“Silva” Musiqili Teatrda

21:48 | 22.12.2016
“Silva” Musiqili Teatrda

“Silva” Musiqili Teatrda

Azərbaycan Dövlət Musiqili Teatrı növbəti premyeraya hazırlaşır.
 
Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, İmre Kalmanın "Silva” operettasına ictimai baxış keçirilib. Dünyaca məşhur olan bu ölməz əsərin süjet xəttini saf, təmiz, böyük sevgi hekayəsi təşkil edir. Kabaredə müğənni işləyən Silva Varesku ilə knyaz oğlu Edvin Vedlersxeym arasında yaşanan eşq ətrafdakılar, xüsusi ilə də Edvinin ailəsi tərəfindən birmənalı qarşılanmır. Valideynləri Silva ilə evlənməyə hazırlaşan Edvini başqası ilə nişanlamağa qərar verirlər. Bu qərardan sonra dinamik, gözlənilməz situasiyalarla zəngin olan operettada yeni mərhələ - iki gəncin öz sevgisi uğrunda mübarizəsi başlayır. Və məhz bu mübarizə nəticəsində sonda bir çox qaranlıq mətləblərə aydınlıq gəlir...

Qeyd edək ki, Musiqili Teatrın rus bölməsi tərəfindən hazırlanan yeni tamaşanın quruluşçu rejissoru Əməkdar artist Boris Lukinski, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, geyim üzrə rəssamı Yelena Almazova, quruluşçu baletmeysterləri Yelena və Zakir Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, konsertmeysteri Emin Həsənov, reyissor assistentləri Elməddin Dadaşov və Sevinc Məmmədovadır. Tamaşada rolları Əməkdar artistlər Nərgiz Kərimova, Boris Qrafkin, Səidə Şərifəliyeva, Svetlana Bulax, aktyorlar Rauf Babayev, Emil Heydərov, Yuliya Heydərova, Aydan Həsənova, Marina Litvinenko, Firuz Məmmədov, Nicat Əli, Elçin İmanov, Telnaz Hüseynova və Elməddin Dadaşov ifa edirlər. 

2017-ci ilin yanvar ayında səhnəyə gələcək "Silva” tamaşası yeni ilin ilk premyerası olacaq.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM