-yə daxil olan məlumatların araşdırılması nəticəsində cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması şübhəsi olan 45 hal barədə  prokurorluq orqanlarına, terrorçuluğun maliyyələşdirilməsinə şübhəsi olan 19 hal barədə Milli Təhlükəsizlik Nazirliyinə məlumat verilib.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyevin fikrincə, çirkli pulların yuyulması ilə bağlı əməliyyatların artımını bir neçə səbəblə izah etmək olar. Birincisi, bu istiqamətdə monitorinqlərin genişləndirilməsidir: «Maliyyə Monitorinqi Xidməti beynəlxalq təşkilatların tövsiyələri əsasında yaradıldı. Bu qurum çirkli pulların yuyulmasının monitorinqini aparmaq və bunun qarşısını almaq məqsədilə yaradılan bir mərkəzdir. Monitorinq Xidməti ölkəyə daxil olan və xaric olan əməliyyatları yoxlayır. Beynəlxalq təşkilatların təpkiləri əsasında hesabatlılığı artıra bilərlər».

S.Əliyev şübhəli və yüksək riskli əməliyyatların artmasının başqa  səbəbi kimi isə qeyri-hökumət təşkilatlarına qarşı yoxlamaların artmasını güman edir: «Ola bilsin ki, QHT-lərlə bağlı məsələ də rəqəmin artımına təkan verib. Son günlər bir çox cinayət işləri qaldırılıb, Amerika təşkilatları və bankları tərəfindən köçürülən pulları şübhəli əməliyyat kimi qeydə alırlar. Çox güman ki, bu istiqamətdə çoxlu sayda bank hesablarının bağlanması MMX-nin rəqəmlərinin böyüməsinə gətirib çıxarıb. Amma burada bir məsələ var ki, QHT-lərlə bağlı işlərin böyük hissəsi daha çox cari ilə düşür. Bu il belə hesablar daha çox 
dondurulduğundan 2014-cü ilin hesabatında statistika daha da böyüyə bilər. 

Başqa bir səbəbləri isə göstərə bilmirəm. Yaxşı olar ki, qurumun özü riskli və şübhəli əməliyyatların yüksək artımının səbəblərini dəqiq izah etsin» deyə ekspert vurğuladı.
//bizimyol.info
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM