Azərbaycan və Tacikistan Səudiyyə Ərəbistanı Krallığının rəhbərliyi altında İslam hərbi koalisiyasına daxil olma imkanlarını nəzərdən keçirirlər.
Oxu.Az İTAR-TASS-a istinadən xəbər verir ki, bu barədə "Aşarq əl-ausat” qəzeti məlumat yayıb.
Tacikistan rəhbərliyi hal-hazırda Səudiyyə Ərəbistanının terror ilə mübarizə üçün İslam koalisiyasına daxil olma təklifini öyrənir.
Səfir Şərifi Azamşo Lətifzodanın bildirdiyinə görə, Tacikistan prezidenti Emomali Rahmon yanvar ayında Səudiyyə Ərəbistanına səfər edəcək və kral Salmanla görüşəcək.
Görüşdə tərəflər terrorizmlə mübarizə sahəsində ikitərəfli əməkdaşlığı və Tacikistanın İslam hərbi koalisiyasında iştirakı perspektivini müzakirə edəcəklər.
Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Rasim Rzayev Azərbaycanın Səudiyyə Ərəbistanının təklifini nəzərdən keçirdiyini təsdiqləyib.
"Azərbaycan Ər-Riyadın terrorizmlə mübarizədə göstərdiyi səyləri dəstəkləyir və bu, bizim ölkənin maraqlarına uyğundur. Ona görə də biz İslam hərbi koalisiyasına daxil olmaq təklifini nəzərdən keçiririk”, - deyə diplomat bildirib.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı dekabrın 15-də hərbi və ideoloji planda terrorizmlə mübarizə üçün İslam koalisiyasının yaradılması təşəbbüsü ilə çıxış edib.
Koalisiyaya 33 ölkə daxil olub: Misir, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, Banqladeş, Bəhreyn, Benin, Türkiyə, Tunis, Seneqal, Syerra-Leon, Sudan, Somali, Fələstin, Qətər, Küveyt, Livan, Liviya, Mali, Malayziya, Niger, Nigeriya, Yəmən, Çad, Toqo, Qabon, Qvineya, Cibuti, Mərakeş, Kot-divuar, Mavritaniya, Maldiv və Komor adaları.
İndoneziya daxil olmaqla 10-dan çox müsəlman ölkəsi isə koalisiyanı dəstəklədiyini bəyan edib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !