“Son söz İlham Əliyevindir”

16:34 | 01.07.2014
“Son söz İlham Əliyevindir”

“Son söz İlham Əliyevindir”

Slutski Azərbaycanın Avrasiya İttifaqına üzvlük ehtimalından danışdı

“Krım 1954-cü ildə Xruşşovun volyuntarist, əslində isə mahiyyətcə antirus qərarı ilə işğal olunmuşdu. Krımın ekspansiyası o zaman baş vermişdi. Bu hadisə ikinci dəfə isə 1991-ci ildə təkrarlandı. O zaman da Krım Boris Yeltsinin əli ilə Ukraynaya verildi. Bir sözlə, Krımın işğalı o zaman baş verib. Bunu Qərbdə də gözəl bilirlər”.

Bunu virtualaz.org saytına eksklüziv açıqlamasında Putinin “ən yaxın adamı” sayılan rusiyalı siyasətçi, Rusiya Dövlət Dumasının MDB işləri və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Slutski deyib.

Rusiyalı siyasətçi bu ilin martında Krımda keçirilən referendumu “tamamilə legitim və azad” aksiya adlandırıb: “Səsvermə heç də Ukrayna konstitusuyasının pozulması sayıla bilməz. Nə də bu səsvermə rus avtomatlarının lüləsi altında keçirilməyib. Bunların hamısı Qərb mətbuatının uydurmasıdır. Adamlar səsvermə məntəqələrinə könüllü şəkildə gediblər. Krımlıların öz siyasi iradələrini sərbəst şəkildə ifadə etməsinin üstünə kölgə salmaq olmaz. Yarımadanın əhalisinin 90 faizi Rusiyaya birləşməyə razı olduğunu bəyan edib”.

Avrasiya İqtisadi İttifaqından danışan L.Slutski rəsmi Moskvanın bu bəyanatını təkrarlayıb ki, “söhbət güclü və nəhəng bir birliyin yaradılmasından gedir.

Böyük ehtimalla L.Slutski də Bakıya son vaxtlar tez-tez gələn digər rusiyalı həmkarları kimi Azərbaycana bu ittifaqa qoşulmaq barədə düşünməyi təklif etməyə çalışıb.

“Bu üç ölkə ittifaq ideyası üzərində çoxdan işləyirdi. Bu il yanvarın 1-dən isə üç ölkənin vahid iqtisadi məkanı yaradıldı. Növbəti addım Gömrük İttifaqının yaradılması olacaq. Sonra isə iqtisadi inteqrasiyanın növbəti mərhələləri üzrə işlər görüləcək. Həmin bu proseslər 2015-ci ildə postsovet məkanının əhəmiyyətli hissəsində güclü inteqrasiyaya təkan verməlidir. Biz həmin birlikdə hələlik üç ölkənin üzvlüyü barədə düşünürük. Lakin belə hesab etmək olar ki, postsovet məkanındakı inteqrasiya proseslərinə cəlb olunacaq ölkələrin sayı qarşıdakı illərdə artacaq. Bu halda həmin birlik dünya siyasətində, beynəlxalq münasibətlər sistemində qüdrətli amilə çevrilə bilər. Əlbəttə ki, biz Azərbaycanı da inteqrasiya prosesinə qoşulacaq həmin ölkələrin sırasında görmək istəyərdik. Lakin son söz Azərbaycan hakimiyyətinin, İlham Əliyevindir. Amma indidən onu deyə bilərəm ki, biz Avrasiya İqtisadi İttifaqının üstünlüklərini təbliğ etmək üçün tədbirlər, dəyirmi masalarda müzakirələrə keçirəcək və həmin tədbirlərə azərbaycanlı həmkarlarımızı da dəvət edəcəyik” - deyə L.Slutski bildirib.

Rusiyalı siyasətçi hesab edir ki, gələcəkdə Avrasiya Parlamenti də yaradılacaq: “Düzdür, Avrasiya Parlamentinin yaradılması Avrasiya İttifaqının özünün formalaşdırılması prosesindən tez baş verə bilməz. Avropa Şurası və Avropa Parlamenti ilə bağlı məsələdə də belə olmuşdu. Avropa Parlamentinin yaradılmasına onilliklərlə vaxt getmişdi. Əvvəlcə Avropa Şurası yaradıldı, sonra isə Avropa Parlamenti. Hər halda biz bu istiqamətdə də çox fəal işləyəcəyik.

L.Slutski Qarabağ münaqişəsinin həlli problemi ilə bağlı suala cavabında əsas rolun Rusiyaya məxsus olduğunu da vurğulayıb: “Rusiyanın həm Ermənistan, həm də Azərbaycanla çox gözəl münasibətləri var. Buna görə də Rusiyanın Qarabağ münaqişəsinin həllinə təsir imkanları var. Biz münaqişə tərəflərinə bu problemi sülh yolu ilə həll etməkdə öz tərəfimizdən yalnız kömək göstərəcəyik”.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM