Stalin, Hitler, Trotski və Freyd: onları nə birləşdirirdi? - ARAŞDIRMA

12:20 | 16.01.2014
Stalin, Hitler, Trotski və Freyd: onları nə birləşdirirdi? - ARAŞDIRMA

Stalin, Hitler, Trotski və Freyd: onları nə birləşdirirdi? - ARAŞDIRMA

1913-cü ildə Vyana şəhərində Adolf Hitler, İosif Stalin, Lev Trotski, Ziqmund Freyd və Jozef Tito kimi şəxsiyyətlər toplaşmışdılar. Onlar bir-birinin yaxınlığında yaşayır, bəlkə də dəfələrlə üz-üzə, göz-gözə gəlirdilər. Təkcə onlar deyil, dünyanı dəyişdirmək əzmində olan bir çox adam o zaman Avropanın mərkəzi olan Vyanaya gəlmişdi. Dünya böyük dəyişikliklərin ərəfəsindəydi. Avropada uzun müddət idi ki, sülh, əmin-amanlıq hökm sürürdü. İnsanlıq hər sahədə tarix boyu görülməmiş, misilsiz kəşflərə, yeniliklərə imza atırdı. Gözlənilən dəyişiklik 1 il sonra baş verdi, bütün dünyanı lərzəyə salan, Avropanı qan çanağına döndərən, milyonlarla insanın ölümünə səbəb olan, kəndləri, şəhərləri, ölkələri xarabaxanaya döndərən I Dünya Müharibəsi başladı. Belə bir qəddar müharibə heç vaxt görülməmişdi. Sanki dünyanın sonuydu... “BBC”nin sizə təqdim etdiyimiz araşdırması bu dəhşətli müharibədən 1 il əvvəlki dövr, mədəni-ictimai-siyasi mühit, dünyanı dəyişdirən insanların bir-biri ilə qarşılıqlı münasibətləri haqqındadır...

 

1913-cü ilin yanvarında pasportunda Stavros Papadopulos adı olan bir nəfər Krakovdan Vyananın Şimal Terminalı stansiyasına gələn qatardan yerə endi. 

Qarabuğdayı, iri kəndli bığları olan bu adam əlində çox vacib bir taxta çemodan daşıyırdı. 

Onu qarşılamağa gələn şəxs illər sonra onun haqqında bu sözləri yazacaqdı: "Qapı döyülüb açılanda və tanımadığım adam içəri girəndə, mən stulda oturmuşdum. O bəstəboy... arıq idi... bozumtul-qəhvəyi  dərisi çopurlarla örtülmüşdü... Mən onun gözlərində dostluğa bənzər heç nə görmədim".

Bu cümlələrin müəllifi rusiyalı dissident-intellektual, radikal yönümlü "Pravda" qəzetinin redaktoru Lev Trotski idi. 

Əslində, onun təsvir elədiyi adamın adı Papadopulos deyildi. 

Ona doğulanda İosif Vissarionoviç Cuqaşvili adı verilmişdi, dostları onu "Koba" kimi tanıyırdı, indi isə İosif Stalin kimi məşhurdur. 

Yaşamları ilə 20-ci əsri şəkilləndirən, daha doğrusu, darmadağın edən bu iki adam 1913-cü ildə Vyananın mərkəzində yaşayırdılar. 

Onlar müqayisəedilməz qrupuydu. Bu iki inqilabçı Stalin və Trotski Vyanada qaçağıydılar. 

Ziqmund Freydi isə artıq tanımayan yoxuydu.  

Şəhərin Berggrasse bölgəsində yaşayan və yaradan psixoanalitiki ardıcılları insan ağlının sirlərini çözən dahi bir şəxs kimi göylərə qaldırırdılar. 

Sonradan Yuqoslaviyanın əsasını qoymaqla məşhurlaşan lider Marşal Tito o zaman hələ gənc Josip Broz idi. O, Vyananın cənubundakı Deymlərdə yerləşən "Wiener Neustadt" avtomobil zavodunda fəhlə işləyir, yaxşı işə, pula, gözəl vaxt keçirməyə can atırdı. 

O vaxtlar Avstriyanın şimal-şərqindən olan 24 yaşlı bir gənc də oradaydı. Onun Vyana İncəsənət Akademiyasında rəssamlıq oxumaq xəyalları iki dəfə puça çıxmışdı. İndi o, Dunayın sahilindəki Maldermannstrasda ucuz pansionatda özünə sığınacaq tapmışdı. Onun adı Adolf Hitler idi.

Şəhər özünün əzəmətli inkişaf dövrünü keçirirdi, Frederik Morton - Aydın Səmada İldırımı - Hitleri pansionat yoldaşlarının qarşısında nitq söylərkən, "əxlaqdan, ali irqdən, Alman missiyasından, Slavyan xəyanətindən, yəhudilərdən, yezuitlərdən və frimasonlardan" danışarkən təsvir edir. 

"Onun kəkili qalxıb-enir, boyaya bulaşmış əlləri havada qövslər cızır, səsi opera tembrinə qədər qalxır. Sonra isə necə başlamışdısa, eləcə qəfildən susacaq. Nüfuzedici taqqıltı salaraq əşyalarını bir yerə toplayacaq və öz hücrəsinə çəkiləcək".

Hofsburq Sarayında oturan və hər şeyə nəzarət edən qoca imperator Frans Jozef 1848-ci ilin böyük inqilablarından bəri taxtda idi. 

Onun artıq bəlirlənmiş xələfi Arxhersoq Frans Ferdinand yaxınlıqdakı  Belveder Sarayında yaşayır, həsrətlə taxta çıxacağı günü gözləyirdi. O birisi il o, sui-qəsdə məruz qaldı və bu da I Dünya Müharibəsinin başlamasında qığılcım rolunu oynadı. 

15 xalqın, 50 milyondan çox insanın məskunlaşdığı Avstriya-Macarıstan İmperiyasının 1913-cü ildə paytaxtı Vyana şəhəri idi. 

"Vyana tamamilə başqa mədəniyyətlərin qarışığından ibarət bir şəhər deyildi. Onun imperiyanın müxtəlif bölgələrində yaşayan ambisiyalı insanları özünə cəzb edən özünəxas bir mədəni mühiti varıydı", - Dardis Makneymi deyir. O 17 ildir Vyanada yaşayır və Avstriyada ayda bir dəfə nəşr olunan yeganə ingilisdilli qəzet "Vienna Review"nun baş redaktorudur. 

"Şəhərin iki milyonluq əhalisinin az qala yarısı yerli əhaliydi, dörddə biri isə Bohemiyadan (indiki Çexiyanın qərb bölgəsi) və Moraviyadan (indiki Çexiyanın şərq hissəsi) gəlmişdi, buna görə də bir çox hallarda çex dili alman dili kimi işlək idi"

"İmperiyanın vətəndaşları onlarla dildə danışırdı", - Makneymi deyir. 

"Avstriya-Macarıstan ordusunun zabitləri alman dili ilə yanaşı, 11 dildə əmr verməyi bacarmalıydı. Milli Himnin də bu dillərdə rəsmi tərcümələri mövcud idi".

Bu, qeyri-adi qatışıq kafe-evləri kimi mədəni fenomeninin yaranmasına səbəb olmuşdu. Bu əfsanənin kökləri 1683-cü ildə uğursuzluğa düçar olmuş türk mühasirəsindən sonra, osmanlıların qoyub getdiyi kofe kisələrinə qədər gedib çıxır.

"Kafe kültürü, kafelərdə səs-küy və müzakirələr Vyana həyat tərzinin ayrılmaz bir parçasıdır. Bu, həmişə belə olub, indi də, əvvəllər də", - Çarlz Emerson deyir. O, "1913: Böyük Müharibədən əvvəlki dünyanın axtarışında" kitabının müəllifi və "Chatham House" Düşüncə Mərkəzinin xarici siyasət üzrə araşdırmaçısıdır. 

"Düzü, Vyananın intellektual ictimaiyyəti balaca idi və hər kəs bir-birini tanıyırdı və... bu, müxtəlif mədəni cəbhələrin fikir mübadiləsi aparmasına kömək edirdi". 

Bu - o, əlavə edir - siyasi dissidentlərin və qaçaqların işinə yarayırdı. 

"Mərkəzləşmiş, çox güclü dövlət aparatı yoxuydu. Onu özü üçün mövcud olan ölkə adlandırmaq olardı. Əgər sən Avropada gizlənmək üçün yer axtarırdınsa və həm də çoxlu maraqlı adamla tanış olmaq istəyirdinsə, bunun üçün ən ideal yer Vyana idi". 

Freydin sevimli "Cafe Landmann" kafesi hələ də Ring küçəsində, şəhərin tarixi bölgəsini əhatə edən "Innere Stadt"da yerləşən yenicə təmirdən çıxmış bulvardadır. 

Trostkiylə Hitlerin dadandığı "Cafe Central" bir neçə dəqiqəlik məsafədə yerləşirdi. Burada şirniyyat, qəzet satılır, şahmat oynanılır və ən əsas da qızğın söhbətlər edilirdi. 

"Kafelərin bu qədər əhəmiyyətli olmasına səbəblərdən biri də oraya hamının getməyinin mümkün olmasıydı", - Makneymi deyir. "Müxtəlif fikir və maraqlar ümumi inkişafa səbəb olurdu. Fakt isə odur ki, Qərb düşüncəsinin çox kövrək olan sərhədləri sonradan çox kəskinləşdi".

"Bundan başqa, yeni sənayeçi sinif olan yəhudi intiligeniyasının çox böyük təsiri var idi. İmperator Frans Cosef 1867-ci ildə onlara vətəndaşlıq hüququ vermişdi, onların məktəblərdə və universitetlərdə oxumağa tam haqqı var idi" - o, əlavə edir. 

Baxmayaraq ki, bura kişi-mərkəzçi cəmiyyət idi, qadınların da cəmiyyətə təsiri mövcuduydu. 

Bəstəkar əri 1911-ci ildə vəfat edən Alma Mahler də bəstəkar idi. O, rəssam Oskar Kokoşkanın və Valter Grofiusun ilham pərisi və sevgilisi olmuşdu. 

Vyana musiqinin, gözəl balların, vals rəqsinin sinomi sayılsa da (indi də belədir), onun qaranlıq tərəfləri də çox çılpaq şəkildə nəzərə çarpırdı. Çox sayda vətəndaş xarabalarda yaşayırdı, 1913-cü ildə 1500 vyanalı öz həyatına son vermişdi.

Hitler Trotskiylə üz-üzə gəlibmi, Tito Stalinlə rastlaşıbmı, bunu heç kim bilmir. Ancaq Laurens Mark və Mauris Qranın 2007-ci ildəki "Doktor Freyd, indi cənab Hitleri görəcəksiniz" radio tamaşası kimi əsərlər bu cür rastlantılar haqqında çox canlı təsəvvür yaradır. 

Sonrakı il baş verən fəlakət Vyananın intellektual həyatının çox hissəsini məhv etdi. 

İmperiya 1918-ci ildə süquta uğradı və dünya tarixini həmişəlik dəyişən Hitler, Stalin, Trotski və Tito kimi şəxslərin karyeralarını başlamasına rəvac verdi.

Mənbə: "BBC"

İngiliscədən çevirdi: Cavid Ramazanlı

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM