Şəhid ailəsinə verilən ev 1 həftə sonra niyə alınıb?

13:26 | 01.07.2017
Şəhid ailəsinə verilən ev 1 həftə sonra niyə alınıb?

Şəhid ailəsinə verilən ev 1 həftə sonra niyə alınıb?

"Mən Xocalıdan məcburi köçkün düşmüşəm. 5 uşaqdan yalnız mən xilas ola bilmişəm. 4 bacı-qardaşım şəhid olub. Bakıda Ramanada qaçqınlar üçün salınmış Şuşa qəsəbəsində yaşayırdım. Sonra ev üçün müraciət etdim. Mənə ev verib 4 ay sonra da oradan məni döyərək çıxardılar. Budurmu, şəhid ailəsinə qoyulan hörmət?! Orada ermənilər bizi öldürərək evimizdən didərgin etdilər, burada da özümüzünkülər”.

Bu sözləri Xocalıdan məcburi köçkün Budaq Zeynalov redaksiyamıza müraciət edərək deyib. O, döyüldüyünü, yaşlı anasının isə zorla evdən çıxarıldığını bildirdi: "Biz əvvəl Ramanada qaçqınlar üçün nəzərdə tutulan Şuşa qəsəbəsindəki sığınacaqda qalırdıq. 2016-cı il aprelin əvvəllərində ev üçün Prezident Administrasiyasından Qurban Qurbanov adlı şəxsə müraciət etdik.
 
Bizə dedilər ki, qaçqınlar üçün tikilən evlərdən hansı boşdursa mənzil istismar sahəsinin əli ilə ora yığışın. Anamgil MİS-in əli ilə Ramana qəsəbəsində 5 mərtəbəli evdə 2 otaqlı evə yığışıblar. Evə köçəndən bir həftə sonra Sabunçu rayon 12-ci polis bölməsinin Elçin adında əməkdaşı və Xocalı icra başçısının müavini Vahid Əliyev gələrək anama dirəniblər ki, evdən çıxın, bu ev 18 min manata satılıb. Məni işdən gələrkən Sabunçu rayon 12-ci polis bölməsinin 4 nəfər əməkdaşı döyərək maşına basıb apardı. Mənə dedilər ki, ya anana de evdən çıxsın, ya da ki, biz səni şərləyərək həbs edəcəyik. Mən onlara deyəndə ki, o vaxt ermənilər bizi girov götürüb pul alırdı, indi də siz belə edirsiz. Bu sözü deyəndən sonra məni çox pis döydülər. 1 gün bölmədə saxladılar. 2-ci gün mənə dedilər ki, sən anana demədin çıxsın, amma biz döyə-döyə çıxartdıq. Gəldim ki, 4 şəhid bacı-qardaşımın şəkilləri sındırılıb. Hazırda qohumlarımızın evinə sığınmışıq. Bu haqsızlıqla bağlı hər yerə, prezidentə, Daxili İşlər Nazirliyinə müraciət etmişik. Yalnız deyirlər ki, baxılacaq. Əlimizdə qonşuların anamı, ailəmi sürüyərək çölə atdığının görüntüləri var. Hər gün Sabunçu rayon 12-ci polis bölməsinin əməkdaşı Elçin adlı şəxs məni hədələyir ki, harasa şikayət etsən səni yer üzündən silərəm. Mən nə edim? Yalnız bir əlacım qalıb ki, ölkədən gedəm”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin münasibətini öyrənmək istəsək də telefonlarımıza cavab verə olmadı.

İttihamlarda adı hallanan qarşı tərəflərin də mövqeyini dərc etməyə hazırıq.

Günel MANAFLI

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti