Şeyx hansı iddiasına görə cəzalandırılır?

10:59 | 20.09.2017
Şeyx hansı iddiasına görə cəzalandırılır?

Şeyx hansı iddiasına görə cəzalandırılır?

Şeyxülislam Allahşükür Paşazadənin ötən həftə Çexiyada əmlakının üzə çıxmasının ardından kürəkəninin də həbs edilməsi barədə yayılmış xəbərlər Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədrinin başı üzərindəki "qara buludlar”dan xəbər verir. Üstəlik, Şeyxin yeganə oğlunun da hələ ki bilinməyən səbəbdən ölkədən ailəsi ilə birgə köçüb getməsi xəbərlərini də bura əlavə etsək, mənzərə daha da "dumanlanır”.

"Qafqazinfo” xəbər verir ki, "Yeni Müsavat”ın bu mövzuda dərc etdiyi yazıda bildirilir ki, QMİ bəyanat yayaraq "Azərbaycanın dini liderinə qarşı dezinformasiya axınını” pisləyib, bunun hətta "erməni kəşfiyyat orqanları tərəfindən təşkil olunmasını” istisna etməyib. Kürəkənin həbsi xəbəri təkzib edilsə də, oğlu ilə bağlı iddialar açıq qalıb. QMİ-nin əsasən Şeyxin qudasının yaydığı xəbərləri "erməni barmağı olması” ilə izah etməsi doğrusu təəccüblüdür. Çünki media son günlər Şeyxin oğlunun ölkədən küsüb getməsini də, kürəkənin həbsini də Hacı Qalib Salahzadəyə istinadən yayıb.... Bəs nə baş verir? 
Şeyxin tutduğu posta görə hakimiyyət daxilində aşkar rəqiblərinin olduğunu iddia etmək olmaz. Çünki Qafqaz Müsəlmanları İdarəsi bir QHT-dir və nə hökumətdə, nə dövlət postlarında təmsilçiliyi yoxdur. Amma Şeyx özü 24 ildir ki, Azərbaycanın ictimai-siyasi həyatında mühüm bir fiqurdur. Bu illər ərzində o, "din dövlətdən ayrıdır” desə də, siyasətə qarışıb, birmənalı olaraq, həm mərhum prezident Heydər Əliyevin, həm də prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyib. Şeyxin Azərbaycan hakimiyyəti yanında həmişə xüsusi çəkisi olub və çoxları düşünür ki, məhz bu etimadın sayəsində özünü Qafqazın əbədi şeyxi də edə bilib.

Şeyxin bu illər ərzində təkcə siyasi yox, həm də iqtisadi sferaya da ciddi nüfuz edə bildiyi sirr deyil. Özü və yaxın ətrafı bunları təkzib etsə də, Çexiyada mülklər bu iqtisadi gücün yalnız bir hissəsi və ya sənədləşmiş təsdiqidir. Şeyxin Azərbaycan iqtisadiyyatında ciddi payı olan oliqarxlarla tərəzidə az qala bərabər gələ biləcək gücdə olduğu da yeni mövzu deyil. İllərdir ki, mediada bu barədə "Şeyxin biznesi” başlığı ilə yüzlərlə məqalə və araşdırma yazılar dərc edilib. 

Təsadüfi deyil ki, "Şeyxin adamları və ya ətrafı” dedikdə QMİ-dəki din xadimləri və ya yerlərdə təyin etdiyi axundlar nəzərdə tutulmur. Şeyx bu illər ərzində iqtisadi qüdrətini artıraraq özünə adamlar və yaxın ətraf yarada bilib ki, onların bəziləri ölkədə, bəziləri isə başqa-başqa dövlətlərdə onunla birgə fəaliyyət göstərirlər. Həm daxildə, həm xaricdə olan bu iş adamlarının Şeyxin patronajlığı altında milyonların dövr etdiyi biznes strukturlarında "xeyli şişdikləri” də iddialar arasındadır. Onları çox az adam tanıyır, amma onların məhz Şeyxlə ortaq hərəkət etdiklərini oliqarxlar yaxşı bilir. 
Bir ara QMİ sədrinin biznesinin oliqarxlardan fərqli sahələrdə olduğu barədə yanlış təsəvvür də vardı. Amma Şeyx və ətrafı yalnız "yas və xurma” biznesi ilə oliqarxlara qarşı bunca duruş gətirə bilməzdilər.

Şeyxin "vurulması” barədə versiyalardan ən önə çıxanı da məhz onun biznes imperiyası ilə bağlıdır. Postneft dövrü iqtisadiyyatda yeni "təlatümlər” yaratdı. İqtisadiyyatda liberallaşma, gömrük sistemində yeni düzən və monopoliya ilə mübarizə oliqarxların da maraqlarına ciddi zərbə oldu. İndi mal gətirib və ya ölkədən mal çıxarıb pul qazanmaq əvvəlki tək asan deyil, hökumətin böyük paralara nəzarəti də güclənib. "Kölgə iqtisadiyyatı” artıq əvvəlki kimi təhlükəsiz deyil, əksinə, kimin nəyi varsa, üzə çıxarır ki, vergisini ödəsin. Bütün postneft dövründə yaşayan ölkələrdə oliqarxların başı üzərində hər an təhlükə ola bilər ki, bunun nümunəsi kimi qonşu Rusiyanı göstərmək olar. Onlarla qubernator həbs olunub, oliqarx-məmurlar daima hökumətin ciddi nəzarəti altındadır. Şeyx Rusiya milyarderləri kimi populyar deyil, amma onun da "sandığı” heç vaxt boş olmayıb. 

İndi mümkündür ki, dünənədək özünə və biznesinə təhlükə olmayan Şeyxin də müəyyən çərçivələrə salınması başlayıb. İstisna deyil ki, bu proses indilikdə hökumətin birbaşa nəzarətində deyil, hansısa biznes dairələrinin marağında da ola bilər. Şeyxin son açıqlamasında "biz həmişə dövlətə, dövlətçiliyə sadiq adamlar olmuşuq”, deyərək xidmətlərini yada salması, sonra isə "həmişə yaxşı adamlara ehtiyacımız olub. Başqa heç nəyə ehtiyacım yoxdur” əlavə etməsini hökumətdən dəstək ummaq kimi izah edənlər də var. Mümkündür ki, Şeyx biznesi ilə bağlı başlamış prosesin bu dəfə onun üçün heç də yaxşı nəticələnməyəcəyinin fərqindədir. Bu səbəbdən də "yaxşı adamların” dəstəyinə ehtiyacı olduğunu gizlətməyib.

Şeyxin həbsi təkzib edilən kürəkəni təcridxanada olan yüksək vəzifəlilərin yaxın adamlarından heç nəyinə görə üstün deyil. Bundan illər əvvəl də Şeyxin digər qudası, məşhur iş adamı Əli Evsen tutulmuşdu, amma onun həbsinin ölkədəki biznesinə heç bir aidiyyəti yox idi. Misir prezidenti Hüsnü Mübarəkin "çirkli pullarının yuyulmasında” suçlanan Əli Evsen çoxdan azadlıqdadır... Şeyxin kürəkəninin tutulması təkzib oluna bilər. Amma bu qədər işlərin ard-arda Şeyxin adı ətrafında baş verməsi, sadəcə, tale yazısına oxşamır.

Şeyxin "vurulması”nın səbəbi barədə başqa bir ilginc iddia da var. Bu Şeyxin oğlunun varis olacağı ilə bağlı bir neçə gün əvvəl ortaya atılmış xəbərlərlə bağlıdır. Heç kimi gözləmədiyi halda Şeyxin qudası, indi oğlu həbs edilmiş Hacı Qalib Salahzadə QMİ sədrinin varisi haqda danışmışdı. Sitata diqqət yetirək: "Şeyxülislam Hacı Allahşükür Paşazadənin bir varisini tanıyıram. O da oğlu Məhəmməd Paşazadədir. Ümumiyyətlə, varis bir nəfər olur. O da atanın övladları. Həm də bu cür məsələlər Allahın qisməti ilə bağlıdır. Gərək Allah qismət etsin ki, övlad gəlib ölkənin Şeyxülislamı olsun”. Bu cür varis məsələlərinin mediada müzakirəsi isə əlbəttə, hökumətdə xoş qarşılana bilməz. Bu xəbərlərdən sonra Şeyxin oğlunun ölkədən getməsi isə bu məsələdə müəmmanı daha da artırmış oldu.

Tanınmış politoloq Elxan Şahinoğlu da bakupost.az saytına deyib ki, baş verənlər təsadüfə oxşamır: "Allahşükür Paşazadənin ətrafında baş verənlər nəsə təsadüfə bənzəmir. Əvvəlcə Şeyxin və qardaşının Çexiyada mülkləri və oradakı şərikləri barədə köhnə-yeni xəbərlər yayıldı. Daha sonra Şeyxin oğlunun ailəsi ilə birgə Azərbaycanı birdəfəlik tərk etdiyi xəbəri yayıldı. Geniş imkanları olan Şeyxin oğlunun ölkəni niyə qəfildən tərk etməsinin səbəbləri aydın olmadı. Məncə, ailə içindəki müzakirələrdə qara buludların yaxınlaşdığına dair hissiyyat hakim olub. Elə təəssürat yaranır ki, Şeyxi nə vaxtsa etdiyi ciddi səhvə görə cəzalandırırlar. Onda kino davam edir”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM