Yaponiya Müdafiə Nazirliyi Koreya Xalq Demokratik Respublikasının (KXDR) həyata keçirdiyi hidrogen bombasının nüvə yükünün gücü haqqında məlumatları dəyişdirib.
Publika.az "Röyters” agentliyinə istinadən xəbər verir ki, bu haqda Yaponiyanın müdafiə naziri İsunori Onodera NHK televiziya şirkətinə bildirib.
"Nüvə Sınaqlarının Hərtərəfli Qadağası haqqında Müqavilə üzrə Təşkilatın qiymətləndirməsinə görə, hidrogen yükünün sınağı zamanı yeraltı təkanların maqnitudu 6,1 olub. Bu məlumatlar əsasında təkrar qiymətləndirmə aparsaq, onda nüvə yükünün gücü 160 kilotona bərabər olacaq. Bu əvvəlki sınaqların göstəricilərindən daha çoxdur”, - televiziya şirkəti nazirin sözlərini sitat gətirib.
Onodera bildirib ki, bu, 1945-ci ildə Xirosimaya atılmış atom bombasının gücündən 10 dəfə çoxdur. 72 il əvvəl atılan bombanın gücü 15 kiloton təşkil edirdi.
Nüvə Sınaqlarının Hərtərəfli Qadağası haqqında Müqavilə üzrə Təşkilatın ilkin açıqlamasında partlayış nəticəsində yeraltı təkanların maqnitudu 5,8 qiymətləndirilirdi. Yaponiya Müdafiə Nazirliyi bu qiymətləndirməyə əsasən nüvə yükünün gücünün 70 kiloton təşkil etdiyini açıqlayıb.
Xatırladaq ki, KXDR sentyabrın 3-də hidrogen yükünün müvəffəqiyyətli sınağı haqqında bəyanat verib.
Yük qitələrarası ballistik raketlərin təchizatı üçün nəzərdə tutulub. Bu, Şimali Koreyanın altıncı nüvə sınağıdır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !