Şimali Koreya lideri insanlıq əleyhinə cinayətlərdə ittiham edilə bilər...
Birləşmiş Millətlər Təşkilatı Şimali Koreya lideri Kim Jong-una xəbərdarlıq edib ki, rəhbərlik etdiyi rejim insan haqlarını kobud surətdə pozduğuna görə, o, beynəlxalq cinayətlər məhkəməsi ilə üzləşə bilər.
BMT-nin apardığı təhqiqatdan sonra Şimali Koreya rejiminin 2-ci dünya müharibəsindən sonra insan hüquqlarını ən kobud surətdə pozan ölkə olduğu bildirilib və buna görə də, rejim lideri Kim Jong-una insanlıq əleyhinə cinayətlərdə ittiham edilə biləcəyi barədə xəbərdarlıq edilib. BMT komissiyasının çıxardığı "Şuurlu insanlığa qarşı şok" adlı qərar indiyə qədər Pxenyan rejiminə qarşı beynəlxalq ictimaiyyətin çıxardığı ən sərt qərardır.
Təqaüddə olan avstraliyalı hakim Maykl Kirbi bir il ərzində rejim qurbanlarının ifadələrini dinləyib. Onun fikrincə, Pxenyan rejiminin törətdiyi cinayətlər ona Nasist Almaniyasının və Pol Pot Kambociyasının işgəncələrini xatırladır.
16 fevralda onun komandası bu ölkədəki qətl, işgəncə, zorlama, adam oğurlama, kölələşdirmə və aclıq barədə 374 səhifəlik hesabat təqdim edib, bu hesabatda Şimali Koreya "müasir dünyada müqayisəyəgəlməz" bir diktatura kimi təsvir edilib. 31 yaşlı Kim Jong-una təzyiq etmək üçün cənab Kirbi qeyri-adi vasitəyə əl atıb, o rejim liderinə məktub yazaraq xəbərdarlıq edib ki, o və sərəncamında olan yüzlərlə şəxs bir gün ittihamla üzləşə bilərlər.
"Şimali Koreya rəsmiləri tərəfindən insanlıq əleyhinə cinayətlərə yol verildiyi barədə faktlar tapa biləcəyimizi ona bildirdik", - Kirbi bildirib. "Biz ona bildirdik ki, ola bilər o insanlıq əleyhinə cinayətlərdə birbaşa iştirak etməsin, ancaq bu məsələdə o da məsuliyyət daşıyır və ittihamla üzləşə bilər".
BMT-nin Cenevrə İnsan Hüquqları Konsulluğu tərəfindən keçən ilin mart ayında fəaliyyətə başlayan təhqiqat komissiyası "Şimali Koreya Xalq Demokratik Respublikasında geniş yayılmış və sistemli şəkildə tətbiq edilən zorakılıq hallarını" araşdırıb.
BMT-nin insan hüquqları müdafiəçiləri uzun illər rəsmi Pxenyanla dialoq qurmağa çalışsa da, onların bütün cəhdləri nəticəsiz qalıb. Araşdırma komissiyasının üzvləri "insan nəcisi" adlandırılmış və onların ölkəyə girişinə qadağa qoyulmuşdu.
Bunun əvəzində, indi xaricdə yaşayan 80 - dən çox şimali koreyalıdan, həmçinin keçmiş həbsxana nəzarətçilərindən ifadələr alınıb. Onlar London, Tokio, Vaşinqton və Seul kimi şəhərlərdə ictimai dinləmələrdə iştirak ediblər. Onların arasında Şin Donq-hyuk da var, onun həyatı kitablaşdırılıb, "Düşərgədən qaçış" adlı bu kitab indi best-sellerdir. Peykdən çəkilən fotolardakı konslagerlərdə qalan daha 240 nəfər isə gizli ifadə verib.
Maykl Kirbi nüvə silahları olan və Çinin himayəsindən zövq alan Kim Jong-una ittiham irəli sürmək üçün praktiki və diplomatik çətinliklərin olduğunu etiraf edib. Ancaq o bildirib ki, onun əsas niyyətlərindən biri də dünya ictimaiyyətini "aydınlatmaqdır" və ölkə liderlərinin böyük miqyasdakı cinayətləri görməzdən gəlməsinə mane olmaqdır, necə ki, bəzi dünya liderləri İkinci Dünya Müharibəsində Nasist Almaniyasının törətdiyi bəzi cinayətləri görməzdən gəlmişdilər.
"Şimali Koreyada yüz minə yaxın insanın saxlanıldığı bir çox həbs düşərgələrindəki dəhşətlər Üçüncü Reyx Almaniyasının həbs düşərgələrindəkindən geri qalmır”, - Cenevrədə təşkil olunan mətbuat konfransında çıxış edən Kirbi deyib. O, məhkumlara verilən dəhşətli zülmlərdən, onları acından öldürüb sonra qutulara qoyaraq, başqa məhkumlar tərəfindən torpağa basdırılmasından, ya da yandırılmasından danışıb. "Öldürülmüş məhkumları yerbəyer etmək digər məhkumların öhdəliyindədir", o deyib.
"İkinci Dünya Müharibəsinin sonunda bir çox adam deyirdi ki, kaş biz necə böyük səhvə yol verdiyimizi biləydik. İndi beynəlxalq ictimaiyyət bundan xəbərdardır", - o əlavə edib.
Kirbi deyib ki, Kim Jong-un təhsilinin bir hissəsini İsveçrədə alıb və o, 2011-ci ildə ölən atası Kim Jong-ili əvəz edəndə, hamı onu daha qərbyönümlü hesab edirdi, ancaq hakimiyyətə gələndən sonra ölkəsində islahatla edəcəyi barədə olan bütün ümidləri məhv etdi.
"Nəyinsə dəyişəcəyinə dair böyük ümid var idi. O, qərbdə oxuyub, "i-Phone"ları, idmanı və müasir əyləncəni sevir. Dəyişikliyə ümid vardı, ancaq bütün ümidlər kül olub getdi", - Kirbi açıqlamasında deyib.
BMT komissiyası Çinə də xəbərdalıq edib ki, Cənubi Koreyadan qaçanları geriyə göndərməklə onların zülm və işgəncə görməsinə şərait yaratmaqla, dolayı yolla "insanlıq əleyhinə cinayətlərdə iştirak edir". Rəsmi Pekinin dəfələrlə Şimali Koreyadan qaçanlar haqqında məlumatlar ötürdüyü bildirilib, halbuki onlar insanların zülmə məruz qalacağını çox yaxşı bilirdilər.
Çin dolayı yolla işarə edib ki, BMT Təhlükəsizlik Şurasındakı veto haqqından istifadə edərək, Kim Jong-unun təqsirləndirilməsinə yol verməyəcək. Ancaq bu işlə bağlı ayrıca bir tribunal da yaradıla bilər.
Maykl Kirbi deyib ki, Kim Jong-un Pxenyanın güc strukturları tərəfindən törədilən hər bir cinayətə görə məsuliyyət daşımaya bilər, ancaq onun hüdudsuz hakimiyyəti bu məsələdə onun tam günahlandırılmasına imkan verir.
"Əgər sənin baş verənləri dayandırmağa gücün varsa, sən baş verənlərə görə məsuliyyət daşıyırsan, həmçinin adları təhqiqatçılara bəlli olan yüzlərlə yüksəkçinli məmur da bu məsələdə məsuliyyət daşıyırlar", - Kirbi çıxışının yekununda bildirib.
Şimali Koreyalı başına gətirilənlərdən danışır
BMT komissiyasının məlumat aldığı şimali koreyalı qaçqınlardan biri Kim Song-judur. O, Britaniyaya sığınan azsaylı şimali koreyalılardandır. O, 1990-cı illərdə ölkəsindəki aclıq zamanı sərhədi aşaraq ilk dəfə necə Çinə getməsindən, ölkəsində düşmən dövlətlər kimi tanınan ABŞ və Cənubi Koreyayaya gizli əlaqəyə girməkdə ittiham edilməsindən danışıb.
Song-ju çıxışında buzlu Tumen çayını keçdikdən sonra, Çinin mühafizə qüvvələri tərəfindən saxlanılmasından, yenidən rejimə təhvil verilməsindən, burada ona verilən işgəncələrdən, heç bir əndazəyə sığmayan anti-insanı münasibətdən bəhs edib.
Əvvəlcə onu və qaçmaqda şübhəli bilinən digər şəxsləri yük maşınına mindiriblər, həbsxanaya gedən yolda onlar patriotik marşlar oxumağa məcbur ediliblər. Həbsxanada o, ittihamçılar tərəfindən dəfələrlə döyülüb və 50 məhbusla birlikdə həddindən artıq balaca bir hücrədə yatmağa məcbur edilib, bu hücrələr məhbuslar alçatmaq, onları sürünməyə məcbur etmək üçün tikilir. "Həbsxana keşikçiləri bizə deyirdilər ki, siz insan deyilsiz, siz heyvansız, əgər bu həbsxananı tez tərk etmək istəyirsizsə, heyvan kimi sürünməlisiz", - o deyib.
Bir dəfə keşikçilər bir məhbusu başqa bir adamla danışdığına görə cəzalandırdılar. Onlar məcbur etdilər ki, məhkum əlini balaca bir deşikdən içəri salsın, bu deşik hücrədə havanın təmizlənməsi üçün idi. Sonra onlar məhbusun əlinə zərbələr endirib elə bir günə saldılar ki, onun əli formasını itirdi. Məhbus əlini deşikdən çıxara bilmirdi. "O, yerə çökdü və qışqırmağa davam etdi, onun əlindən başqa heç nə gəlmirdi", - Song-ju deyib.
Kim Song-junun bəxti gətirib, o xəstələnəndə xəstəxanaya göndərilib və o da məhz buradan qaçış yolu tapıb. Ancaq sonradan öyrənib ki, anası da Çinə qaçmağa çalışıb və onun başına gələnlər anasının da başına gəlib. Onun anası Çində yaxalanıb və yenidən rejimə təhvil verilib. Qadın bu hadisələr zamanı o qədər zəif düşüb ki, birbaşa xəstəxanaya göndərilib və burada onun əlləri yatağa qandallanıb.
Qadın xəstəxanada öləndə isə səlahiyyətli şəxslər onun qohumlarını məlumatlandırmayıblar. Qadının cəsədi ayrıca bir morqa göndərilib. Oğlu deyir ki, burada insan cəsədlərindən tibbi araşdırmalar üçün istifadə edilir. Təhqiqatçılar əsasən kimyəvi bə bioloji silahların öyrənilməsi üçün keçirilən belə eksperimentlər barədə çoxsaylı şahidlərdən məlumat alıblar. Ancaq bunu sübut etməyə hələlik müvəffəq olmayıblar.
Kim Sonq-Ju rejimdən qaçmaq üçün üç dəfə cəhd edib. Nəhayət ki, xristian xeyriyyə cəmiyyətinin yardımıyla o, britaniyaya qaça bilib. Paneldəki çıxışı zamanı ona şimali koreyalılar aksiya keçitməyə cəhd ediblərmi sualına o, birbaşa cavab verib: "Şimali Koreyada etiraz etmək ölümə bərabərdir!"
Qaynaq:
http://www.telegraph.co.uk/news/worldnews/10643889/Kim-Jong-Un-warned-he-could-face-prosecution-for-crimes-against-humanity.html
http://www.telegraph.co.uk/news/worldnews/asia/northkorea/10644910/North-Korean-who-escaped-to-Britain-tells-of-below-human-ordeal.html
İngilis dilindən çevirdi: Cavid Ramazanlı
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !