Siyasi Partiya rəhbərlərinin cəbhədə son baş verənlərə MÜNASİBƏTİ

14:31 | 14.09.2022
Siyasi Partiya rəhbərlərinin cəbhədə son baş verənlərə MÜNASİBƏTİ

Siyasi Partiya rəhbərlərinin cəbhədə son baş verənlərə MÜNASİBƏTİ

Azərbaycan və Ermənistan sərhədində 2 gündür ki, gərginlik davam edir. Tərəflər gərginlik də bir-birini günahlandırır. Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub. Ermənistan Baş naziri Nikol Paşinyan isə 49 erməni hərbiçisinin öldüyünü açıqlayıb.
 
Anews.az Azərbaycandakı  Siyasi Partiya rəhbərlərinin Facebook səhifələrində bu hadisəyə verdikləri reaksiyanın icmalını təqdim edirik:
 
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli: "50 evə od düşüb, 50 ocaq sönüb. Nəyə görə matəm elan olunmur? Ataların, anaların ürəyi partlayır, yaltaq trol ordusu isə rejimin səhvlərini malalamaqla, hamını borclu çıxarmaqla məşğuldur.
10 noyabr 2020-ci il gecəsi qələbəmizin oğurlanmasını, Rusiya ordusunun Azərbaycana qayıdışını 200-300 min dollarlıq maşınları ilə şəhərin küçələrində şütüyərək bayram edənlər indi də klavyatura qəhrəmanlığı ilə məşğuldur. Malaçı briqadanın, trol dəstəsinin, intellektual yaltaqların yalanları ilə bu millətin acısı keçməz. Bir dəfə də xalqın acısını hiss edin. Xalqla eyni hissləri paylaşın. Heç olmasa bir günlük matəm elan edin!"


 
Müsavat Partiyasının Başqanı Arif Hacılı: "Bir gündə 50 şəhid verdik. Məqsəd nəymiş? Nəticə nədir? Biz bilmirik. Bizim bunu bilmək haqqımız yoxdur. Nəyi, nə vaxt necə və nə üçün etməyi yalnız O bilir. Bizə demir. Çünki, kimə nəyi, nə vaxt, necə deməyi və ya deməməyi də yalnız O bilir. Bizim bildiyimiz odur ki, azı 50 şəhidimiz, daha çox sayda qazimiz var. Minlərlə əsgər anası, ailəsi, övladı ağır stress keçirib, sağlamlığını, həyatının illərini itirib. Faciə baş verib. Ölkədə matəm elan edilməlidir”.

 
 
Milli Cəbhə Partiyası sədri Razi Nurullayev: "İlahi, bəlkə içimizdəki vəzifə hərislərinə, kreslo sevdalılarına və şəxsi zəmində öz xalqından qisas almaq eşqi ilə yananlara görə bizi cəzalandırırsan? Vətən 50 nəfər şəhid verib, xeyli adını siyasətçi qoyan və onlara züy tutan tərəfdarları bu faciə üzərində siyasi xal toplamaq üçün səy göstərir. Bir özünüz də düşünün ki, sizlər Qarabağ üçün nə etmisiniz? Adını müxalifət qoyub ağlına gələni danışırlar. Bunlar arzu edərdi ki, daha çox şəhid olsun və hakimiyyəti, birbaşa Prezident İlham Əliyevi hədəfə alsınlar. Heç indi müxalifətçiliyin yeridir? Hələ ki, Müsavat başqanı Arif Hacılının və AXCP sədri Əli Kərimlinin yazdıqlarını gördüm. Biabırçılıq. Vallah, gedin siyasətdən. Xalq nə dərddə, sizlər isə kreslo davasında. Lağlağı, istehza dolu yazılar. Hələ onların postlarının altında şərh yazanlar. Hamısı bir-bir müəyyən edilib ən sərt cəzalarını alsınlar gərək. Allah eləməsin, birdən siz olsaydınız İlham Əliyevin yerində, Vallah indi nə Qarabağ vardı, nə cənubu, nə də şimalı. İndi, hesab sormaq, məntiqsiz suallar vermək, az qala Ermənistana qahmar çıxmaq vaxtı deyil, dəstək olmaq zamandır. Ola bilmirsiniz, heç olmasa susun! Bu hərəkətiniz bağışlanılmazdır!” 


 
 
ReAl partiyasının sədri İlqar Məmmədov: "Paşinyanın bu gün parlamentdə verdiyi bəyanatları göstərir ki, Ermənistan 10 noyabr 2020`ci il Üçtərəfli Bəyannaməsini tərk edib. Elə isə, Azərbaycanın bundan sonrakı addımları Bəyannamənin yoxluğundan irəli gəlməlidir. Zəngəzur azərbaycanlıları Qarabağ ermənilərindən əskik insan deyil, onların haqları tam həcmdə danışıqlar masasına gətirilməlidir". 


 
Ağ Partiyanın Başqanı Tural Abbaslı: "Ağ Partiya olaraq Azərbaycanın müstəqilliyinin qarantı olan ordumuzun sonuna qədər yanındayıq. İrəli Azərbaycan əsgəri! Bütün xainlərə və satqınlara inad yaşasın müzəffər ordumuz!!! " 

 
 
Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı: "Ana Vətən Partiyasının bəyanatı:
Təcavüzkar əməllərindən əl çəkməyən Ermənistan Azərbaycana qarşı ardıcıl və sistemli xarakter daşıyan təxribatlarını davam etdirməkdədir. Geniş miqyaslı son təxribatlar bir daha təsdiq edir ki, Ermənistan Azərbaycanın 44 günlük Zəfərindən, onu zəlil və miskin vəziyyətə salan məğlubiyyətindən nəticə çıxarmayıb. Son təxribat zamanı Silahlı qüvvələrimiz bir daha yüksək döyüş qabiliyyətini və qətiyyətini nümayiş etdirərək, düşmənə ağır və sarsıdıcı zərbələr endirib. Bu, Azərbaycanın suverenliyinə, əhalimizin təhlükəsizliyinə və Beynəlxalq hüquqa söykənən legitim haqqımızdır. Təəssüf ki, yenə də bəzi ölkələrin siyasi dairələri ədalətə, haqqa və reallığa söykənməyən mövqe nümayiş etdirir, riyakarcasına faşist mahiyyəti daşıyan Ermənistanı müdafiə edirlər. Eyni zamanda Azərbaycan adı altında simasını pərdələyən anti-milli satqınlar ölkəmizin haqq işinə kölgə salmağa cəhdlər göstərir, ermənilərin mövqeyini müdafiə edirlər. Ana Vətən Partiyası Ermənistanın son təxribatlarını ərazi bütövlüyümüzə və suverenliyimizə növbəti qəsd kimi qiymətləndirir, Dünya ictimaiyyətini və aparıcı dövlətləri Ermənistanın regionda sülhün və təhlükəsizliyin təmin olunmasına qarşı yönələn ardıcıl və sistemli addımlarına sərt mövqe nümayiş etdirməyə səsləyir, anti-milli ünsürlərin davranışlarını qətiyyətlə pisləyir, qəhrəman və igid Silahlı qüvvələrimizlə bərabər olduğunu bir daha bəyan edir".
 

 
Milli Həmrəylik Partiyası rəhbəri Əlisahib Hüseynov: "Ermənistan silahlı qüvvələrinin 12 sentyabrdan-13 sentyabra keçən gecə Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətməsi nəticəsində şəhadətə qovuşan hərbçilərimizin ruhları qarşısında baş əyirik! Şər yuvası olan Ermənistan terror və təxribat cəhdlərinin əvəzini ağır şəkildə ödəyir və ödəyəcək! Allah ordumuza yardımçı olsun!”

 
 
Azərbaycan Ümid Partiyasının sədri İqbal Ağazadə: "Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla, ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.
Ümid Partiyasının sədri İqbal Ağazadə və partiyanın Rəyasət heyəti Şəhid olan hərbi qulluqçularımızın ruhları qarşısında baş əyir, ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılarımıza Allahdan şəfa diləyir! Vətən, başın sağ olsun!”
 

Azərbaycan Xalq Partiyası sədri Pənah Hüseyn"Baş verən Vətən müharibəsidir. Tam və qəti qələbəyə doğru! Şəhidlər ölməz! Canımız əsgərimizə fəda olsun! Yaşasın Azərbaycan ordusu! Yaşasın Azərbaycan!"

 

Müasir Müsavat Partiyası sədri Hafiz Hacıyev: "50 şəhidin var Azərbaycan... Müdafiə Nazirliyi açıqlamasında bildilir ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub. Müasir Müsavat (MMP) Partiyası adından şəhidlərimizin ailələlərinə, yaxınlarına, eyni zamanda Azərbaycan xalqına başsağlığı veririk. Allah şəhidlərimizə rəhmət eləsin, ailələrinə səbr versin! Tez zamanda da yaralı əsgərlərimiz sağlamlığına qovuşsun. Bir gecədə 50 şəhidin olması bizə çox mətləblərdən xəbər verir. Şəhidlərin xatirəsini yad etmək üçün ölkədə matəm elan olunsa, yaxşı olardı. Millət, dövlət olaraq bir yerdə olduğumuzu hər bir zaman sübut etməliyik".

 

 
Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa: "50 şəhidimiz! Məkanları cənnət olsun. Xalqımıza başın sağ olsun deyirəm".


 

 
Müstəqil Xalq Partiyası sədri Əflan İbrahimov: ”Dostlar və əziz həmvətənlərim! Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, doğru zamanda, doğru adamlarla, doğru olanı etdi!”
 
 

Gələcək Azərbaycan Partiyası sədri Ağasif Şakiroğlu: "50 şəhidimiz! Məkanları cənnət, ruhları şad olsun. Xalqımıza başın sağ olsun deyirəm… Tanrı dövlətimizi və ordumuzu qorusun!"


 
 
Azərbaycan Yüksəliş Partiyası sədri Anar Əsədli: " Biz nə müharibə, nə qan istəyirik. Ancaq indi sülhə gedən yol savaşdan keçir. Azərbaycan ordusunun apardığı islahatlarn tək bir məqsədi var – Qafqazda sülhü bərpa etmək. Qafqazda sülh Azərbaycan ordusundan asılıdır!”
 


Azad Vətən Partiyası sədri Akif Nağı: "50 şəhidimizin intiqamı alınmalı, ermənilərin hərbi gücü məhv edilməlidir ki, bir daha başlarını qaldıra bilməsinlər!”.

 
 

Azərbaycan Demokratiya və Rifah Partiyası sədri Qubad İbadoğlu: "50 şəhidimiz var, xatirələri daim qəlbimizdədir!
Müdafiə Nazirliyi açıqlamasında bildilir ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub. Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyası adından şəhidlərimizin ailələlərinə, yaxınlarına, Azərbaycan xalqına başsağlığı veririk. Allah rəhmət eləsin, səbr versin!  Təklif edirəm ki, şəhidlərin xatirəsini yad etmək üçün matəm elan olunsun, eyni zamanda Müdafiə Nazirliyi yaralıların sayını da elan etsin. Bir neçə saat ərzində Ermənistandan 49 nəfərin ölməsi, biz tərəfdən 50 nəfər hərbi qulluqçusunun şəhid olması rusların təxribatda iştirakını göstərir, başqa cür mümkün deyil.” - 
 

 
Azərbaycan Sosialist Partiyası sədri Elşən Həsənov: "Azərbaycan, beynəlxalq hüquq baxımından tam haqlıdır və onu heç bir zaman təcavüzkar deyə adlandırmaq olmaz. İstər Türkmənçay və Gülüstan müqavilələri, istər Batum sazişinin müddəaları , istər elə qərb dövlətlərinin özlərinin tarixi xəritələrində qəbul edilmiş sərhədlər, istər SSRİ - yə hansı sərhədlər çərçivəsində daxil olma cizgilərini özündə əkst etdirən materiallar və s. bizə, qeyd etdiyim kimi sonradan Ermənistan adlandırılan, əslində Azərbaycanın tarixi torpaqları üzərində qurulmuş HAY KANTONUNDAN ərazi tələb etmək haqqımıza qədər olan hüquqlarımız vardır. Mən hələ zaman - zaman azərbaycanlıların o torpaqlardan deportasiya edilməsini, sonradan erməni adlanacaq millətin artıq müqəddəratını təyin etməsini və s. məsələləri bir kənara qoyuram. O səbəbdən də beynəlxalq hüquq, bizim tərəfimizdədir. Əslində sülh müqaviləsi və dövlətlərin bir - birlərinin ərazi bütövlüyünü tanıması əvvəlki sənədlərin qüvvədən düşməsi, Azərbaycan torpaqlarının itirilməsi demək olacaq ki, bu da yolverilməzdir. Zəngəzur torpaqları işğaldan tam azad edilməyənə qədər, mübarizəni dayandırmaq düzgün deyildir.
O ki, qaldı bəzi başıboşların guya müharibə əleyhinə etdiyi çıxışlara, bu ya tapşırıq, ya qrant almaq, ya da siyasi savadsızlıq ucbatəndan baş verən məsələlərdir. Mübarizə sona qədər davam etməlidir!” 

 

Məhluqə Tağıyeva
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM