SOCAR gəlirlərini açıqladı - Neçə milyard?

14:06 | 04.06.2019
SOCAR gəlirlərini açıqladı - Neçə milyard?

SOCAR gəlirlərini açıqladı - Neçə milyard?

2018-ci ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ümumi gəlirləri əvvəlki illə müqayisədə artaraq 111,198 milyard manata çatıb.

Bu barədə şirkətin 2018-ci il üzrə audit olunmuş maliyyə hesabatında qeyd edilib.

Hesabat ilində satışların maya dəyəri 105,468 milyard manat, xalis əməliyyat xərcləri isə 2,135 milyard manat təşkil edib. Ötən ildə şirkətin əməliyyat gəliri 42,5 faiz artaraq, 3,595 milyard manata çatıb.

Bildirilib ki, SOCAR-ın fəaliyyət göstərdiyi bəzi xarici ölkələrdə valyuta kursunun dəyişkənliyi xərclərin artımına səbəb olsa da, şirkət 2018-ci ili mənfəətlə başa vurmağa nail olub. Beləliklə, şirkətin xalis mənfəəti 1,224 milyard manat təşkil edib. Hesabat ilində xam neftin satışından 58,462 milyard manat, neft məhsullarının satışından isə 40,093 milyard manat əldə edilib.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib ki, 2017-ci və 2018-ci illərdə SOCAR maliyyə göstəricilərini neft böhranından əvvəlki səviyyəyə qaldırmağa nail olub, bu illəri mənfəətlə başa vurub:

"Ötən il dövriyyədə müsbət saldonun əldə olunmasına əsas etibarilə, dünya neft bazarında qiymətlərin artması, STAR və Polipropilen zavodlarının istismara verilməsi ilə neft-kimya məhsullarından daha yüksək gəlirin əldə edilməsi, "Şahdəniz-2” layihəsi üzrə təbii qaz satışının yüksəlməsi səbəb olub. Növbəti illərdə yeni layihələrin başa çatdırılması və dayanıqlı istismarı ilə bu müsbət dinamikanı qorumağa çalışacağıq”.

Audit olunmuş maliyyə hesabatlarına görə SOCAR Qrupunun ümumi aktivləri ötən il 1,29 faiz artaraq 62,136 milyard, bunun müqabilində ümumi borc öhdəlikləri 13,7 milyard manat təşkil edib. SOCAR-ın cəmi kapitalı əvvəlki illə müqayisədə 8,96 faiz artaraq 23,944 milyard manata çatıb.

Qeyd edək ki, son 10 ildə SOCAR-ın ümumi gəlirləri 24, cəmi kapitalı isə 3 dəfədən çox artıb. SOCAR-ın 2018-ci ildə hazırlanmış maliyyə hesabatlarına əvvəlki illərdə olduğu kimi audit şirkətlərindən Ernst & Young Holdings (CIS) B.V. müsbət rəy verib. Bildirilib ki, ötən hesabat illəri ilə müqayisədə 2017-ci və 2018-ci illərdə davam etdirilən əlavə tədbirlər nəticəsində audit rəyinin 1 ay əvvəl alınmasına nail olunub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb