"Orada yalnız park, yaşıllıq və yollar salınacaq”
Sovetski”nin köçürülməsi asan məsələ deyil. Tutaq ki, 100 il əvvəl kimsə ev tikib, sənədlər 50 kvadrat metr üçündür. Ancaq sonradan orada əlavə yardımçı binalar tikib. Bakıda bu gün maksimum 1 kvadrat metr üçün 1500 manat kompensasiya ödənilir. Amma hamımız bilirik ki, "Sovetski” məhəlləsində evlər nə durumdadır. Əslində vəsait evin vəziyyətinə görə verilməlidir, ancaq tapşırıq verilmişdi ki, evin vəziyyətindən asılı olmayaraq 1 kvadrat metr üçün 1500 manat, yəni maksimum qiymət qoyulsun”.
APA-nın məlumatına görə, bunu Bakının "Sovetski" məhəlləsinin köçürülməsi ilə bağlı baş nazirin müavini Abid Şərifov deyib.
A. Şərifov bildirib ki, problem evlərin qiyməti ilə bağlı deyil, əsas problem "Sovetski”də sökülən və sökülməli olan evlərin 20 faizə qədərinin çox aşağı, yəni 25 kv/m-ə qədər olmasıdır: "İnanılası deyil, amma gözümlə görmüşəm ki, 8-12 kvadratmetr evlərdə bir neçə nəfər, bir ailə yaşayır. 8-20 kvadratmetr evə hər kvadratmetr üçün 1500 manat verilməsi ilə belə o vətəndaş heç nə edə bilməz. Bu, aydın məsələdir. Ona görə də dövlət başçısının bilavasitə göstərişinə uyğun olaraq 2 doqquzmərtəbəli bina müəyyənləşdirildi. "Gənclik" metrostansiyasının yanında 9 mərtəbəli yataqxana vardı, qaçqınlar yaşayırdı. O qaçqınlar başqa yerlərə köçürüldü, bina əsaslı təmir olundu və "Sovetski”də yaşayan 60 ailəyə verildi. Orada 2 otaqlı və 1 otaqlı mənzillər var. İki otaqlı mənzillər 50 kvadrat metr, bir otaqlı mənzillər 36 kvadrat metrdir, hər bir şərait var. Əvvəlcə bəzi ailələr razılaşmırdı, sonra ərizə ərizə arxasınca gəldi ki, amandır, bizə də oradan mənzil verin”.
A. Şərifov "Sovetski”də mənzillərinin sahəsi az olan ailələr üçün ikinci 9 mərtəbəli yaşayış binasının keçmiş "Leytenant Şmit" Zavodunun yaxınlığında olduğunu açıqlayıb: "O da 9 mərtəbəli yataqxana idi. Həmin binada əsaslı təmir işləri ilin sonuna qədər bitəcək və ailələrin bir qismi ora köçürüləcək. Sahəsi 8-10 kvadratmetr olan, havasız, rütubətli mənzildə yaşayan ailələr orada 30-50 kvadrat metr sahədə yaşayacaq. Əksəriyyət bunu başa düşür və normal da qəbul edir”.
Baş nazirin müavini "Sovetski”nin bəzi ərazilərinin müxtəlif problemlər səbəbindən hələ də tam boşalmadığını qeyd edib: "Ona görə də abadlıq işlərinə başlanılmır. Düşünürəm ki, ilin sonuna qədər "Sovetski”nin bir hissəsində abadlıq işlərinə başlanılacaq”.
A. Şərifov "Sovetski”də köçürülən evlərin yerində binaların tikiləcəyi barədə yayılan məlumatların da əsassız olduğunu vurğulayıb: "Hansısa binanın tikintisindən söhbət gedə bilməz. "Sovetski”də yalnız park, yaşıllıq və yollar salınacaq”.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !