Səfir rəsmi Bakının xarici siyasət prioritetlərini açıqladı

11:22 | 27.01.2014
Səfir rəsmi Bakının xarici siyasət prioritetlərini açıqladı

Səfir rəsmi Bakının xarici siyasət prioritetlərini açıqladı

 Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov Azərbaycan Respublikasının xarici siyasət prioritetlərini açıqlayıb.APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, C.Axundov bildirib ki, SSRİ dağıldıqdan sonra Azərbaycan Respublikası yenidən öz müstəqilliyini bərpa edib: “Bundan sonra ölkəmiz BMT, ATƏT, Avropa Şurası (AŞ), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO), Qoşulmama Hərəkatı (NAM) və digər beynəlxalq və regional təşkilatlara rəsmi üzv qəbul edildi. Biz postsovet məkanında BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü (2012-2013-cü illər) seçilmiş ilk ölkəyik. Məhz Azərbaycanın sədrliyi dövründə BMT Təhlükəsizlik Şurası ilə İslam Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlıq məsələsi ilk dəfə BMT TŞ-nin xüsusi yığıncağında araşdırılıb. Bizim bütün təşkilatlarda siyasətimiz sülh və dostluq üzərində qurulub”. Səfir deyib ki, Azərbaycanın xarici siyasətində Heydər Əliyev tərəfindən müəyyən edilmiş ən mühüm vəzifə xarici ölkələrlə balanslaşdırılmış və çoxşaxəli əlaqələr qurmaq, qonşu ölkələrə münasibətdə əlavə diqqət, qarşılıqlı əməkdaşlıq və mehriban qonşuluq siyasətinin qorunub saxlanılmasına nail olmaqdır: “Biz xarici siyasətimizdə bu strategiyaya riayət edərək, bütün ölkələrlə, xüsusilə qonşu ölkələrlə dostluq əlaqələri qurmuşuq. Azərbaycanın xarici siyasətində yalnız Ermənistan istisna təşkil edir. Ermənistan Azərbaycan ərazisinin 20%-ni işğal edib. Bu işğal nəticəsində bir milyon azərbaycanlı öz ev-eşiyini məcburi tərk edib və qaçqın düşüb. Bu o deməkdir ki, Azərbaycanın 9 milyon 450 min əhalisi arasında hər 9 nəfərdən biri qaçqındır. Biz heç vaxt bu məsələyə göz yummayacağıq və hazırda işğal olunmuş ərazilərimizin sülh yolu ilə və beynəlxalq təşkilatlar vasitəsilə azad edilməsi üçün çalışırıq. Lakin Ermənistan öz işğalçılıq siyasətini davam etdirərsə, Azərbaycanın da bir dövlət kimi işğal olunmuş ərazilərini azad etmək hüququ var. Bu hüquq da beynəlxalq qaydalar çərçivəsində həyata keçiriləcək”. C.Axundov vurğulayıb ki, 1993-cü ildə Ermənistanın Azərbaycana qarşı güc tətbiq etməsi və bu ölkənin torpaqlarının 20%-ni işğal etməsi BMT Təhlükəsizlik Şurası və dünya ictimaiyyəti tərəfindən rəsmi şəkildə tanınıb: “Eləcə də bu ölkənin etnik təmizləmə siyasəti ilə bağlı 4 qətnamə qəbul edilib. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində bir daha Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığı tanınıb, Ermənistandan işğal etdiyi ərazilərdən dərhal və qeyd-şərtsiz çıxması tələb edilib. Ancaq Ermənistan BMT TŞ-nin qətnamələrinə laqeyd qalıb və onları icra etməkdən boyun qaçırır. Bu münaqişə başlayandan bəri İslam Əməkdaşlıq Təşkilatı Ermənistanın Azərbaycana qarşı addımını açıq təcavüz aktı kimi qiymətləndirib. Eyni zamanda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət başçılarının Tehranda keçirilmiş XVI sammitində də Qarabağ bir daha Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM