Həmin şəxslərdən bəziləri səhhətlərində yaranan problemlərlə əlaqədar müalicə olunduqlarını söyləməkdən çəkinmirlər. Bəzi vəzifəli və tanınmış şəxslər isə səhhətlərində yaranan problemlərlə bağlı mətbuatda yayılan xəbərləri təkzib edirlər, əksinə idmanla məşğul olduqlarını qeyd edirlər.
Ölkə.az-a istinadən səhhətlərində problemlər yaranması ilə bağlı barələrində ən çox xəbərlər yayılan şəxsləri təqdim edir:
Baş nazir Artur Rasi-zadə
Bu ilin fevral ayında bir çox saytlarda Azərbaycanın 82 yaşlı Baş naziri Artur Rasi-zadənin səhhətində yaranan problemlərlə əlaqədar istefa ərizəsi yazması barədə xəbərlər yayılıb.
Xəbərdə deyilirdi ki, Artur Rasi-Zadənin fevralın 26-da 83 yaşı tamam olacaq:
"Artur Rasi-Zadənin yaşı və səhhəti ilə əlaqədar baş nazir vəzifəsindən getməsinə razılıq verilməsi üçün bu vaxta qədər iki dəfə ölkə rəhbərliyinə müraciət etdiyi bildirilir. Ölkə rəhbərliyinin isə ona bir qədər də gözləməyi tövsiyə elədiyi, başlanan struktur islahatlarının mərhələli şəkildə davam etdiyi və prosesin gedişində baş nazir məsələsinin də aydınlaşacağının çatdırıldığı qeyd edilir”.
Sonradan bu xəbər Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri Akif Əli tərəfindən təkzib edilib.
Baş nazirin müavini Abid Şərifov
Artur Rasi-Zadənin 77 yaşlı müavini olan Abid Şərifovun səhhəti ilə bağlı da mətbuatda tez-tez xəbərlər yayılıb. Sonuncu dəfə belə xəbər bu ilin aprel ayının əvvəlində yayılıb. Həmin vaxtı İsrail mediasında yayılan məlumata görə, Abid Şərifov xüsusi reyslə ürəkdəki elektrik keçiriciliyinin ciddi pozuntuları diaqnozu ilə bu ölkənin Hayfa şəhərindəki RAMBAM klinikasına aparılıb və təcili müalicəyə qəbul edilib, adı çəkilən klinikanın kardioloji şöbəsinə yerləşdirilib. Bu xəbər az sonra təsdiq olunub.
Maliyyə naziri Samir Şərifov
Son günlər ölkə KİV-də yayılan məlumatlara görə, Azərbaycanın 56 yaşlı maliyyə naziri Samir Şərifovun da səhhətində problem yaranıb. Hələlik bu xəbər nə təkzib, nə də təsdiq edilməyib.
Vergilər naziri Fazil Məmmədov
Bu ilin iyul ayında KİV-də yayılan digər məlumata görə, Azərbaycanın 53 yaşlı vergilər naziri Fazil Məmmədovun səhhəti pisləşib.
Yayılan xəbərlərə görə, Fazil Məmmədovun səhhətində yaranan problemin əsas səbəbi nazirin pəhriz üçün istifadə etdiyi dərmanların onda sinir pozuntusuna yol açmasıdır.
Xəbəri yayan sayt sözügedən məlumatları dəqiqləşdirmək üçün Vergilər Nazirliyi ilə əlaqə saxlamağa çalışdığını, lakin heç bir cavab ala bilmədiyini qeyd edib.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov
İki ay öncə KİV-lərdə 56 yaşlı fövqəladə hallar naziri (FHN) Kəmaləddin Heydərovun səhhəti ilə bağlı yeni xəbərlər yayılıb.
Misal üçün, "10may.az” saytı qeyd edir ki, nəqliyyat naziri Ziya Məmmədovun tutduğu vəzifə ləğv ediləndən sonra Fövqalədə Hallar Nazirliyində yeni problemlər yaranıb.
Sayt iddia edir ki, FHN-in səlahiyyətlərinin ARDNŞ və Nazirlər Kabinetinə verilməsi planlaşdırılıb.
Saytın iddiasına görə, Kəmaləddin Heydərovun Səudiyyə Ərəbistanına səfir göndəriləcəyi gözlənilir.
Həmçinin nazirin 3 ay öncə istefa ərizəsi yazdığı bildirilir. Elə bu səbəbdən də onun "Gilan Holding”dən imtina etdiyi bildirilir.
"Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərov
Bir neçə vaxt öncə KİV-lərdə yayılan digər məlumata görə, "Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) 67 yaşlı prezidenti Cahangir Əsgərovun səhhətində ciddi problem yaranıb.
Yayılan məlumata görə, AZAL prezidenti artıq neçə aydır ki, kəskin xəstəlikdən əziyyət çəkir:
"Lakin müalicə üçün ölkədən kənara çıxa bilmir. Xəstəliyi barədə dəqiq məlumat verilməsə də, Cahangir Əsgərovun xərçəng xəstəsi olması və infarkt keçirməsi deyilir”.
AMEA prezidenti Akif Əlizadə
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 83 yaşlı prezidenti, akademik Akif Əlizadə isə bir neçə ay öncə gözündən əməliyyat olunub.
Məsələ ilə bağlı AMEA da rəsmi açıqlama verib:
"Akif Əlizadə mətbuatda yazıldığı kimi gözündən əməliyyat olunmayıb. Hazırda vəziyyəti yaxşıdır. Yaşlı adamdır, işə maşınla gedib-gəlir. Gözü bir balaca qızarmışdı, həkimə göstərdi, dedilər ciddi problem yoxdur. Jurnalistlərə demək istəyirəm ki, narahat olmasınlar, hər şey qaydasındadır”.
Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov
Bir sıra KİV-lərdə yayılan məlumata görə, Bakı Şəhər İcra Hakimiyyətinin 73 yaşlı başçısı Hacıbala Abutalıbov yaxın vaxtlarda vəzifəsindən kənarlaşdırıla bilər. Buna səbəb kimi Hacıbala Abutalıbovun səhhətində yaranan problemlər göstərilir.
Yayılan məlumatlarda qeyd olunur ki, 73 yaşlı məmur vəzifəsinə artıq əvvəlki kimi məsuliyyət göstərə bilmir:
"Həm də onun səhhətində də ciddi problemlər yaranıb”.
"Azərenerji” ASC-nin vitse-prezidenti Marlen Əsgərov
Bu il oktyabrın 7-də "Azərenerji” ASC-nin 81 yaşlı vitse-prezidenti Marlen Əsgərovun da səhhətində problem yaranıb.
Bu barədə mətbuata açıqlamasında Marlen Əsgərov özü məlumat verib.
Marlen Əsgərov hazırda müalicəsini rayonda, ev şəraitində davam etdirdiyini deyib.
Məlumata görə, M.Əsgərovun səhhətində yaranan problem onun yerimə qabiliyyətini itirməsinə səbəb olub. Bu səbəbdən yaxın günlərdə onun əməliyyat olunması gözlənir.
YAP-ın icra katibinin müavini Siyavuş Novruzov
Bir neçə ay əvvəl hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin 48 yaşlı müavini, Milli Məclisin İctimai Birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun səhhətində problemlər olması ilə bağlı xəbərlər yayılmışdı. Ancaq S.Novruzov yayılan xəbərlərə dərhal münasibət bildirərək, səhhətində problem olmadığını qeyd edib:
"Hazırda iş başındayam, səhhətimdə heç bir problem yoxdur. Əgər kimsə mənim səhhətimə görə narahatlıq keçiribsə, onlara təşəkkür edirəm. Amma nə yaş əməliyyat olunmaq yaşıdır, nə da hava elə havadır. Mən peşəkar idmançıyam. İstədiyim vaxt istədiyim qədər çəki ata bilirəm. Bəzi adamlar arıqlamaqdan ötrü dərman içirlər, amma mən pəhriz və idmanla istədiyim qədər arıqlayıram. Eyni zamanda, istəsəm kökələ də bilərəm, amma buna ehtiyac görmürəm”.
Xalq artisti Zeynəb Xanlarova
Ötən həftə Milli Məclisin 80 yaşlı deputatı, xalq artisti Zeynəb Xanlarovanın da səhhətində problemlər olması barədə məlumatlar yayılıb.
Ancaq xalq artistinin köməkçisi Zeynəb Xanlarovanın heç bir probleminin olmadığını deyib:
"Zeynəb Xanlarovanın səhhətində hər hansı problem yaranmayıb. Onun səhhətində müəyyən problemlərin olması xəbərinin yayılması həqiqətə uyğun deyil”.
Milli Məclisin deputatı Fəzail Ağamalı
Bu ilin may ayında isə Milli Məclisin 70 yaşlı deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının səhhətində yaranan problemlərlə bağlı xarici ölkədə müalicə olunması barədə xəbərlər yayılıb. Hətta, deputat Fəzail Ağamalı Milli Məclisin bir çox iclaslarına qatılmayıb.
Ancaq Fəzail Ağamalının mətbuat katibi deputatın səhhətində yaranan problemlərlə bağlı xəbərləri təkzib edib:
"Deputatın səhətində heç bir problem yoxdur: Fəzail Ağamalı xarici ölkələrdən birində istirahət edir. Fəzail Ağamalı telefon nömrəsini dəyişdiyi üçün nömrəsinə zəng çatmır”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !