Bu gün Batumidə (Gürcüstan) Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstan nümayəndəliyinin yeni inzibati binasının açılış mərasimi keçirilib.
Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.
Mərasimdə Gürcüstanın baş naziri İrakli Qaribaşvili və SOCAR-ın prezidenti Rövnəq Abdullayev, şirkət rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak ediblər. Batumi portu yaxınlığında Bakı küçəsində tikilmiş yeni binada "SOCAR Energy Georgia” şirkətinin və onun strukturlarının ofislərinin yerləşəcəyi deyilir.
Tikintisinə 2012-ci ildə başlanılmış 4 mərtəbəli binada 150 əməkdaşın çalışması üçün iş otaqları, texniki otaqlar, ayrıca lift və pilləkənlə təmin olunmuş 24 nəfərlik yeməkxana və mətbəx, habelə inzibati otaqlar və konfrans zalı yerləşir. Memar Rauf Xıdırov tərəfindən layihələndirilmiş binanın fasadı klassik, əsas elementləri isə neoklassik üslubda işlənib. Binaya mədəni irs statusu verilib. Qeyd edək ki, 1 598 kv. metrlik torpaq sahəsində inşa edilmiş binanın və yardımçı tikililərin ümumi sahəsi 3 383,51 kv. metrdir. Ofislər 1 334,36 kv. metr sahəni əhatə edir.
Baş nazir İ.Qaribaşvili, SOCAR prezidenti R.Abdullayev və onları müşayiət edən şəxslər bina ilə tanış olublar, şirkətin Gürcüstan nümayəndəliyinin kollektivini təbrik ediblər. SOCAR-ın Batumidə yeni ofisinin açılışı Azərbaycan və Gürcüstan arasında sürətlə inkişaf edən işgüzar əməkdaşlığın və tərəfdaşlığın daha bir nümunəsi olduğu qeyd edilib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !