SOCAR istiqrazları üzrə beşinci faiz ödənişini həyata keçirib

16:28 | 01.02.2023
SOCAR istiqrazları üzrə beşinci faiz ödənişini həyata keçirib

SOCAR istiqrazları üzrə beşinci faiz ödənişini həyata keçirib

SOCAR  2021-ci ilin noyabrında buraxılmış istiqrazların sahiblərinə  faizlər üzrə 1,125 milyon dollar məbləğində beşinci ödənişi həyata keçirib. Bu barədə SOCAR Kapital məlumat verib.

"Fevralın 1-də SOCAR istiqraz sahiblərinə 1 milyon 125 min dollar məbləğində faiz ödənilib. Bu vəsait istiqraz sahiblərinin bank hesablarına köçürülüb. Beləliklə, istiqraz sahiblərinin ümumi gəliri 5 milyon 625 min dollara çatıb. 5 ildən sonra ümumi gəlir 22,5 milyon dollar olacaq" , - məlumatda deyilir.

Şirkətin məlumatına görə, tədavülə buraxıldığı son 15 ayda təkrar bazarda SOCAR-ın korporativ istiqrazları üzrə əməliyyatların həcmi 31 milyon dolları ötüb, Bakı Fond Birjasında bu qiymətli kağızların alqı-satqısı üzrə əməliyyatların sayı 380-ə çatıb. .

SOCAR istiqrazları üzrə növbəti faiz ödənişi 2023-cü il mayın 1-də baş tutacaq.

2021-ci il noyabrın 1-də Bakı Fond Birjasında SOCAR-ın AZ2002019894 dövlət qeydiyyat nömrəli, 5 il tədavül müddətli, 100 milyon ABŞ dolları məbləğində faizli, təminatsız sənədsiz adlı, adlı sənədli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac başa çatıb. . Təqdim edilmiş sifarişlərin həcmi 380,614 milyon ABŞ dolları təşkil edib, kupon dərəcəsi 4,5%, faizlər rübdə bir dəfə ödəniləcək.

Emissiya hər qiymətli kağızın nominal dəyəri 1000 ABŞ dolları olan 100 000 istiqrazlara bölünür.

Noyabrın 2-də BFB-nin ticarət platforması vasitəsilə SOCAR istiqrazları təkrar bazara yerləşdirilib.

Əvvəllər xəbər verildiyi kimi, SOCAR istiqrazların yerləşdirilməsindən əldə edilən vəsaiti müxtəlif layihələr (Bakı Neft Emalı Zavodunun yenidən qurulması, Karbamid Zavodunun tikintisi və s.) üzrə öhdəliklərin maliyyələşdirilməsinə sərf etməyi planlaşdırır.

2016-cı ilin sentyabrında SOCAR daxili bazarda 100 milyon ABŞ dolları məbləğində (illik 5% gəlirlilik - İF) beşillik istiqrazların ilk emissiyasını həyata keçirib. Şirkətin istiqrazlarına müraciətlər 203,4 milyon dolları keçib.Bu qiymətli kağızların ödəmə müddəti 2021-ci il oktyabrın 18-də başa çatıb. İstiqraz sahibləri toplam 25 milyon dollar gəlir əldə ediblər.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM