Bir neçə gün öncə Milli.Az modern.az-a istinadən bəzi yanacaqdoldurma məntəqələrində müştərilərin kütləvi şəkildə aldadıldığı və avtomobillərə göstəriləndən daha az benzin vurulduğu ilə bağlı yazı yer almışdı. Yazıda Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirir ki, belə şikayətlər daha çox SOCAR, "Lukoyl"a məxsus yanacaqdoldurma məntəqələri ilə bağlı olur.
Məqalədə yer alan bəzi məqamlarla bağlı "SOCAR Petroleum" QSC-dən Milli.Az-a aydınlıq gətiriblər.
Yanacaqdoldurma məntəqələrindən kütləvi şikayət - Benzin alan sürücülər belə aldadılır...
"SOCAR Petreleum" QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli YDM-lərdə avtomobilin çəninə vurulan benzinin həcminin monitorda göstərildiyindən 1-2 litr az olması ilə bağlı şikayətə belə cavab verib:
"Göstərilən fərq YDM-lərdə istismar olunan texniki qurğuların göstəricisi və aparılan dövri yoxlamalar zamanı öz əksini tapmır. YDM-də istismar olunan sayğacların dəqiqliyi +-0.25% təşkil edir. Hər bir müştəri bunu SOCAR yanacaqdoldurma məntəqələrində olan Nümunəvi Ölçü Qabında test aparmaqla yoxlaya bilər".
O, şirkətin yanacaqdoldurma məntəqəsində vurulan yanacağın həcmə uyğun gələn məsafəni qət etməyə imkan verməməməsi ilə bağlı şikayətlə də bağlı mövqeyini açıqlayıb: ""SOCAR Petroleum" QSC-nin balansında olan mexaniki və həndəsi ölçmə vasitələrinin (yanacaqpaylayıcı kolonkaların tapançaları, nümunəvi ölçü qabları, manometrlər, metroştoklar, ruletka, lotlu ruletka, areometrlər və s.) kalibrlənməsi işləri Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət komitəsinin Təcrübə Sınaq Mərkəzinin (AzTEST) mütəxəssisləri tərəfindən yüksək dəqiqliklə həyata keçirilir. Bununla da yanacaqdoldurma məntəqələrimizdə yanacağın kəsilməsindən söhbət gedə bilməz. Bir daha bildiririk ki, yanacaqpaylayıcı kolonkaların tapançaları hər üç aydan bir dövrü yoxlamalardan keçir. Hər zaman qeyd edirik, indidə qeyd edirik, kimin bununla bağlı narazılığı varsa buyursun yaxınlaşsın məntəqəmizə, sizin iştirakınızla istənilən tapançanı yoxlamağa hazırıq. Amma təəssüflər olsun ki, bu məsələni dəfələrlə elan etməyimizə baxmayaraq heç kim bizə müraciət etməmişdir".
Mətbuat katibi sürücülərin avtomobillərin "forsunka"nın tez sıradan çıxmasının səbəbini benzində görməsinə isə belə reaksiya verib: ""SOCAR Petroleum" QSC-ə məxsus yanacaqdoldurma məntəqələrində satışı həyata keçirilən bütün yanacaq növləri hər ay Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Neft-qaz və neft-kimya məhsullarının Sınaq Laboratoriyasında yoxlanılır və nəticə göstəriciləri ilə bağlı sınaq protokolu təqdim edilir. Beləliklə, yanacaq növlərinin keyfiyyətinə mütəmadi olaraq səlahiyyətli dövlət qurumları tərəfindən aparılan laboratoriya sınaqları vasitəsilə nəzarət olunur. Bu günə qədər laborator sınaqlar nəticəsində heç bir oktan dəyişikliyi qeydə alınmamışdır. İlk növbədə müştərilər avtomobillərinə istehsalçının tövsiyyə etdiyi yanacaqdan istifadə etməlidirlər. Avtomobilin yanacaq sisteminə də periodik texniki baxış keçirilməlidir. Bir çox modellərdə 20000 km-dən bir forsunkalar yuyulmalı və filtrlər yenilənməlidir. Təəssüf ki, bir çox avtomobil sahibləri bu baxışları həyata keçirmirlər və günahı yanacaqda görürlər. Bunlar olmadıqda, təbii ki, avtomobillərdə texniki nasazlıqlar baş verəcəkdir".
Ü.Həbibbəyli qeyd edib ki, yanacaqdoldurma məntəqələrində üzərində bölgü olan menzurkanın olmaması həqiqətə uyğun deyil: ""SOCAR Petroleum" QSC-ə məxsus yanacaqdoldurma məntəqələrinin hər birində nümunəvi ölçü qabları (menzurka) mövcuddur. Vətəndaşın yalnız hər hansı şübhəsi və ya narazılığı olarsa, yanacaq kolonkasının yoxlanılmasını tələb edə bilər. Menzurkalar hər sifarişə uyğun deyil 10 litr və 20 litr həcmə malik olur".
Şirkətin sözçüsü uzun şlanqların içərisində qalan benzin avtomobilin çəninə yox, geri qayıtması şübhələrinə da aydınlıq gətirib: ""SOCAR Petroleum" QSC-ə məxsus yanacaqdoldurma məntəqələri Yaponiya istehsalı olan "Tatsuno" yanacaqpaylayıcı kolonkalarla təchiz edilmişdir. Şlanqların uzunluğu istehsalçı tərəfindən beynəlxalq norma və standartlara uyğun tənzimlənir. Bütün yanacaqpaylama kolonkalarımızda yanacaq şlanqının uzunluğu 5,4 metrdir. Yanacaq xətti üzərində 4 müxtəlif yerdə əks klapanlar var. Onlardan ikisi şlanqın iki müxtəlif əks tərəflərində yerləşir. Satış üçün operator avtorizasiya olunmayıbsa, klapanın açılması mümkün deyildır. Satış olmadıqda isə yanacağın əksinə axması əks klapanlar hesabına mümkün olmayacaqdır. Ümumiyyətlə YDM-dəki yanacaq xəttində hava olması mümkün deyil. Bu halda sızıntı detektorları işə düşər və yanacağın verilməsi, sayğacların işləməsi bloklanar".
"YDM-lərdə Azərbaycanda olmayan benzin satılıb" iddiasına isə şirkətin nümayəndəsi belə cavab verib: "Hal-hazırda "Super" və "Premium" markalı yanacaqlar xaricdən idxal olunur və tələbat fasiləsiz olaraq təmin olunur. SOCAR brendli yanacaqdoldurma məntəqələrində xaricdən idxal olunan "Super", "Premium" və yerli istehsal olunan "A92", "Dizel" və "LPG" neft məhsullarının satışı həyata keçirilir".
O, həmçinin bəyan edib ki, YDM-lərdə avtomobil çənlərinə benzin əvəzinə hava vurulması mümkün deyil: "Yüksək sürətlə yanacağın vurulması zamanı ölçmə dəqiqliyi qətiyyən dəyişmir. Yüksək sürətə görə havanın benzinə qarışması ümumiyyətlə mümkün deyildır".
"SOCAR Petroleum"un rəsmisi əlavə edib ki, müştərilərin müraciətlərini daha operativ cavablandırmaq məqsədilə gün ərzində 09:00-dan 18:00-dək aktiv olan (050-243-65-45) əlaqə vasitəsi istifadəyə verilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !