Səfir Azərbaycanda saxlanılan İran vətəndaşından danışdı

12:43 | 22.11.2013
Səfir Azərbaycanda saxlanılan İran vətəndaşından danışdı

Səfir Azərbaycanda saxlanılan İran vətəndaşından danışdı

 İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin Azərbaycan saxlanılan və İsrail səfirliyinə qarşı terror aktın hazırlamasında ittiham olunan İran vətəndaşı Həsən Fərəci ilə bağlı açıqlama verib. Səfir APA-ya bildirib ki, səfirliyin əməkdaşları saxlanılan şəxslə görüşüblər və onun vəziyyəti qənaətbəxşdir. M. P. Ayin əlavə edib ki, H. Fərəci İsrail səfirliyinə qarşı terror aktın hazırlanması ittihamlarını qəbul etməyib: “Bu, israillilər tərəfindən bizim əlaqələrimizi pozmaq üçün ortaya atılan təbliğat xarakterli şayiələrdi. Biz bu cür məlumatlara fikir vermirik. Həmin şəxs tacirdir və anlaşılmazlıq nəticəsində həbs edilib. Düşünürəm ki, hər şey qaydasında olacaq”. Səfir eyni zamanda vurğulayıb ki, bu hadisə İran və Azərbaycan arasında mövcud əlaqələrə heç bir təsir göstərməyəcək. Qeyd edək ki, İranın Azərbaycandakı səfirliyi ölkəmizdə saxlanılan İran vətəndaşı Həsən Fərəci ilə bağlı açıqlama yayıb. Məlumatda deyilir ki, noyabrın 20-də İran İslam Respublikasının konsulu Bakıda həbs edilmiş İran Həsən Fərəci vətəndaşı ilə görüşüb. Konsul bildirib ki, onun ümumi vəziyyətinin qənaətbəxşdir. Saxlanılan şəxs konsul ilə görüşündə İranın öz vətəndaşlarına qarşı diqqətli olduğuna görə təşəkkür edib və bildirib ki, onun vəziyyətinin normal olduğunu barədə məlumat ailəsinə çatdırılsın. O, ona qarşı irəli sürülən ittihamları rədd edərək bildirib ki, istintaq mərhələsi sona çatıb və onun günahsızlığı sübut yetiriləcəyinə ümid olduğunu deyib. İranın Azərbaycandakı konsulu da Həsən Fərəcinin vəziyyətinin normal olduğunu bildirərək qeyd edib ki, onun azad olunması üçün fəaliyyət davam etdirilir. Məlumatda həmçinin qeyd olunur ki, İran İslam Respublikasının Azərbaycandakı səfirliyi iki həftə əvvəl mətbuat vasitəsilə bu İran vətəndaşının həbs edilməsindən xəbər tutub və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə nota göndərərək İran konsulunun onunla görüşməsi üçün lazımi icazənin verilməsini istəyib. Aparılmış səylər nəticəsində bu görüş iki həftədən sonra mümkün olub.  Xatırladaq ki, oktyabrın 31-də axşam saatlarında İsrailin Azərbaycandakı səfirliyinin binasında insident olub. İran İslam Respublikasının vətəndaşı, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi ev 23, mənzil 12 ünvanında müvəqqəti qeydiyyatda olan, 1982-ci il təvəllüdlü Həsən Bəhlul oğlu Fərəci saat 19:30 radələrində İzmir küçəsi, 1033-cü məhəllə ünvanında yerləşən İsrailin Azərbaycandakı səfirliyinə gəlib. İran vətəndaşı özünü şübhəli apardığı üçün post-patrul xidməti əməkdaşının diqqətini cəlb edib. Binada xidmət aparan Yasamal rayon Polis İdarəsi Post-patrul bölüyünün əməkdaşı, polis baş serjantı Vüsal Ağamalı oğlu Mirzəyev həmin şəxsi saxlamağa cəhd edib. Lakin İran vətəndaşı polisin qanuni tələbinə məhəl qoymayıb və qarşıdurma yaradıb. Daha sonra H.Fərəci saxlanılaraq polis bölməsinə, oradan isə məhkəməyə aparılıb. Növbətçi hakim H.Fərəcini 30 sutka həbs cəzasına məhkum edib. Hazırda H.Fərəcinin İsrail səfirliyinə gəlməsinin məqsədi və digər maraqlı məqamlar araşdırılır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM