"Bizim qanunlar da – pox-püsürdür. Yaratdığımız qurumlarda yuxarı başda əyləşən kəslər bizə düşmən kəsiliblər, bəzi yoldaşlarımız isə əsl əyana çevriliblər və lap axmaqlar kimi çalışırlar…"
Aleksandr Deqtyarov
PLATONOVUN STALİNLƏ DİALOQ CƏHDLƏRİ
Karyerasının nisbətən parlaq olmayan dövründə Stalinin tutduğu vəzifələrdən biri Fəhlə-Kəndli Müfəttişliyinin (FKM) xalq komissarı postu olub.
1927-ci ilin fevralında adıçəkilən Müfəttişliyin bürokratizm məngənəsindən xilası və təkrar təşkilatlanması məqsədiylə islahata başlandı.
Həmin vaxt Stalin artıq FKM-nin xalq komissarı olmasa da, qurum hələlik onun nəzarətində qalmaqdaydı və onun fəaliyyəti ilə bağlı alınan qərarlar mütləq Stalinlə razılaşdırılırdı.
"Oktyabr" jurnalının 1929-cu il sentyabr sayında Andrey Platonovun "Tərəddüdə qapılan Makar" adlı hekayəsi çap olunur. Əsərdə dövlət aparatının fəaliyyətinə kəskin satira duyulurdu.
Kolxoz sədri tərəfindən cərimələnən kəndli Makar Qanuşkin həmin məbləği ödəyə bilməkdən ötrü Moskvaya yollanır ki, bir az pul qazansın. Gecələdiyi məkanda o, proletar Pyotrla tanış olur.
Milis şöbəsinin növbətçi əməkdaşı Makarla Pyotru Ruhi Xəstəliklər İnstitutuna göndərir. Orada onlar Leninin kitabına rast gəlirlər və Pyotr onu Makara oxuyur. Leninin yazdığı: "Bizim qurumlar – pox-püsürdür" cümləsini Pyotrun dilindən eşidən Makar bunu yazan rəhbərin necə dəqiq fikir yürütdüyünə heyrətlənir. "Bizim qanunlar da – pox-püsürdür. Yaratdığımız qurumlarda yuxarı başda əyləşən kəslər bizə düşmən kəsiliblər, bəzi yoldaşlarımız isə əsl əyana çevriliblər və lap axmaqlar kimi çalışırlar…"
Digər xəstələr də uca səslə oxunan bu mətnə qulaq verirlər və məlum olur ki, Leninin hər şeydən xəbərdar olduğunu onlar indiyədək bilmirmişlər.
Fəhlə-kəndli təbəqəsindən olan bu xəstələr bir ağızdan deyirlər: "Doğru deyir!.."
Buna görə bizi dara çəkənlərin haqlı sayılacağına heç şübhə etmirəm…"
V.İ.Leninin 2 mart 1923-cü ildə diqtə elədiyi "Az olsun, yaxşı olsun" məqaləsinin məğzini Platonov öz hekayəsində belə vermişdi. Rəhbərin bu və bundan əvvəlki "Fəhlə-Kəndli Müfəttişliyini yenidən necə qurmalıyıq?" adlı məqaləsi sırf İosif Stalinin əleyhinə yazılmışdı.
Stalin "Tərəddüdə qapılan Makar" hekayəsini oxumuş və onu zərərli əsər saymışdı. O vaxt "Oktyabr" jurnalının redaktoru vəzifəsini icra edən Aleksandr Fadeyev Rozaliya Samoylovna Zemlyaçkaya ünvanladığı məktubunda yazırdı:
A.Platonovun bu yaxınlarda çapa gedən "Tərəddüdə qapılan Makar" hekayəsinin ideoloji baxımdan ikimənalı olması o vaxt diqqətimdən yayınmamışdı və bu anarxist hekayəyə görə Stalindən ağır tənbeh eşitdim.."
RAPP-ın rəhbərlərindən sayılan L.Averbax həmin jurnalın noyabr nömrəsində çap etdirdiyi "Əngin miqyaslar və xırdaçı Makarlar" başlıqlı məqaləsində Platonovun humanizmini tənqid eləmişdi. Averbaxın gəldiyi qənaətə görə, "bu dünyada proletariatın sinfi nifrəti qədər səmimi sayılacaq ikinci bir duyğu tapılmaz".
Məqalənin sonluğunda yazara aşkar xəbərdarlıq səslənirdi: "Sovet yazıçısı olmağa niyyətli qələm sahibləri başa düşməlidirlər ki, nihilist özbaşınalıq və anarxist-fərdiyyətçi fronda (prinsipsiz qərəzçilər və ya müxalifət – A.Y.) da faşist şüarları bağıran açıq əksinqilabçılıq qədər proletar inqilabına yaddır. Artıq A.Platonov da bunu anlamalıdır".
Averbaxın məqaləsinə redaksiya tərəfindən yazılan qeyddə bildirilirdi ki, "sözügedən hekayənin jurnalda çapı səhv addım olub". Bu rəyi paylaşanlar sırasına Aleksandr Serafimoviç, Aleksandr Fadeyev və Mixail Şoloxov da daxil imiş.
Əslində "Tərəddüdə qapılan Makar" hekayəsində Platonov Stalinin fəaliyyəti ilə bağlı mövzuya toxunmağa imkan tapmışdı… Sonuncu bölümdə Pyotr və Makar Fəhlə-Kəndli Müfəttişliyində işə girirlər, lakin son nəticədə yalnız Lev Çumovoy orada qalıb, işləməyinə davam edir: "Və o, həmin qurumda çox işlədi, ta hökumətin likvidasiyası (ləğvi, ortadan qaldırılması – A.Y.) üzrə komissiya yaradılana qədər".
Platonov bununla demək istəyirdi ki, belə ölkənin hər hansı gələcəyi yoxdur…
1930-cu ilin martında Voronej quberniyasındakı kolxozları gəzəndən sonra yazdığı "Vprok. Yoxsulluğun xronikası" adlı povestinə görə A.Platonov görünməmiş dərəcədə ağır suçlamaların hədəfinə çevrildi (Qeyd: "vprok" rus dilində işləndiyi yerə görə "fayda", "yarar" və ya "yedək", "ehtiyat" mənasına gəlir. Uyğun söz olmadığı üçün tərcümədə orijinal adı saxlanılmışdır – A.Y.).
Təqdim olunan hadisələrin cərəyan etdiyi vaxt əsərin ilk cümləsindən də aşkar sezilməkdədir. Povestin sonluğunda isə hadisələrin baş verdiyi məkan kimi Ostroqoj rayonundakı real kəndlərin adları (Olşanı, Qumm, Pisarevka, Osipovka, Rıbinskaya, Aleksandrovka) sadalanır, hökumətin orada zorla kolxoz və kənd təsərrüfatı artelləri qurmasından söz edilir.
"Vprok" povestində səslənən fikirlər əslində partiya funksionerlərinin dedikləriylə birə-bir səsləşirdi. Təsadüfi deyil ki, "Tərəddüdə qapılan Makar" hekayəsi kimi, bu povestin də nəşrinə məhz Aleksandr Fadeyev izn vermişdi. Lakin bu dəfə "Oktyabr" jurnalında yox, "Krasnaya nov" jurnalının 1931-ci il üçün 3-cü sayında.
Hətta povestin sonuncu abzasında açıqlanan fikir də onun tənqidi gücünü azaltmağa qadir deyildi: "İnanıram ki, tezliklə, yəni ömrümüz bitmədən kommunizm zəfər çalacaq və həm indiki, həm də gələcək düşmənlərimizin məzarı başında biz öz silahdaşlarımızla təkrar görüşəcək və bütün bu baş verənləri saf-çürük edəcəyik".
Povestin mətnini diqqətlə araşdıran İosif Stalin öz narazılığını Fadeyevə bu dəfə daha qaba şəkildə bildirmişdi.
V.P.Polonskinin və V.A.Sutırinin xatirələrində deyilir ki, Stalin "Vprok" povestini "alçaq əsər" adlandırıbmış. Bundan hədsiz dərəcədə təlaşlanan Aleksandr Aleksandroviç Fadeyev "Bir qolçomaq xronikası barədə" yazısında Platonovu "amansız qolçomaq hiddətiylə tövşüyən düşmən" kimi qələmə vermişdi.
Bu cür "yersiz düşükləmələr" Fadeyevi özündən çıxarırdı. O, "mənasız, küt və heyvani yumor" saydığı belə şeylərdən hürkürdü.
Onun Platonova qarşı suçlaması heç də təsadüfi deyildi. Marksizm nəzəriyyəçilərindən İ.Nusinov 1930-cu ildə Kommunist Akademiyasındakı çıxışı zamanı bildirmişdi ki, proletariat yumor hissindən sadəcə məhrum deyil, o, bu hissə heç vaxt sahib olmayacaqdır. Hakimiyyət uğrunda mübarizə apardığı müddətcə proletariat ancaq hiddətdən gülə bilər, düşmənlərə qalib gələndən sonra isə o, gülməyə hər hansı ehtiyac duymayacaq, çünki onun gülüşü də islah olunacaq".
"Vprok" povesti barədə növbəti məqalə "Andrey Platonov nədə "tərəddüd" edir? " başlığı altında "Literaturnaya qazeta"nın 10 iyun 1931-ci il tarixli nömrəsində Aleksey Pavloviç Selivanovski tərəfindən çap etdirilir.
12 iyun 1931-ci ildə "Kommunist maarifi uğrunda" jurnalında D.Xaninin çap etdirdiyi "Kolxoz kəndinə iftira" adlı yazı daha kəskin xarakter daşıyırdı.
"Proletar avanqardı" qəzetinin ikinci sayında P.Berezovun imzasıyla çap olunan "Maskalanmış" başlıqlı yazı da Platonov barədə hökm çıxartmaq məqsədi güdürdü.
"Ədəbiyyatın keşiyində" jurnalının 1931-ci il üçün 18-ci sayında İ.Makaryevin "Böhtan" adlı məqaləsi sərtliyinə görə bunlardan əsla geri qalmırdı.
Bütün həqiqət isə Aleksandr Fadeyevin aşağıdakı sözlərindən sezilməkdədir: "Bizim "ipəyatmaz" Andrey Platonov isə sadəcə öz Çayanovunun qolçomaq utopiyasını yaymaqla məşğuldur".
Stalinin kollektivləşmə siyasətinin formalarını və vüsətini rədd edən Platonov əmin idi ki, bütün bunlar rus insanının ruhunu öldürür, ona sərbəst düşünməyi yasaqlayır və dönə-dönə bu fikri aşılayır ki, onun qarnını doyurmaq da, hətta dişlərini fırçalamaq da yalnız partiya rəhbərliyinin işidir".
"Vprok" povestində yazar göstərir ki, "Təltifli qəhrəmanlar" kənd təsərrüfatı arteli və digər təşkilatlar məhz Çayanovun təklif etdiyi prinsiplər əsasında qurulub: "Təsərrüfat həyatının bütün iştirakçılarını ştat üzrə gündəlik qazancdan asılı vəziyyətə salan kommunizm sistemi bu yolla onları görülən işə görə həvəsləndirmədən məhrum edibdir… Həvəsləndirmənin yoxluğu isə icraçılarla yanaşı, istehsalat işinin təşkilatçılarına da (rəhbərlərinə də) öz təsirini göstərib və bütün digər məmurlar kimi, artıq onlar da ümumilikdə təsərrüfat fəaliyyətinin təkmilləşdirilməsində, təsərrüfat (idarəetmə) aparatının dəqiq və nöqsansız işləməsində maraqlıdırlar və ümumi işin nəticələri daha onları zərrəcə maraqlandırmır. Onların görülən işdən aldıqları təəssürat isə işin özündən daha vacibdir".
Ən müxtəlif artellərdə çalışan real kolxozçularla görüşlər zamanı yazar bu adamları az qala uşaq kimi alqılamışdı, çünki onların bir çox davranışlarından infantillik (inkişafdan qalmışlıq və ya gerilik - A.Y.) yağırdı.
Bu isə totalitarizmin aşkar əlamətiydi. Bir tərəfdə – millətlərin atası, ulu rəhbər vardı. Digər tərəfdə isə – sıravi icraçılar, vintciklər və zivanalar. Kondrovla bağlı epizodda onun dedikləri də məhz bu ideyaya xidmət edir: "Onun hər sözü adamın zehnində əks-səda doğurur, onları oxuyanda elə bil sərin su içirsən: yalnız yoldaş Stalin fikirlərini bu cür səlis açıqlaya bilər!"
Platonovu bir sıra cinayətlərdə suçlayan Fadeyev onun yol verdiyi yaramazlıq və küfrlərə birini də əlavə edir:
"…O dərəcədə sırtıqlaşıb ki, hətta Lenin barədə söz düşəndə də o, ən naxoş və iyrənc atmacalara yol verir! "
Bu yerdə Stalinin adını çəkməyə əlində hər cür əsas olsa da, Fadeyev bunu etmir. Çünki "Vprok" povestinin qəhrəmanlarından biri olan Uloyevin arzuları buna maneçilik törədir: "Bizə, eynilə Lenin kimi, ancaq diri bir rəhbər lazımdır… Qoy bu toxum səpinini bitirim, gedəcəyəm Stalini görməyə, çünki onu özüm üçün bir ilham qaynağı sayıram. Ondan sonra geri dönüb, ömrüm uzunu arxayın yaşayacağam".
Povesti oxuyan hər kəsə əvvəlcədən bəlliydi ki, rəhbərin ziyarətinə yollanan bu cür adamlar mütləq ya türməyə, ya da ruhi xəstəxanaya salınırlar.
1931-ci ilin iyununda Platonov, çox yəqin ki, yüksək vəzifəli qələm yoldaşlarının güclü təzyiqi altında Stalinə bir tövbə məktubu yazır.
Məktubda deyilirdi: "Krasnaya nov" jurnalında mənim "Vprok" povestim çap olunub. Onu bir il əvvəl bitirmişdim. RAPP rəhbərliyindəki qələm dostlarım bu əsərimi ideoloji cəhətdən zərərli saymaqdadırlar. Əsəri təkrar oxuyandan sonra, bir çox məsələlərə öz baxış bucağım da dəyişdi və anladım ki, əsər üzərində işləyərkən mən qeyri-ixtiyari həm özüm, həm də istənilən proletar adamı üçün tamamilə yad sayılacaq elementlərə – qolçomaq ruhuna, acı kinayələrə, ikibaşlı ifadələrə, oyunbazlığa, saxta üslubçuluğa və sairəyə yol vermişəm. Nəticədə həqiqətən də zay və ziyanlı bir əsər ortaya çıxıb və onun kolxoz hərəkatına yalnız zərər vuracağı şübhəsizdir. Halbuki kolxoz hərəkatı – inqilabın ən dəyərli, necə deyərlər, "min bir əziyyət tələb edən" bəhrəsidir. Bu nailiyyət, eynilə körpə uşaq kimi, çox böyük, gərgin əmək və son dərəcə həssas yanaşma tələb edir. Qısaca onu etiraf edirəm ki, mənim əsərim nədənsə əksinqilabçı təbliğat ruhunda alınıb…"
Andrey Platonovun həm özünün, həm də ədəbi qəhrəmanlarının Stalinlə dialoq qurmaq cəhdləri həm nəsrdə, həm də həyatda lap əvvəldən iflasa, uğursuzluğa məhkum idi…
Yazarın məktubuna iqtidarın verdiyi reaksiya da bunu bir daha sübüta yetirməkdədir…
Azərbaycan dilinə çevirdi – Azad Yaşar
Azadliq.org/ Oxu Zalı