“Siyavuş Novruzovun söyüşünü də çaşıb tərcümə etmişəm” — məşhur sinxron tərcüməçi

09:49 | 27.07.2017
“Siyavuş Novruzovun söyüşünü də çaşıb tərcümə etmişəm” — məşhur sinxron tərcüməçi

“Siyavuş Novruzovun söyüşünü də çaşıb tərcümə etmişəm” — məşhur sinxron tərcüməçi

Uzun müddətdir ki, Səudiyyə Ərəbistanında çalışan tanınmış sinxron tərcüməçi Nicat Əfəndi "Ölkə.Az” xəbər portalına müsahibə verib. Anews.az həmin müsahibəni oxuculara təqdim edir.

– Hazırda Azərbaycanda kifayət qədər sinxron tərcüməçi varmı?

– Tərcüməçilik məşğul olduğum ilk fəaliyyətlərdən biri olub. Vaxtilə mən bu sahəyə gələndə bazarda çox az sinxron tərcüməçi var idi. Ötən əsrin 90-cı illərində Azərbaycanda sinxron tərcümə demək olar ki, yox idi. Əsasən bazara diletantlar girmişdi. Bu sahədə peşəkar fəaliyyət göstərənlər çox az idi. Hətta, ötən əsrin 90-cı illərində Rusiyadan Mixail Qorbaçovun tərcüməçisi hər hansı bir ölkəyə gedəndə, onun tərcüməsinə baxıb həsəd aparırdıq. Çünki bizim tərcüməçilər çox hazırlıqsız idilər. Ancaq indi artıq bu sahədə də yaxşı kadrlar yetişib. Ümumiyyətlə, 2000-ci illərdən sonra neft pulları Azərbaycana daxil olanda bu sahədə də inkişaf gözə çarpmağa başladı. Bunun da öz səbəbləri var. Çünki 2000-ci illərdən sonra Azərbaycanda mötəbər beynəlxalq tədbirlər, neft-qaz toplantıları keçirilməyə başladı. Təbii ki, belə olan halda sinxron tərcüməçilərə də böyük ehtiyac yaranırdı. Azərbaycanda da bu sahəyə ehtiyac olduğu üçün yeni kadrlar hazırlanmağa başladı. Mən fəaliyyətimə ilk dəfə MDB ölkələrinə texniki yardım proqramı ilə başlamışam. Həmin proqram çərçivəsində Azərbaycana gömrük dəyərləndirməsi üzrə xarici ekspertlər gəlib-gedirdilər. Söhbət 1999-2000-ci illərdən gedir. Həmin dövrdə bu bazar çox boş idi. Sinxron tərcüməçilərə böyük ehtiyac var idi. Eyni zamanda bu sahədə yaxşı vəsait də var idi. Mən də sinxron tərcümə işi ilə peşəkar məşğul olmağa başladım. İndi isə vəziyyət bir qədər dəyişib. Artıq sinxron tərcüməçilərin sayı artıb. Təbii ki, say artan zaman qiymət də aşağı düşür. Ancaq tərcüməçi olmasa, təşkil olunan böyük tədbirlərin o qədər də əhəmiyyəti olmaz. Misal üçün, bəzən böyük tədbirlərə milyonlarla vəsait xərclənir, təşkil olunur. Ancaq sırf tərcüməçiyə vəsait ödəməyə gələndə bir qədər xəsislik edirlər. Amma başa düşmürlər ki, tərcüməçi olmasa onların təşkil etdiyi tədbirləri heç kəs anlamaz və sairə. Bu gün Azərbaycanda böyük dövlət və özəl müəssisələr var ki, tərcüməçilərə çox pul verməyə xəsislik edirlər. Doğrudur, Azərbaycanda baş verən devalvasiyaya qədər həmin qurumlar pul kisələrinin ağzını bir qədər açmışdılar. Çünki yaxşı sinxron tərcüməçilər az vəsaitə getmirdilər. Devalvasiya baş verəndən sonra yenə də əvvəlki vəziyyət yaranıb. Hazırda bu bazar da doludur. Əvvəllər isə görürdülər ki, bu sahədə daha çox pul qazanmaq olur, ona görə də bu sahəyə doluşmuşdular.

Nəzərə almaq lazımdır ki, Azərbaycanda əksər tədbirlərdə bir sinxron tərcüməçi 3 nəfərin işini görür. Halbuki, Avropada ən azı 3 nəfər tərcüməçi olur. Onlar yarım saatdan bir əvəz olunurlar. Avropa standartlarında qayda belədir. Bizdə isə bir tərcüməçi bütün günü təkbaşına tərcümə edir.

"Ucuz tərcüməçilərdən ən çox pul sildirmək istəyən təşkilatlar yararlanır”

– Bəs zəhmət haqqınız nə qədər olur?

– O, danışıqdan asılı olur. Bəzən iki nəfər tərcümə edəndə hər gün üçün adambaşı 300 manat alırıq. Bəzən adama 400 manat düşür. Amma 250 manat da verən olur. Bir tədbiri tək tərcümə edəndə isə 400 deyirsə, onun iki qatını alırsan.

Ümumiyyətlə, son vaxtlar bu bazara ucuz işçi qüvvəsi də dolub. Onlar ucuz qiymətə sinxron tərcümə təklif edirlər. Bu cür tərcüməçilərdən ən çox pul sildirmək istəyən təşkilatlar yararlanır.

"Tərcümə etdiyim vaxt nazirlik işçisi məndən ayaqyolunu soruşub”

– Tanınmış adamlardan kimə tərcüməçilik etmisiniz?

– Əlbəttə ki çox adam olub. Misal üçün, bir neçə tədbirdə Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzovun tərcüməsini etmişəm. Onunla bağlı maraqlı xatirələrim də var. Deməli, 2005-ci ildə Milli Məclisdə Venesiya Komissiyasının Seçki Məcəlləsi ilə bağlı iclası keçirilirdi. Həmin iclasda gərgin müzakirələr gedirdi. İclasda iştirak edən Siyavuş Novruzov mikrafonu söndürməmişdi. Həmin an müxalifətin ünvanına söyüş söymüşdü. Mən isə o söyüşü də tərcümə etmişdim. Tərcümədən sonra Venesiya Komissiyasının nümayəndəsi Siyavuş Novruzova təəccüblənmişdi. Əslində, mən o tərcüməni bilərəkdən etməmişdim.

Bundan başqa, bir neçə il öncə Bakıda Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə fermerlər üçün tədbir keçirilirdi. Təsəvvür edin ki, tədbirdə çıxışlar gedir, mən də onları tərcümə edirəm. Bir nəfər fermer isə başımın üstünü kəsdirib əllərini çiynimə vururdu. Mən də ona cavab verə bilmirdim. Çünki çıxışları tərcümə edirdim. Axırda məcbur olub ondan nə istədiyini soruşdum. Fermer isə məndən ayaqyolunun hansı tərəfdə olduğunu soruşdu. Bax, bu cür maraqlı hadisələr çox olub.

2013-cü ildə də "Böyük səhnə” yarışmasının Ukraynada çəkilişləri gedirdi. Mən də ora tərcüməçi kimi dəvət olunmuşdum və mikrafonu söndürmədən ləhcə ilə ağızıma gələni danışırdım. Sən demə, həmin an xəbərim olmadan "ATV”-də canlı yayıma düşmüşəm. Sonra gəlib məndən şikayət edilmişdi ki, canlı yayımda tərcüməçi su içir, ağzını marçıldadır və sairə.

Bir dəfə də tədbirdə tərcüməçilərdən biri ilə Milli Məclisin deputatı Fəzail Ağamalı arasında dava düşmüşdü. Həmin tərcüməçinin tərcüməsi Fəzail Ağamalının xoşuna gəlməmişdi.

Rəhmətlik Murtuz Ələsgərov Milli Məclisin sədri olanda Albaniyadan qonaqlar gəlmişdi. Onlarla bir yerdə restorana getmişdik. Mərhum Murtuz Ələsgərov da qonaqla danışırdı, bir tərəfdən də mənə təkidlə "yeməyini ye” deyirdi. Mən də danışa-danışa yeyə bilmirdim.

Ümumiyyətlə, tərcüməçi gərək bütün söhbəti tərcümə etsin. Bir dəfə Dövlət Gömrük Komitəsinin Çindən gələn nümayəndə heyəti ilə birgə görüşü keçirilirdi. Həmin tədbirdə Azərbaycan gömrükçüləri çinlilərlə şit zarafatlar edirdilər, məzələnirdilər, onlara söz atırdılar, lağ edirdilər. Təsəvvür edin ki, Çindən olan mütəxəssislər Dövlət Gömrük Komitəsinin işçilərinə seminar keçirdi. Ancaq bizim gömrükçülər isə onlara söz atırdılar, deyirdilər ki, çinlilər heçnə bilmir, onlar bizə yox, biz onlara öyrədə bilərik və sairə. Mən isə çıxılmaz vəziyyətdə qalmışdım. Çin nümayəndə heyətindən bir nəfər mənə dedi ki, sən doğru etmirsən! Səbəbini soruşdum, o da dedi ki, bayaqdan bizi söyürlər, sən isə onu bizə tərcümə etmirsən. Bundan sonra mən Azərbaycan gömrük işçilərinə xəbərdarlıq etdim ki, danışığınıza fikir verməsəniz, məcbur qalıb onu tərcümə edəcəm.

Onu da deyim ki, Prokurorluq orqanları əməkdaşları, həkimlər bu cür məsələlərə daha çox fikir verir, özlərini alicənab aparırlar.

Eyni zamanda indi sinxron tərcümə avadanlıqları da işimizi çox rahatladıb. Əvvəllər sinxron tərcümə cihazları çox köhnə idi, ətraf səslər düşürdü, çıxışlar yaxşı eşidilmirdi. Misal üçün, bir dəfə Zoologiya İnstitutunda çıxışları tərcümə edəndə çox problem yaşamışdıq. "ANS” radisounun dalğası imkan vermirdi ki, tərcümə edək. Ancaq radionu eşidirdik.

Başqa bir gülməli hadisəni də danışım. Qismət elə gətirib ki, mən öz toy günümdə tərcümə etmişəm. Toy günümdə Nəqliyyat Nazirliyindən sifariş gəlmişdi. Mənə dedilər ki, günün birinci yarısına qədər bir tərcümə var. Mən də düşündüm ki, gedib edim, gəlin maşınının kirayə pulu çıxar. Həmin tədbirə getdim gördüm ki, 3-4 dilə tərcümə olunur. Mən də Azərbaycan dilinə tərcümə edirdim. Saat 13:00 idi, ancaq hələ tədbir başa çatmamışdı. Mən də getmək istəyirdim. Çünki toya hazırlıq görülür, axşam da toy olacaq. Təşkilatçı da məni buraxmaq istəmirdi. Deyirdi ki, nə qədər qalacaqsansa, pulunu verəcəyik. Getmə, qal tərcümə et! Axırda mən də məcbur olub dedim ki, bir neçə saatdan sonra toyumdur, mən toya çatmalıyam.

"Prezident İlham Əliyevin çıxışlarını tərcümə etmək çox rahatdır”

– Ən çətin tərcümə etdiyiniz şəxslər və peşə sahibləri varmı?

– Ən çətin tərcüməmiz mətndən oxuyanlarda olur. Çıxıb uzun cümlələrlə üzündən oxuyan adamları çətin tərcümə edirik. Belələri daha çox hakimlərdən olur. Məmurlardan da Etibar Pirverdiyevin, şirkət rəhbərlərindən Abdulbari Gözəlin çıxışlarını tərcümə etmək çətin olur. Onlar qarışıq və uzun cümlələrlə çıxış edir. Ona görə də tərcüməsi çətinlik yaradır.

Ancaq cənab Prezident İlham Əliyevin, rəhmətlik Natiq Əliyevin çıxışlarını tərcümə etmək çox rahatdır.

– Daha tez karyera qurmaq üçün xarici dil öyrənmək istəyən vətəndaşlara hansı dilləri məsləhət görürsünüz?

– Təbii ki, ilk növbədə ingilis və rus dillərini bilmək lazımdır. Çünki indi 10-15 il əvvəlki dövr deyil. İndi ingilis dilini bilmədən çox sahədə çalışmaq mümkün olmur. Özü də ingilis dilini mükəmməl bilmək lazımdır. Növbəti yerləri isə alman, çin və ərəb dilləri tutur. Misal üçün, bu gün Çinin aparıcı markalarının saytına daxil olsanız, görəcəksiniz ki, çoxunun ingilis dilində saytı yoxdur. Çünki buna ehtiyacları yoxdur. Çində ingilis dili elə də populyar deyil. Bunun üçün də Çin dilini bilmək üstünlükdür. Bu gün Asiyada Çin dilindən geniş istifadə olunur.

Sonra ərəb dilini də bilmək vacibdir. Dünyada bu dilə də ehtiyac çox olur.

Avropa dillərindən isə ingilis, fransız, alman, Amerikaya getmək üçün isə ispan dilini öyrənmək yaxşı olar. Rus dili isə MDB ölkələri üçün daha perspektivlidir.

Sinxron tərcümə ilə məşğul olmaq üçün isə təkcə dil bilmək kifayət etmir. Eyni zamanda çevik düşünmək qabiliyyətin olmalıdır.

– Dediniz ki, Səudiyyə Ərəbistanında da çalışmısınız. Orada da tərcüməçi idiniz?

– Xeyr, Səudiyyədə neft-qaz sahəsində çalışmışam. Mən Səudiyyə Ərəbistanında 5 ilə yaxın işləmişəm. Bu ölkədən təzə qayıtmışam.

– Geri qayıdacaqsınız?

– Yox, qayıtmayacam. Ora yaşanılası ölkə deyil. Səudiyyə Ərəbistanı yaxşı ölkə deyil. Misal üçün, insanların yaxşı yaşaması ilə bağlı Səudiyyə ilə Qətər arasında böyük fərq var. Səudiyyədə insanların darıxmaması üçün heç bir şərait yoxdur. Təsəvvür edin ki, mən 4-5 il orada oldum, müqaviləmin müddətini uzadıb qala da bilərdim. Ancaq qalmadım, o ölkədən bezdim. Səudiyyə Ərəbistanında nə kinoteatr, nə qəlyan, nə digər əyləncə məkanları yoxdur. Səudiyyəyə gələn insanlar bir neçə gün qalandan sonra darıxırlar.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM