Müxtəlif dövrlərdə Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif strukturlarında və xarici ölkələrində hərbi attaşesi vəzifələrində çalışmış yüksək rütbəli iki zabit ordu sıralarından ehtiyata buraxılıb.
APA-nın hərbi mənbələrdən əldə etdiyi məlumata görə, bu günlərdə Azərbaycan Silahlı Qüvvələrinin Almaniya və İspaniyada keçmiş hərbi attaşesi, general-mayor Vaqif Rəsulov və Azərbaycanın Ukrayna və Türkiyədəki keçmiş hərbi attaşesi, polkovnik Tofiq Qasımov ordu sıralarından ehtiyata göndərilib.
Fakt Müdafiə Nazirliyinin mətbuat xidmətindən təsdiqlənib. Nazirlikdən APA-ya bildirilib ki, hər iki hərbi qulluqçu müvafiq qaydada ehtiyata buraxılıb.
Qeyd edək ki, general-mayor Vaqif Rəsulov hərbi attaşe vəzifəsindən əvvəl Müdafiə Nazirliyinin İnformasiya idarəsinin rəisi, polkovnik Tofiq Qasımov isə Azərbaycan Ali Hərbi Məktəbinin rəisi vəzifəsində çalışıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !