Azərbaycan məktəblərində dərslərin 2 həftə uzadılması məzunların "son zəng” ənənəsinə öz təsirini göstərib.
Anews.az-ın paytaxt sakinləri ilə apardığı sorğudan məlum olub ki, buna alışmayan məktəblilər, eləcə də bir çox valideynlər hələ də "son zəng”in hansı tarixdə çalınacağı barədə məlumata malik deyillər. Şəhər sakinlərinin bir çoxu isə ümumiyyətlə, "son zəng” mərasiminin artıq keçirilmədiyini düşünürlər.
Sakinlərin belə düşünməsi əsassız deyil. Çünki məzunların "son zəng”in Bakı bulvarında keçirilməsi ənənəsi keçən il pozuldu. Onlar "Formula 1” yarışları səbəbi ilə Dənizkənarı Milli Parka buraxılmadılar.
"Formula 1” Azərbaycan Qran Prisi bu il 23-25 iyun tarixlərində paytaxtda baş tutacaq. 14 iyun və 23 iyun arasında 9 gün fərq olduğundan böyük ehtimalla məzunların "son zəng” şənliklərinə heç bir təsiri olmayacaq.
Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov Oxu.Az-a açıqlamasında "son zəng”in qanunauyğun olaraq 14 iyunda çalınacağını bildirdi:
"Təhsil ili 14 iyunda başa çatırsa, deməli, "son zəng” həmin gün olmalıdır. Valideynlər və şagirdlər artıq buna alışsınlar. Məzunların bu əlamətdar günü necə qeyd edəcəkləri isə qanun çərçivəsində və asayişi pozmamaq şərti ilə onların öz ixtiyarına buraxılır”.
Qeyd edək ki, ötən ildən Azərbaycan məktəblərində "son zəng” mayın 31-də deyil, iyunun 14-də təşkil olunur. Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə edilmiş dəyişikliyə əsasən, 2015/2016-cı dərs ilindən ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !