Şəhid Rövşən Hüseynov anıldı - FOTOLAR

18:11 | 23.10.2021
İkinci Qarabağ müharibəsində şəhid olan Rövşən Hüseynovun həlak olmasının birinci ildönümü ilə bağlı ‘‘Həzrəti İmam Əli məscidində’’ şəhidin anım mərasimi keçirilib.  

Anım mərasimi  Azərbaycanın dövlət himni ilə başlayıb, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

 

Rövşən Hüseynov 21 avqust 1995-ci ildə Bakıda anadan olub.  2001-ci ildə Bakı şəhəri 115 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olub, təhsilini Bakı şəhəri 202 saylı tam orta məktəbdə davam etdirərək bitirib. 

O, Rusiya Federasiyası Stavropol şəhərində yerləşən "Qafqaz Xalqlarının Dostluğu İnstitutu"nun İqtisadiyyat fakültəsində təhsil alıb. 2017-ci ilin oktyabrında Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə yollanıb, ön cəbhədə düşmənlə üz-üzə "Murovdağ" istiqamətində qulluq edib. Xidmət dövründə göstərdiyi şücaətə görə, komandanlıq tərəfindən mükafatlandırılıb.  2018-ci ilin oktyabrında həqiqi hərbi xidmətdən tərxis olunub.
 
 

Amma müharibə başlayan kimi o, 2020-ci ilin 27 sentyabrında Vətən müharibəsinə yollanır, döyüşərək Füzulidən Xocavənd və Cəbrayıl rayonlarına kimi qəhrəmanlıq yolu keçir. 23 oktyabr 2020-ci ildə Füzuli rayonunun Kürdlər kəndində gedən döyüşlər zamanı aldığı qəlpə yaralarından  Şəhidlik zirvəsinə ucalır.
 
 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən şəhid Rövşən Hüseynov ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. 

Şəhidin anım mərasimində  ailə üzvləri, müəllimləri, dostları, o cümlədən Bakının Binəqədi Rayon İcra Hakimiyyətinin məsul işçiləri iştirak edib. 
 
Aytac Zeynalova


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

Tərəfdaşların xəbərləri

REKLAM