Azərbaycan Nazirlər Kabineti “Dövlət mülkiyyətində olan yaradıcılıq emalatxanalarının, sərgi salonlarının güzəştli şərtlərlə yaradıcı gənclərin istifadəsinə verilməsi Qaydaları”nın təsdiq edib. Nazirlər kabinetindən ANN.Az-a verilən məlumata görə, emalatxana və salonların güzəştli şərtlərlə yaradıcı gənclərin istifadəsinə verilməsi zərurəti yarandıqda, Gənclər və İdman Nazirliyi güzəştli şərtlərlə yaradıcı gənclərin istifadəsinə verilməsi nəzərdə tutulan emalatxana və salonların siyahısını müəyyən edir və Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edir.Komitə emalatxana və salonların istifadəyə verilməsi barədə yaradıcı gənclərlə (istifadəçilərlə) müqavilə bağlayır. Güzəştli şərtlərlə emalatxana və salonları istifadəyə götürmək hüququ olan yaradıcı gənclərin siyahısı nazirliyin yaratdığı komissiya tərəfindən müəyyən edilir. Komissiya say tərkibi 5 nəfər olmaqla Gənclər və İdman Nazirliyinin (2 nəfər), Mədəniyyət və Turizm Nazirliyinin (1 nəfər), Azərbaycan Rəssamlar İttifaqının (1 nəfər) və Azərbaycan Memarlar İttifaqının (1 nəfər) nümayəndələrindən təşkil edilir. Komissiyanın vəzifəsi yaradıcı gənclərin yazılı müraciətləri daxil olduqca onlara 1 ay ərzində baxıb qeyd edilən meyarlara əsasən gənclərin güzəştli şərtlərlə emalatxana və salonları istifadəyə götürmək hüququnun uyğunluğunu müəyyən etmək və bu barədə müraciət edənlərə müvafiq bildiriş göndərmək, hər bir müraciətə fərdi qaydada baxıb yaradıcı gəncin güzəştli şərtlərlə emalatxana və salonları istifadəyə götürmək hüququnun olmasını müəyyən etdikdən sonra 10 gün müddətində bu barədə məlumatı nazirliyə təqdim etməkdir. Emalatxana və salonların güzəştli şərtlərlə yaradıcı gənclərin istifadəsinə verilməsi, güzəştli şərtlərlə emalatxana və salonları istifadəyə götürmək hüququ olan yaradıcı gənclərin seçilməsi meyarları, həmçinin yaradıcı gənclər tərəfindən müraciətlərin təqdim edilməsi yeri, vaxtı barədə məlumat nazirlik tərəfindən rübdə bir dəfədən az olmayaraq rəsmi kütləvi informasiya vasitələrində, o cümlədən nazirliyin rəsmi saytında yerləşdirilir. Emalatxana və salonların kommunal xərcləri istifadəçilər tərəfindən əhalinin istehlakçı qrupu üçün müəyyən edilmiş tariflərə uyğun ödənilir. Komitə emalatxana və salonların təyinatı üzrə səmərəli istifadəsinə nəzarət etmək, onların səmərəli istifadə olunmasını təmin etməyən istifadəçilərlə bağlanmış müqavilələri qanunvericiliklə müəyyən edilmiş qaydada ləğv etmək hüququna malikdir.Nazirlər Kabineti buna müvafiq olaraq “Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləği”nin təsdiq edilməsi haqqında” 2007-ci il 29 noyabr tarixli 191 nömrəli qərarında da dəyişiklik edib. Dəyişikliyə əsasən, yaradıcı gənclərin istifadəsinə verilmiş yaradıcılıq emalatxanaları, sərgi salonları üçün Bakı şəhəri ərazisində yerləşən sahələr də 1 kv. m sahənin illik minimum icarə haqqı tarifi 1-ci və yuxarı mərtəbə üçün 1,2 manat, zirzəmi, yarımzirzəmi və çardaq üçün 0,8 manat, respublikanın digər şəhər və rayonlarında yerləşən sahələrdə isə müvafiq olaraq 0,6 və 0,4 manat müəyyənləşdirilib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !