“Şollar”ın ideya müəllifinin varisləri Azərbaycana gəlib - FOTOLAR

16:53 | 08.04.2014
“Şollar”ın ideya müəllifinin varisləri Azərbaycana gəlib - FOTOLAR

“Şollar”ın ideya müəllifinin varisləri Azərbaycana gəlib - FOTOLAR

Bakı şəhərinin içməli su təchizatında xüsusi əhəmiyyəti olan, bir əsrə yaxın tarixə malik, “Şollar” adı ilə məşhurlaşmış Birinci Bakı su kəmərinin ideya müəllifi və layihə rəhbəri Uilyam Linldey nəslinin nümayəndələri Azərbaycana gəlib.

“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, bu gün Lindley nəslinin nümayəndələri Karin Maria Marta, Eugen Jozef, Katerina Morvin, Aleksandr Horst, həmçinin Polşa Elmlər Akademiyasının siyasi araşdırmalar üzrə Elmi-Tədqiqat İnstitutunun  direktoru, Lindley irsini araşdıran professor Riçard Zeliçovski “Azərsu”da olublar.Qonaqları salamlayan “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirib ki, məşhur mühəndis Uilyam Lindleyin Azərbaycanın su təchizatı tarixində böyük xidmətləri var.  U.Lindleyin  müəllifi olduğu Birinci Bakı su kəməri artıq 100 ilə yaxın bir  dövrdə istismar olunur və Bakı sakinlərinin içməli su təchizatına töhfələr verməkdədir: “Əsasən əl əməyi hesabına tikilən kəmər yüksək keyfiyyəti ilə seçilir. Bu kəmər indiyədək sabit məhsuldarlıqla davamlı olaraq istismar edilib və demək olar ki, əsaslı təmirə ehtiyacı olmayıb. Belə bir unikal layihənin reallaşması U.Lindleyin dövrünün peşəkar mütəxəssisi olduğunu bir daha təsdiqləyir. Hazırda Azərbaycanda genişmiqyaslı su təchizatı və kanalizasiya layihələri həyata keçirilir. Layihələrin keyfiyyətli icrasını təmin etmək üçün podratçı təşkilatlara “Şollar” layihəsini həmişə nümunə göstəririk. 2017-ci ildə kəmərin istismara verilməsinin 100 ili tamam olacaq və yubiley tədbirlərində sizləri yenidən Azərbaycanda görməkdən məmnun olardıq”.Lindleylər ailəsi adından təşəkkürlərini bildirən Eugen Jozef ulu babasının xatirəsinə göstərilən ehtiramı yüksək qiymətləndirib, bu səfərin onlarda xoş təəssürat yaratdığını qeyd edib.Qeyd edək ki, 1853-cü ildə anadan olmuş ingilis mühəndis və inşaatçısı Uilyam Lindley həyatını şəhərlərin su təchizatının yaradılmasına həsr edib. Onun adı Avropanın 30-dan çox şəhərinin (Frankfurt, Varşava, Praqa, Budapeşt və s.), o cümlədən Bakının su təchizatı tarixinə qızıl hərflərlə yazılıb.XIX əsrin sonlarında Bakının su təchizatında yaranmış problemlərlə əlaqədar şəhər Dumasının razılığı ilə su kəmərinin layihələndirilməsi üçün mütəxəssislər dəvət edilib. Bu dəvəti müsbət dəyərləndirən ingilis mühəndisi Uilyam Lindley yeraltı suların öyrənilməsi üzrə axtarışlar aparıb. U.Lindleyin layihəsi əsasında çəkilmiş Birinci Bakı su kəməri mənbəyini Bakıdan 187 km məsafədə - Xaçmaz rayonunun Şollar kəndindəki yeraltı sulardan götürür. “Şollar” mənbəyi 24 artezian quyusundan, eləcə də lay və bulaq sularından qidalanır. “Şollar” su kəmərinin tikintisinə XX əsrin əvvəllərində başlanıb və “Şollar” suyu 1917-ci ildə Bakı əhalisinə çatdırılıb. Həmin il fevralın 18-i tarixə “Bakı-Şollar” su kəmərinin açılışı günü kimi düşüb.Məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin maliyyə dəstəyi ilə çəkilən kəmər 100  ilə yaxındır Bakı əhalisini su ilə təmin edir. 1917-ci ildən fasiləsiz fəaliyyət göstərən bu mənbənin məhsuldarlığı demək olar ki, dəyişməyib. "Şollar" ilin bütün dövründə orta hesabla saniyədə 1270 litr su verir.ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb