"Növbəti həftə "Pittodri" stadionunda azarkeşlərin qarşısında geridönüş etmək üçün hazır olacağıq. Həmin qarşılaşmada fanatlara ehtiyacımız var".
Bu fikirləri Şotlandiyanın "Aberdin" klubunun futbolçusu Konnor Maklennan "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu barədə danışarkən deyib.
22 yaşlı hücumçu Bakıdakı görüşdə məğlubiyyətlə üzləşdikləri üçün məyus olduqlarını söyləyib: "Bu, dünyanın ən pis nəticəsi deyil. Artıq səfər qolları barədə narahat olmağımıza ehtiyac yoxdur. Sadəcə, rəqibi məğlub etməliyik. Bu matçda hədəfimiz qələbə qazanmaqdır".
Maklennan Tofiq Bəhramov adına Respublika stadionunun mükəmməl arena olduğunu diqqətə çatdırıb: "Buna baxmayaraq ot örtüyü indiyədək gördüklərimin içində ən pislərdən biri idi. Hamımız sona yaxın çox yorulduq. Şərtlər çətin idi. Havanın isti keçəciyini gözləyirdik. Lakin belə meydana alışmamışıq. Oyundan bir gün əvvəl məşq zamanı hiss etdik ki, buna öyrəşmək çətin olacaq".
Şotlandiyalı forvard avrokuboklarda yola davam etmək və qrup mərhələsinə vəsiqə qazanmaq istədiklərini sözlərinə əlavə edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !