Məhərrəm Bağırlı: "Şəhid qardaşımın dul qadını İran vətəndaşı ilə ailə qurub, evi satıb, tanımadığım ünvana köçüb. Həmin izdivacdan da Xəyala bir bacı qazandırıb. Mən o zaman bu hadisəni həzm edə bilmədim"
Ötən günlərdə "Sherg.az"da "Qardaşı şəhidin büstünü dağıdıb yerində pivəxana tikir" başlıqlı məqalə dərc olunub. Məqalədə qeyd olunub ki, Xətai rayon NZS qəsəbəsində şəhidlər üçün ayrılan parkda şəhidin büstü dağıdılıb, yerində pivəxana açılıb. Şəhid Rəşid Bağırovun oğlu Xəyal Bağırovun mətbuata açıqlamasına görə, bu əməli şəhidin qardaşı və eyni zamanda onun əmisi Məhərrəm Bağırov törədib.
Məsələ barədə "Sherg.az" -a danışan "Qarabağ" Azadlq təşkilatının sədri Akif Nağı isə bu halı pisləyərək şəhidlərin xatirəsinə hörmət etməyin ciddi mənəviyyat məsələsi olduğunu söyləyib. O bildirib ki, dövlət və cəmiyyət səviyyəsində şəhidlərə, şəhid ailələrinə xüsusi münasibət olmalıdır:
"Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün xüsusi proqram qəbul olunub. Ona görə, hesab edirəm ki, şəhid Azərbaycanda xüsusi diqqət olunmalı kateqoriyadır. Kim olur olsun şəhidlərə, onların xatirəsinə qarşı əl qaldırırsa, ədalətsizlik edirsə, o mütləq cəzalandırılmalıdır. Heç bir halda insanlara əsas verilmir ki, şəhidin adından xüsusi istifadə etsinlər".
Şəhid qardaşının büstünü dağıtmaqda ittiham olunan Məhərrəm Bağırov isə redaksiyamızla əlaqə saxlayaraq barəsində yazılanların həqiqəti əks etdirmədiyini söylədi. O, "Sherg.az"a açıqlamasında vurğulayıb ki, bu qarayaxmalar qərəzli şəkildə onun gözdən və hörmətdən salınmasına yönəlib:
"Mətbuat orqanlarında dərc olunan "Xətaidə şəhid parkında büstü dağıdıb, yerində pivəxana açdılar” məzmunlu yazıları ikrah hissi ilə oxudum. Guya mən –Bağırlı Məhərrəm Əli oğlu şəhid büstü qoymaq üçün ayrılmış yerdə kafe- pivəxana tikmişəm, onların haqqına girmişəm və sonradan obyektisatmışam.
Qardaşım şəhid Rəşid Bağırovun kimliyi barədə danışmaqdan doymaram. Bircə onu deyim ki, Azərbaycan onun varlığı idi. Gecəsi-gündüzü yox idi. 20 Yanvar hadisələrində tanrının köməyi ilə sağ qaldı. Xocalı faciəsindən sonra könüllü orduya getdi və 1992-ci ildə şəhid oldu. Adının belə ucuz qalmaqallarda hallanacağını bilsəydi, yəqin həmin an ya intihar edərdi, ya da çəkişən tərəflərdən birini məhfə məhkum edərdi.
Ən əziz qardaşım şəhid olandan sonra iki ailənin yükünü adına layiq daşımaq məsuliyyətini dərk edərək, min bir əzabla sözügedən obyekti ərsəyə gətirdim. Qardaşımın uşaqlarını bizdən 40-ı çıxmamış dövlətin verdiyi üç otaqlı evə apardılar. Anam bu ayrılığa dözməyərək intihar etdi. Çünki o, qardaşımın oğlu Xəyaldan Rəşidin qoxusunu alırdı.
Tayfada hər kəsin üz döndərməsinə rəğmən mən ayağımı kəsmədim. Evdəkilər ehtiyac içində olsalar belə, qardaşımın ailəsinin hər problemini qarşılamağa çalışdım. Bu başçəkmələrim 1998-ci ilə kimi davam etdi. Həmin il rəhmətliyin keçmiş qaynatası bibioğlumdan mənə bildiriş göndərdi ki, "mən qızımı ərə vermişəm. Dayın uşaqlarına de ki, birdən kürəkənimin qabağını kəsərlər. Onda öz əlimlə polisə şikayət edəcəyəm!”
Növbəti dəfə qardaşımgilə gedəndə uşaqları tapa bilmədim. Məlum oldu ki, qardaşımın dul qadını İran vətəndaşı ilə ailə qurub, evi satıb, tanımadığım ünvana köçüb. Həmin izdivacdan da Xəyala bir bacı qazandırıb. Mən o zaman bu hadisəni həzm edə bilmədim. Nəyi çatmırdı? Rəhmətliyin ailəsinə dövlət ən yüksək maaş verirdi, müavinət alırdı, özü bağçada dayə kimi işləyirdi, hər ay da qalan ehtiyaclarını mən qarşılayırdım.
Əslində bu ailə artıq çoxdan şəhid ailəsi olmaqdan çıxmışdı... Yazıq şəhid ailələri abırlarına bükülüb bir tikə çörəyə şükr edəndə, bunlar abırsızcasına, utanmazcasına "Şəhid ailəsiyəm” deyə hayqırdılar. Əslində qınaq obyekti olmalı olduqları halda, bu mövzunu uzun uzadı danışmaq istəmirəm. Amma şəxsiyyətimi müdafiə etmək zorunda qaldım.
Mən şəhid ailəsi deyiləm! Əgər hər hansı imtiyaz nəzərdə tutulursa, şəhid ailələrinə şamil edilir.
Hökumət qardaşım Rəşidin adını əbədiləşdirdi və küçə adı verdi. Şəhid ailəsinə ev verdi. Amma, büst və abidə milli qəhrəmanlara nəzərdə tutulmuş təsisatdır. Mən kiməm ki, dövlət adından çıxış edərək, büst qoyum, büst yeri mənimsəyim, büst söküm? Satdığım obyektin "Texniki pasport"u və "Çıxarış"ı olub.
Tək təqsirim təsis etdiyim müəssisənin adını "Rəşid” qoymağımdır. 25 il bu obyekt kafe kimi fəaliyyət göstərib. İndiyə qədər nədən bunların vicdanı sızıldamırdı, birdən -birə qeyrətə gəldilər? Bu mənada mətbuatda dərc olunan məlumatları inkar edirəm, çünki zərrə qədər də olsun həqiqəti əks etdirmir".
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !