Şair Əşrəf Fəyyad – Səudiyyə Ərəbistanında doğulmuş fələstinlidir, "Edge of Arabia" incəsənət təşkilatının üzvüdür. 2013-cü ildə o, 55-ci Venesiya müasir incəsənət biennalesində "Rhizoma (Gözləyən nəsil)” sərgisinin kuratoru olub.
Səudiyyə Ərəbistanında məhkəmə Əşrəf Fəyyada ölüm hökmü çıxarıb. O, bidətdə ittiham olunur. Şeirlərində, sosial şəbəkələrdəki yazılarında müqəddəs dəyərlərə hörmətsizlik etməkdə günahlandırılır.
Human Rights Watch xəbər verir ki, Ə.Fəyyad özü bu ittihamları rədd edir, ona qarşı Səudiyyə Ərəbistanının Fəzilətə Çağırış və Pozulmaqdan Qorunmaq Komitəsinə yazılmış yanlış donoslar əsasında məhkum edildiyini deyir.
Şəriət Qvardiyası (Səudiyyə Ərəbistanının polisi) bu şairi Fəzilətə Çağırış və Pozulmaqdan Qorunmaq Komitəsinin göstərişiylə 2013-cü ilin avqustunda tutub. Komitə bəyan edib ki, onlara bu şairin hökumət və Məhəmməd peyğəmbər əleyhinə senzurasız sözlər dediyi, ateizm və inancsızlıq təbliğ etdiyi haqda anonim məktub gəlib.
2014-cü ilin mart ayında Əşrəf Fəyyada 4 il həbs və 800 qamçı cəzası verilib, amma sonra bu hökmə yenidən baxılıb, hökm 17 noyabrda ölüm cəzasıyla əvəzlənib.
İndi Fəyyadın 3 həftəsi qalıb. Səudiyyə Ərəbistanında ölüm cəzası meydanda camaatın qarşısında başın kəsilməsiylə icra olunur.
"Səudiyyə Ərəbistanı insanları şəxsi mülahizələrinə görə həbs etməyə son qoymalıdır. Əşrəf Fəyyadın başının kəsilməsi qərarı isə bu hökmü daha da iyrənc edir” - Human Rights Watch təşkilatının Yaxın Şərq üzrə direktoru Sarah Leah Whitson deyib. /Azadliq.org
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !