“Sərkisyanın hər sayıqlamasına biz reaksiya verməməliyik”.
Bu sözləri Axar.az-a hərbi ekspert Üzeyir Cəfərov Ermənistan Prezidenti Serj Sərkisyanın Azərbaycanın istənilən yaşayış məntəqəsini xarabalığa çevirməsi ilə bağlı açıqlamasını şərh edərkən deyib.
O, Sərkisyanın öz sözləri ilə özünü ifşa etdiyini bildirib:
“Onun özü də gözəl bilir ki, Azərbaycanda olan silah-sursatlar Ermənistanın arsenalında olanlardan qat-qat güclüdür. Onlar öz daxili auditoriyalarını sakitləşdirməkdən ötrü bu fikirləri səsləndirirlər. Sərkisyanın bu çıxışı imkan verir ki, Azərbaycan rəsmiləri bu avantüristlə bundan sonra görüşməsinlər. Belə danışıqlar və müzakirələr çətin ki, Sərkisyanı düzəldər. Fikir verin, bu adam deyir ki, Dağlıq Qarabağ münaqişəsinin müharibə yolu ilə həlli gündəmdə deyil. Başa düşmürəm, bu adam Azərbaycan Prezidentidir, yoxsa Azərbaycanın yerinə qərar verir? Qarabağ danışıqlar yolu ilə işğal olunub ki, indi də yalnız danışıqlardan söhbət gedir?
Görünür, Azərbaycan və Ermənistan prezidentlərinin münaqişənin sülh yolu ilə həlli ediləcəyi barədə Soçidə üzərlərinə götürdükləri öhdəlikdən çox ruhlanıb. Putinin çıxışından sonra əli-qolu açılıb deyə, belə bəyanatlar səsləndirilir. Dünənə qədər yalnız sülhdən danışan bir prezident indi Azərbaycanı hədələyir?
O bilər ki, İrəvanın söylədiyi ilə etdiyi arasında böyük fərq var. Sərkisyanın Azərbaycanın istənilən nöqtəsini Ağdam xarabalığına çevirməsi ilə bağlı etdiyi açıqlamasına gəlincə isə, bu, bir daha sübut edir ki, Ağdamı onlar xarabalığa çeviriblər. Azərbaycan tərəfi mütləq mənada bu çıxışı rəsmiləşdirməli, sənədləşdirməlidir. Bu şəxs məsuliyyətə cəlb olunanda onun dediyi faktlardan biz ona qarşı istifadə etməliyik”.
Qeyd edək ki, az öncə Ermənistanın “Armnyus” televiziyasına müsahibəsində Serj Sərkisyan Azərbaycanın istənilən nöqtəsini Ağdam kimi xarabalığa çevirmək imkanına sahib olduqlarını bildirmişdi
ANN.Az