Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində növbəti kollegiya iclası keçirilib.
Prezident İlham Əliyevin tapşırığı ilə son illər sosial sahədə aparılan islahatları qeyd edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu islahatların davam etdiyini bildirib.
Babayev bildirib ki, 2022-ci ildə minimum pensiyaların artımı ilə yanaşı, pensiyaların indeksləşdirmə əsasında artırılması da nəzərdə tutulur.
Qeyd olunub ki, ümumən pensiya islahatlarında məqsəd dövlət pensiya sisteminin davamlılığının qorunması ilə yanaşı, bu sistemdə yeni humanist yanaşmaların tətbiqi, pensiya təminatına əlçatanlığın artırılmasıdır. Son illərdə bu istiqamətdə mühüm addımlar atılıb, qarşıdakı dövrdə də davam edəcək.
İclasda daha 182 peşə və kvalifikasiya standartının təsdiq edilməsi qərara alınıb. Bildirilib ki, peşə və kvalifikasiya standartları işçi qüvvəsinin işəgötürənlərin tələbinə cavab verməsi və rəqabət qabiliyyətinin artırılması, peşə-ixtisas təhsili proqramlarının əmək bazarının tələblərinə uyğunlaşdırılması məqsədilə hazırlanır. Ümumən 2021-ci ilin ötən dövründə 700-dək peşə və kvalifikasiya standartı hazırlanaraq təsdiq edilib və ilin sonuna bu rəqəmin 1000-ə çatdırılması planlaşdırılıb.
Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi sahəsində aparılan işlər diqqətə çatdırılıb. Əməyin mühafizəsi üzrə beynəlxalq standart olan İSO 45001 əsasında milli standartların hazırlanması, Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində Əməyin Mühafizəsi Mərkəzinin yaradılması işlərinin sürətləndirilməsi tapşırılıb.
Əlilliyin qiymətləndirilməsi işlərindən bəhs olunub. Bu ilin ötən dövründə 51 minədək şəxsə əlillik təyin edildiyi, əlilliyi olan 8 min şəxsə 40 mindən çox protez-ortopedik və digər reabilitasiya vasitəsinin verildiyi, aşağı və yuxarı ətrafları amputasiya edilmiş 164 hərbçinin 173 ən müasir 4-cü nəsil elektron protezlə təmin edildiyi qeyd olunub. (qafqazinfo)
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !