Bir gün öncə Azərbaycan məbuatında hüquq müdafiəçisinin həbsinin ailə daxili münaqişə ilə əlaqəli olması barədə məlumat dərc edilib.
"Bir müddət öncə Rüfət Səfərov özlərinə məxsus torpaq sahəsini ailəsindən xəbərsiz bir nəfərə satıb və pulunu tam şəkildə alıb. Bundan sonra atası Eldar Sabiroğlu ilə onun arasında mübahisə başlayıb. Buna səbəb R.Səfərovun torpağın satılmasından əldə edilən gəlirdən atasına verməməsi olub. Bu səbəbdən tərəflərin münaqişəsi daha da böyüyüb. Bu münaqişədə Rüfət Səfərovun xalası qızının da iştirak etdiyi bildirilir”, - Qafqazinfo.az saytında dərc edilən məlumatda bildirilib.
Məlumata görə, çıxılşmaz vəziyyətdə qalan ata cavab üçün torpağı alan şəxsi həmin əraziyə tikinti aparmasına icazə verməkdən imtina edib və nəticədə münaqişə yaranıb.
"Rüfət Səfərovun həbs olunmasının ailə məsələsi ilə heç bir əlaqəsi yoxdur. Qəti elə bir hadisə olmayıb. Bu Rüfətin bir neçə gün sonra Amerikada mükafat almasının qarşısını almaq üçün hazırlanan qurama iş idi”, - Səfərovun anası bildirib.
Tahirə Tahirqızının sözlərinə görə, onun əri Eldar Sabiroğlu iki il öncə Novxanıda onlara məxsus olan torpaq sahəsinin bir hissəsini satıb və bu prosesdə oğlu Rüfət Səfərov ümumiyyətlə iştirak etməyib.
"2 il öncə Novxanıda olan torpağımızın yarsını satmışıq. Orada Rüfət iştirak etməyib. Mən və həyat yoldaşım Eldar Sabiroğlu bu işi görmüşük. Təxminən altı ay sonra həmin şəxs torpağın qalan hissəsini də istəyib. Eldar bəy torpağın həmin hissəsini satmağa razılaşmadığı üçün həmin şəxs Rüfətə zəng edib. Rüfət bəy də bildirib ki, o bu işə qarışmır. Bununla da məsələ bitib”, - Tahirqızı əlavə edib.
Bir gün əvvəl Binəqədi Rayon Məhkəməsi hüquq müdafiəçisi Rüfət Səfərov barəsində 4 aylıq həbs qətiimkan tədbiri seçib. Səfərovun vəkili Cavad Cavadov bildirib ki, hüquq müdafiəçisi səsləndirilən ittihamlarla özünü günahkar bilməyib.
Vəkil həmçinin Binəqədi rayon məhkəməsinin qərarından appelasiya şikayəti verəcəyini əlavə edib.
Bu arada Azərbaycanda fəaliyyət göstərən bir sıra qərb ölkələrinin səfirləri Azərbaycanı həbsdə olan hüquq müdafiəçisini azad etməyə çağırıb.
Azərbaycan Xarici İşlər Nazirliyi buna "bu bəyanatlar Azərbaycanda müstəqil məhkəmə sisteminə açıq-aşkar zərbə vurmaq cəhdidir” cavabını verib.
Keçmiş müstəntiq Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə), 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham olunur.
Bundan əvvəl 2016-ci ildə Rüfət Səfərov barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsiylə cinayət işi başlanıb və o 9 il müddətinə azadlıqdan məhrum edilib. Lakin 2019-cu il Prezident İlham Əliyevin "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı ilə azadlığa çıxıb.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !