"Şou xatirinə efirdə bəzən uyğun olmayan hərəkətlər edir”.
Oxu.Az Milli Televiziya və Radio Şurasının Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Təvəkkül Dadaşovla müsahibəni təqdim edir:
- Təvəkkül bəy, hal-hazırda yerli televiziyaların vəziyyəti sizi qane edirmi?
- Hər halda hər şey qaneedici səviyyədə olsaydı, həm ictimaiyyət, həm də dövlət qurumu olaraq Milli Televiziya və Radio Şurası tərəfindən televiziya və radiolarla bağlı mütəmadi olaraq iradlar səslənməzdi, narahatçılıqlar dilə gətirilməzdi. Bu, gerçəklikdir. Ancaq söhbəti pessimist notlarla başlamaq istəməzdim. Məlumdur ki, bu gün Azərbaycanda teleradio sistemi həm kəmiyyət, həm də keyfiyyət baxımından xeyli inkişaf edir. Azərbaycanda 10 ölkə, 14 regional, 1 peyk yayımçısı və 12 kabel televiziyası fəaliyyət göstərir. Bunlardan əlavə, ölkə yayımçısı olan 12 radio və 3 regional radio gündəlik olaraq efirdədir. Azərbaycan kimi kiçik bir ölkə üçün bu qədər teleradio yayımçısının olması kifayət qədər böyük rəqəmdir.
Keyfiyyətlə bağlı məsələyə gəldikdə isə, bu sahədə də əvvəlki dövrlərlə müqayisədə xeyli müsbət irəliləyişlər var. İlk növbədə tematik yayımçıların yaradılmasını qeyd etmək istərdim. Bundan başqa, teleradio proqramlarının texniki cəhətdən yüksək səviyyədə yayımı işində tətbiq olunan yeniliklər, xüsusilə rəqəmsəl yayımla bağlı əldə olunan nailiyyətlər, həmçinin milli peykimiz olan "Azərispace”-in orbitə buraxılması və yerli televizyalarımızın bu peyklə keyfiyyətli yayımının təşkili ciddi uğurlardandır.
Bundan başqa, qanunvericiliyin tələblərinə riayət edilməsində də müsbət dinamika göz qabağındadır. Məsələn, əgər əvvəllər, bəzi yayımçıların efirinın 50-60%-i xarici dildə olan materiallardan ibarət idisə, günün günorta çağı erotik səhnələrə, spirtli içki reklamlarına, zorakılıq səhnələri və s. rast gəlinirdisə, Milli Televiziya və Radio Şurasının apardığı ardıcıl işin nəticəsi olaraq bu cür hallara hazırda rast gəlmək mümkün deyil.
Konkret olaraq yayımçıların efirlərinə, proqramlarına diqqət yetirərkən də müəyyən müsbət meyillər müşahidə edilir. Yerli yayımçılar çalışırlar ki, dünya və ya ən azından aparıcı region ölkələrinin yayımçılarının təcrübələrindən yararlansınlar. Lakin həmişə müsbət nəticələrin ortaya çıxdığının şahidi olmuruq. Yuxarıda qeyd etdiyim müsbət tendensiyalarla yanaşı, yayımçılarımızın efirində xüsusilə də xarici TV yayımçılarının təsiri altında bəzi neqativ proseslər yaşanır. Məsələn, şou-biznes verilişlərinin proqram səbətində payının çoxluğu, milli-mənəvi dəyərlərə zidd mövzuların müzakirəyə çıxarılması, qeyri-peşəkar aparıcıların meydan sulaması və s. kimi problemlər qalmaqdadır. Təbii ki, bu hallar bizi qane edə bilməz.
-Tez-tez sosial şəbəkədə aparıcılara qarşı kəskin iradlarınızı və tənqidlərinizi bildirirsiniz...
-Biz aparıcılara teleradio yayımçılarının bir hissəsi kimi yanaşırıq. Onu da deyim ki, heç bir aparıcı ilə problemimiz yoxdur. Sadəcə biz efirdə olan nöqsanlara müdaxilə edirik ki, bu problemlərin də bir çoxu təəssüf ki, aparıcılarla bağlı olur. Aparıcılar yayımçıların simalarıdır. Aparıcının hər bir hərəkəti – istər müsbət, istər mənfi- yayımçının adına bağlanır. Teleradio yayımı haqqında qanunvericilikdə aparıcılarla bağlı məsuliyyət müəyyənləşdirilməyib. Məsuliyyəti bütövlükdə yayımçı daşıyır. Bu mənada yayımçılar aparıcılarla bağlı məsələdə həssas olmalıdırlar. Çünki sonda bədəli özləri ödəməli olurlar.
Sosial şəbəkələrdə aparıcıları tənqid etmək məsələsinə gəlincə, deyim ki, bu, əslində bir növ tamaşaçı rəyi kimi qəbul olunmalıdır. Bəzən verilişi izləyirsən və təəssüratlarını bölüşürsən. Sadəcə, görünür, tənqid daha cəlbedici olduğu üçün diqqəti xüsusilə cəlb edir. Sosial şəbəkələrin bu gün həyatımızda hansı rolu oynadığı məlumdur. Bu mənada bəzən problemlərin burda qabardılması öz səmərəsini verir, haqlı olaraq medianın diqqətini cəlb edir. Bu isə istər-istəməz yayımçıları, aparıcıları daha məsuliyyətli olmağa sövq edir.
Fürsət düşmüşkən deyim ki, xüsusilə internet mediasının teleradio yayımçılarının fəaliyyəti ilə bağlı məsələlərə diqqət göstərməsi özlüyündə müsbət haldır. Düzdür, bəzən, "qarışqadan fil düzəldənlər” də olur. Amma hər halda, diqqət, bir növ ictimai nəzarət olmalıdır və bu işdə medianın rolu danılmazdır.
Etiraf edək ki, hər bir hala inzibati üsullarla müdaxilə etmək mümkün olmur. Məsələn, bir aparıcı efirdə milli valyutanı cırarkən, milli tariximizi təhrif edərkən, yaxud da iştirakçını aşağılayarkən belə hallarda fikrimizi, tövsiyələrimizi media, sosial şəbəkələr vasitəsilə ifadə edərək yayımçıları bundan çəkindirməyə çalışırıq. Sevindirici haldır ki, cəmiyyət də buna öz dəstəyini ifadə edir. Həm sosial şəbəkələr, həm "qaynar xətt”ə edilən zənglər, həm də məktub vasitəsilə edilən müraciətlər bunu deməyə əsas verir. Lakin təəssüf ki, bəzən yayımçıların təmsilçiləri buna aqressiv yanaşırlar. Məsələn, bir müddət əvvəl tərəfimizdən "Adam içində” verilişinin müsbət tərəfləri ilə yanaşı, neqativ cəhətlərinə - ərin arvadına xəyanəti, ona işgəncə verməsi, ərli qadının başqa kişiyə qoşulub qaçması, kişinin başqasının arvadını qaçırması kimi mövzuların müzakirəsinə, həmçinin efir vasitəsilə iştirakçı və üçüncü şəxslərin təhqir olunmasına etiraz bildirən açıqlamamıza ANS-in təmsilçisi Mais Məmmədov bu cür çox kobud münasibət açıqlamışdı: "Milli Teleradio Şurasının nümayəndəsinə deyirəm ki, o kimdir, televiziya mütəxəssisidir ki, bizi tənqid edir?!Kimin xoşu gəlmir baxmasın, başqa kanallara çevirsin. Mən 55 ildir televiziyada çalışıram. Ola bilməz ki, tənqid edənlər televiziyanı məndən yaxşı bilsinlər. Boş-boş danışmasınlar. Xoşuna gəlmir baxma”.
Göründüyü kimi, bəzən deyilənlərdən nəticə çıxarmaq əvəzinə, neqativ hallara haq qazandırılır, təhqiramiz ifadələr səsləndirilir. Lakin özlərini televiziya mütəxəssisi hesab edənlərin efirləri göz qabağındadır. Görünür, Mais Məmmədovun 55 illik televizyonçuluq fəaliyyəti dövründə media sahəsində öyrəndikləri və qazandığı təcrübə elə "Adam içində” verilişində baş verən neqativ hallara haqq qazandıracaq səviyyədədir. İctimaiyyətin narazılığına səbəb olan ciddi məsələlərə "Xoşuna gəlmir, baxma” kimi bəsit məntiqlə yanaşanlardan başqa nə isə gözləmək də doğru deyil, əslində. Digər tərəfdən, 55 illik televiziya stajı olan mütəxəssis, özünün təbirincə desək, mediaya boş-boş danışmaqdansa, qanunvericiliklə tanış olmalı və bilməlidir ki, MTRŞ bədii yaradıcı fəaliyyətlə məşğul olmur, o, nəzarətedici qurumdur. Qurumun fəaliyyətinin əsas istiqamətlərindən biri teleradio yayımçılarının efirində qanunvericiliyin tələblərinə riayət olunması vəziyyətini yoxlamaqdır. Bizim peşəkarlığımız məhz bu işləri necə icra etməyimizlə ölçülür. Yaşla, stajla yox.
-Heç olubmu ki, hansısa verilişi izlədiyiniz zaman ekranda baş verənlərdən əsəbiləşərək dərhal telekanalı dəyişmisiniz?
-Ekranda tamaşaçının xoşuna gəlməyən hallar kifayət qədər ola bilər. İşdən sonrakı saatlarda biz də bununla rastlaşırıq və kanalı dəyişirik. Lakin iş prosesində, bizim vəzifə borcumuz hər bir efir materialına peşəkar aspektdən yanaşmağı tələb edir. Biz verilişləri izləyərkən, monitorinq apararkən hər cür emosiyanı kənara qoyaraq, işə sırf qanunvericilik prizmasından yanaşırıq. Yəni, yüksək səviyyəli və yaxud zövqsüz veriliş demədən bütün proqramları izləyirik. Əgər qanun pozuntusu yoxdursa, milli-mənəvi dəyərlərə zidd hallar müşahidə edilmirsə, verilişin başqa cəhətləri yalnız yayımçının özünü maraqlandırır, bizi yox. Amma əlbəttə ki, yayımçılar geniş tamaşaçı zövqlərinə hörmətlə yanaşmalıdırlar.
-Efir məkanını yaxşı mənada bəzəyən və korlayan aparıcıların adlarını sadalaya bilərsinizmi?
-Birmənalı şəkildə hansısa aparıcını efiri korlayan aparıcı kimi təqdim etmək doğru olmazdı. Bundan başqa, yuxarıda qeyd etdiyim kimi, biz aparıcını yayımçının tərkib hissəsi kimi görürük. Bu baxımdan bizim ad çəkməyimiz doğru olmazdı. Qanunvericilik qarşısında məsul olan da aparıcı deyil, yayımçıdı. Ümumilikdə isə deyə bilərəm ki, bir çox aparıcılar var ki, efirə çıxdıqları ilk dövrlərdə çatışmazlıqları, qeyri-peşəkarlıqları çox idisə, indi artıq peşəkarlaşıblar. Lakin elələri var ki, əvvəl necə idilərsə, indi də elədirlər. Bizim narahatlığımız xüsusilə şou aparıcıları ilə bağlıdır. Onlar şou xatirinə efirdə bəzən uyğun olmayan hərəkətlər edir, verilişin mövzusunu düzgün təqdim edə bilmir, axarını doğru yönə istiqamətləndirməkdə çətinlik çəkirlər.
-Verilişlərdə müzakirəyə qoyulan mövzular arasında xəstəlik, toy, xəyanət kimi mövzular daha çox üstünlük təşkil edir. Sizin buna münasibətinizi bilmək istərdim...
-Yayımçılar mövzu seçməkdə, ümumiyyətlə yaradıcı prosesdə müstəqildirlər. Istədikləri mövzunu seçə bilərlər. Lakin həmin mövzular və bu mövzular ətrafında aparılan müzakirələr zamanı qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməməlidir. Çox təəssüf ki, belə hallar az olmayıb. Bizim bu istiqamətdə dəfələrlə qaldırdığımız məsələlər də sırf bu narahatçılıqlardan irəli gəlir. Bəzən görürsən ki, dalbadal neqativ mövzular müzakirəyə çıxarılır, sanki cəmiyyətdə baş verən ən naqis hallar axtarılıb tapılır və xarakterik ictimai problem kimi təqdim olunur. Müsbət tendensiyalar, nümunələrdən isə demək olar ki, söhbət açılmır. Düzdür, bir sıra verilişlərdə insanların problemlərinin ictimailəşdirilərək onlara yardım göstərilməsi faktları da az olmamışdır. Lakin ümumilikdə sosial xarakterli verilişlər xəyanət, zorakılıq və digər bu kimi mövzuları işıqlandırmağa meyillidir.
-Yerli teleməkanda nələrin dəyişilməsini istərdiniz?
-Əvvəlki suallara verilən cavablarda əksini tapmış problemlərin aradan qaldırılmasını istərdim. Bundan başqa, da əlbəttə ki, dəyişilməsi və aradan qaldırılması vacib olan problemlər vardır. Elə MTRŞ-in bütün fəaliyyəti də məhz teleradio yayımı sahəsində mövcud olan problemlərin aradan qaldırılmasına yönəlib. Bildiyiniz kimi, bu yaxınlarda teleradio yayımı haqqında qanunvericiliyə dəyişikliklər olub və Şuranın səlahiyyətləri artırılıb. Bu isə bizə daha məhsuldar çalışmağa imkan verəcək.
-Bəs, internet portallarının bugünkü vəziyyəti barəsində nə düşünürsünüz?
-İnternet portalları ilə bağlı məsələlərə münasibət bildirmək bizim fəaliyyət sferamıza aid deyil. Lakin onu deyə bilərəm ki, bu sahədə ciddi inkişaf göz qabağındadır. Kifayət qədər internet portalı fəaliyyət göstərir. Bu isə ümumilikdə ölkədə elektron medianın sürətli inkişafının göstəricisidir. İnternet televiziyalarının da sayı az deyil. Bu sahənin tənzimlənməsi ilə bağlı məsələ isə hələ də açıq qalır. Lakin zamanın reallıqları bunu zəruri edir.
Onu da qeyd etmək lazımdır ki, hazırda ən populyar KİV televiziyadır. Gələcəkdə isə nələrin baş verəcəyini zaman göstərər. Lakin mən televiziyanın "öləcəyinə” inanmıram. Necə ki, vaxtilə televiziya radionu "öldürə” bilməmişdi.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !