Sosial təminat sahəsində cari məsələlərin müzakirəsinə həsr olunmuş iclas keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) orqanlarının rəhbər şəxslərinin iştirakı ilə fondun fəaliyyət sahələri, o cümlədən məcburi dövlət sosial sığorta haqlarının toplanması, sığorta-pensiya münasibətlərinin təşkili, sosial təminat işlərinin düzgün təşkili və s. üzrə cari məsələlərin müzakirəsinə həsr olunmuş iclas keçirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, nazir Səlim Müslümov Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu islahatlar kursunun, dövlət başçısının imzaladığı fərman və sərəncamların, qəbul etdiyi qərarların müsbət nəticələrinin 2017-ci ilin ilk aylarında da aydın şəkildə özünü göstərdiyini vurğulayıb: "Buna misal olaraq, cari ilin ilk ayının yekunları, yəni yanvar ayında artıq ümumdaxili məhsul istehsalında 0,8 faiz, xüsusən sənayenin qeyri-neft sektorunda 13,0 faiz, kənd təsərrüfatının ümumi məhsulunda 3,5 faiz artımın qeydə alınması, əhalinin gəlirlərinin 4,6 faiz çoxalaraq 3476,1 milyon manata çatması və s. 2017-ci ilin ölkəmiz üçün uğurla başlandığını, bu ilin də ölkənin sosial-iqtisadi həyatında növbəti irəliləyişlərlə müşahidə olunacağını deməyə əsas verir”.
Nazir sosial müdafiə sahəsində qarşıda duran vəzifələrin icrası yönündə də məqsədyönlü işlərin aparıldığını, sosial proqramların uğurla həyata keçirildiyini diqqətə çatdırıb. O bildirib ki, cari ilin ilk günlərindən aktiv məşğulluq tədbirləri davam etdirilməklə, minimum əməkhaqqının və pensiyaların sığorta hissəsi indeksasiya olunmaqla bu ödənişlərin məbləğinin, ünvanlı dövlət sosial yardımı üçün ehtiyac meyarının məbləğinin növbəti dəfə artırılması təmin olunub. Bu amillər sosial müdafiə sahəsinin dövlət başçısının daim diqqətində dayandığını bir daha təsdiqləyir. Hazırkı iclasda da məqsəd sosial müdafiə sahəsində fəaliyyətin ölkəmizin dayanıqlı inkişafına yönələn proseslərə adekvat şəkildə daha səmərəli təşkili ilə bağlı cari məsələlərin müzakirə olunmasıdır.
S.Müslümov nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətinin vacib sahələrindən birinin məcburi dövlət sosial sığorta haqlarının toplanması olduğunu qeyd edib: "Ötən dövrdə fonda daxilolmalarda, xüsusən də qeyri-büdcə sektoru üzrə daxilolmalarda artım dinamikası mövcuddur. Misal üçün, keçən il məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar əvvəlki illə müqayisədə 6,4 faiz, qeyri-büdcə sektorundan daxilolmalar isə 5,8 faiz çox olub. Bu daxilolmalarla bağlı iqtisadi vəziyyətin təhlili əsasında balanslaşdırılmış və reallığa tam uyğun proqnozlar tərtib olunur. 2017-ci ilin yanvar-fevral ayları üzrə məcburi dövlət sosial sığorta haqları üzrə proqnoza ümumilikdə 101 faiz, qeyri-büdcə sektoru üzrə isə 102 faiz əməl olunması bu sahədə müsbət tendensiyanın cari ildə də davamı etdiyini göstərir”. S.Müslümov bu sahədə fəaliyyətin gücləndirilməsi, xüsusən də qeyri-formal şəkildə muzdlu əmək fəaliyyəti ilə məşğul olanların əməyinin rəsmiləşdirilməsi, onların məcburi dövlət sosial sığorta sisteminə cəlb edilməsi, bununla eyni zamanda onların gələcək pensiya və digər sosial müdafiə hüquqlarına malik olmaları üçün tədbirlərin gücləndirilməsi ilə əlaqədar müvafiq göstərişlərini verib.
Fərdi uçotun təşkili sahəsində görülən işlərdən bəhs edən S.Müslümov 2006-cı ildən müasir sığorta-pensiya sisteminin vacib elementi kimi tətbiqinə başlanılan fərdi uçot sisteminin əhatə dairəsinin getdikcə genişləndiyini vurğulayıb: "Sistemdə fərdi şəxsi hesabı açılanların sayı 01 mart 2017-ci il tarixə artıq 3 431 299 nəfərə çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,9 faiz çoxdur. Təkcə ötən il sistemdə əlavə olaraq 191 754 nəfər qeydiyyata alınıb. Sistemdə qeydiyyata alınanların sayında hər ay əhəmiyyətli artım özünü göstərir. Misal üçün, cari ilin yanvar ayında adına fərdi şəxsi hesab açılanların sayı əvvəlki ayla, yəni ötən ilin dekabr ayı ilə müqayisədə 13,8 faiz, fevral ayında isə yanvar ayı ilə müayisədə 85,7 faiz çox olub. Qeyd olunanlar fərdi uçot sisteminin pensiya və sosial müdafiə hüquqlarının reallaşdırılmasında əhəmiyyətli rolunu və buna görə də işləyən əhalinin həmin sistemdə iştirak etməyə marağının artdığını göstərir. Bu sahədə artımın davam etməsi üçün qarşıdakı dövrdə də səylər gücləndirilməlidir”. S.Müslümov gözlənilən pensiya islahatları ilə bağlı fərdi uçot sistemində də görüləcək işlərlə bağlı tapşırıqlarını verib.
Nazir Prezident İlham Əliyevin 23 fevral 2015-ci il tarixli Fərmanına əsasən, ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminin (VEMTAS) yaradılması və ötən il fevral ayının 15-dən tətbiqinə başlanması nəticəsində sosial yardım sahəsində əhaliyə müasir və şəffaf xidmətlər sisteminin formalaşdığını diqqətə çatdırıb: "Praktikada özünü gözlənilən səviyyədə doğruldan, dövlətin sosial yardımlarının təyinatında məmur-vətəndaş təmaslarını tam aradan qaldıran bu avtomatlaşdırılmış sistem mütəmadi olaraq təkmilləşdirilir və onun texniki imkanları daha da artırılır. Artıq sosial yardımlar üzrə maliyyə idarəçiliyi, ünvanlı sosial yardımlar üzrə tələb olunan vəsaitlərə dair məlumatların əldə olunması və ümumiləşdirilməsi ilə bağlı bütün prosedurların da məhz elektron sistem üzərindən həyata keçirilməsinə başlanıb”.
İclasda Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət sahələrinə dair məsələlər ətraflı müzakirə olunub və aidiyyəti məsələlər, habelə əhaliyə daim nümunəvi xidmətin təşkili ilə bağlı tapşırıqlar verilib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !