Martın 13-də Rusiyanın Xantı-Mansiysk şəhərində start götürəcək şahmat üzrə İddiaçılar Turnirinə Şəhriyar Məmmədyarovdan başqa Rauf Məmmədovla Qədir Hüseynov da yollanacaq. Lent.az-ın məlumatına görə, bu barədə jurnalistlərə gənclər və idman naziri Azad Rəhimov açıqlama verib.
O bildirib ki, Məmmədovla Hüseynov qonşu ölkəyə Məmmədyarova kömək məqsədilə gedəcəklər. Nazir turnirdəki yeganə təmsilçimizin komanda yoldaşlarının bu qərarına çox sevindiyini söyləyib: “Mən sadəcə, bir söz deyə bilərəm. Çox sevinirəm ki, Şəhriyar Məmmədyarovla birgə ona kömək etmək üçün Rauf Məmmədov və Qədir Hüseynov da turnirə yollanır. Bu, onu göstərir ki, uşaqlar həqiqətən də dostdurlar, komanda bir ürək kimi döyünür. Mən onların köməyinə inanıram”.
Qeyd edək ki, 8 şahmatçının mübarizə aparacağı İddiaçılar Turniri martın 28-dək davam edəcək.
ANN.Az