Smartfonlar bazarının artımı rekord səviyyədə zəifləyib

19:37 | 21.08.2015
Smartfonlar bazarının artımı rekord səviyyədə zəifləyib

Smartfonlar bazarının artımı rekord səviyyədə zəifləyib

Cari ilin ikinci rübündə dünyada smartfonların son istehlakçılara satışı 330 milyon ədəd təşkil edib. 2014-cü ilin analoji dövrü ilə müqayisədə satış artımı 13,5 faizədək azalıb ki, bu da 2013-cü ildən ən aşağı göstəricidir. Bu barədə "Gartner” analitik şirkətinin hesabatında deyilir.  
 
Bildirilir ki, azalma dünyanın ən böyük bazarı olan Çinin smartfon bazarının (Çin bazarının dünyada smartfonların satışında payı 30 faizə yaxındır) tələbatının ödənilməsi ilə əlaqədardır. Hesabat dövründə Çində smartfonların satışı ilin ilə nisbətində 4 faiz azalıb ki, bu da ilk dəfə baş verib.
 
Smartfonlar bazarının lideri "Samsung” şirkəti olaraq qalır. 2015-ci ilin ikinci rübündə Cənubi Koreya şirkəti ədədi ifadədə satışını 5,3 faiz, payını isə 4,3 faiz bənd azaldıb. Çinin "Huawei” şirkəti dünya bazarında smartfonların və Çində "4G” şəbəkəsini dəstəkləyən modellərin yüksək satışı sayəsində yüksək artım nümayiş etdirib. "Apple” şirkətinin ədədi ifadədə artımı 36 faiz təşkil edib. Analitiklər qeyd ediblər ki, "iPhone” modelinə marağın böyük olması "Samsung” şirkətinin satışına mənfi təsir göstərib.   
 
Əməliyyat sistemləri arasında "Android” liderliyini davam etdirsə də, hesabat dövründə platforma indiyədək ən zəif artım (11 faiz) nümayiş etdirib. Analitiklər bunu da "Android”in əsas hərəkətverici qüvvəsi kimi çıxış edən Çin bazarının tələbatının ödənilməsi ilə izah edirlər. Rübün nəticələri üzrə mobil əməliyyat sisteminin payı 2014-cü ilin analoji dövründəki 83,8 faizlik göstəricidən 82,3 faizədək aşağı düşüb.
 
Öz növbəsində "Apple iOS” platformasını payını 12,2 faizdən 14,6 faizədək artırıb.
 
"Gartner” satış həcminin ədədi ifadəsinə əsaslanaraq bütün tip iri mobil telefon istehsalçılarının onluğunu da tərtib edib. Bu ilin ikinci rübünün yekunları üzrə birinci yeri "Samsung” şirkəti tutmaqda davam edib. Sonrakı yerlərdə "Apple”, "Microsoft”, "Huawei”, "LG Electronics”, "Lenovo”, "Xiaomi”, "TCL Communication”, "ZTE” və "Micromax” şirkətləri qərarlaşıb.
 
2015-ci ilin ikinci rübündə dünya bazarında ümumilikdə 445,8 milyon bütün tip mobil telefon satılıb ki, bu da ötən ilin analoji dövrünün nəticələrinə uyğundur, - "CNews” yazır.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM