Sentyabrın 1-nə təyin edil'n Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar seçki bülletenlərinin çapına başlanılıb. Bu barədə "Seçki 2024” Müstəqil Media Mərkəzi xəbər verib.
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Komissiya üzvləri və Katibliyin təmsilçiləri ilə birlikdə çap prosesinin gedişi və bununla bağlı yaradılan şəraitlə tanış olub.
MSK sədri seçki bülletenlərinin əsas seçki sənədlərindən biri olduğunu və vətəndaşların öz konstitusion hüquqlarını reallaşdırmasında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
"Seçki Məcəlləsinə əsasən seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblərin MSK-nın qərarı ilə müəyyən olunduğunu və Milli Məclisə seçkilərdə 6 516 567 (altı milyon beş yüz on altı min beş yüz altmış yeddi) seçki bülleteni hazırlanacaq", - Pənahov qeyd edib.
Komissiya sədri seçki bülletenlərinin çapı və aidiyyəti üzrə aşağı seçki komissiyalarına paylanılması ilə bağlı zəruri tövsiyələrini də diqqətə çatdırıb.
Proseslə tanışlıqdan sonra MSK sədri Məzahir Pənahov həm seçki bülletenlərinin çapı, həm də ümumiyyətlə Milli Məclisə seçkilərə hazırlıqların gedişi barədə media mənsublarına açıqlama verib, fikirlərini bölüşüb və jurnalistlərin suallarını cavablandırıb.
Seçki bülletenlərinin çap prosesi zəruri təhlükəsizliyin təmin edilməsi şərti ilə beynəlxalq təşkilatlar, seçki müşahidə missiyaları, media nümayəndələri və seçkilərin iştirakçısı olan bütün maraqlı subyektlər üçün tamamilə açıq həyata keçirilir.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !